Özbəkistanda pedofillər üçün edam cəzası tətbiq edilə bilər

Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva pedofillər üçün ölüm cəzasının tətbiq edilməsinin tərəfdarıdır.

Teleqraf xəbər verir ki, o, uşaqlara qarşı xüsusilə ağır xarakterli cinsi cinayətlərə görə cəzanın sərtləşdirilməsini təklif edib.

PA rəhbəri qeyd edib ki, belə cinayətlərə görə ölüm cəzası tətbiq edilə bilər:

“Fikrimcə, belə dəhşətli cinayətlərə görə ölüm cəzası tətbiq olunmalıdır. Amma təəssüf ki, qüvvədə olan qanun bunu nəzərdə tutmur”.

Səidə Mirziyoyevanın sözlərinə görə, müvafiq dövlət qurumlarına tapşırıqlar verilib, hakimiyyət artıq bu cür cinayətlərə görə məsuliyyətin gücləndirilməsi məqsədilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayır.

Özbəkistan rəsmisi həmçinin vurğulayıb ki, məsuliyyət yalnız cinayətin birbaşa iştirakçılarının deyil, həm də səhlənkarlığa yol vermiş və uşağın təhlükəsizliyini təmin etməmiş şəxslərin üzərinə düşməlidir:

“Cinayətkar son dərəcə sərt cəzaya məruz qalacaq. Həmçinin buna yol verən, səhlənkarlıq göstərən və uşağı qorumayan hər kəs də məsuliyyət daşıyacaq”.

Açıqlama Özbəkistanın Namanqan vilayətində uşaq bağçasında beş yaşlı qıza qarşı cinsi zorakılıq faktı ilə bağlı cinayət işinin başlanması fonunda verilib. Yerli KİV-in məlumatına görə, şübhəli şəxs uşaq bağçasının anbar rəhbəri olub. O, həbs edilib.