Zeynal Əmrəliyev:Türkiyənin aktiv rolu Suriyada kürd silahlı dəstələrini kənarlaşdırdı
ABŞ Suriyada ictimai asayişin bərqərar olunmasında maraqlıdır
Suriyada baş verən hərbi-siyasi proseslər ölkədə qüvvələr balansının sürətlə dəyişdiyini açıq şəkildə göstərir. Xüsusilə ölkənin şərqində aparılan əməliyyatlar fonunda Suriya ordusu strateji əhəmiyyətə malik Əl-Ömər neft yatağını və Koniko qaz yatağını nəzarətə götürüb. “Clash Report”un yaydığı məlumata görə, Deyr əz-Zorun şərqində yerləşən Əl-Ömər Suriyanın ən böyük neft yatağı, Koniko isə ölkənin ən vacib qaz obyektlərindən biridir. Bu inkişaflar mərkəzi hökumətin iqtisadi və hərbi mövqelərini gücləndirməklə yanaşı, Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı aparılan əməliyyatların yeni mərhələyə keçdiyini göstərir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında əməliyyatın böyük ehtimalla Suriyada Suriya Demokratik Qüvvələrinin, yəni kürd silahlı qruplaşmalarının nəzarətində olan ərazilərin mərkəzi hökumətin nəzarətinə keçməsi ilə nəticələnəcəyini söyləyib:

"Aydın görünür ki, bu qruplaşmaların nə xaricdən, nə də daxildən ciddi dəstəyi qalıb. Onlar daxildə sosial bazalarını demək olar ki, tamamilə itiriblər. Bunun əsas səbəbi ondan ibarətdir ki, bu qruplaşmalar xarici dəstəyə həddindən artıq güvənirdilər və bir növ eyforiyaya qapılmışdılar. Guya hər nə baş versə belə, ABŞ və İsrail onları mütləq müdafiə edəcək. Lakin Türkiyənin Suriyada oynadığı aktiv rol onları faktiki olaraq kənar vəziyyətə saldı. Nəticə etibarilə bu gün biz Suriya mərkəzi hökumətinin uğurlu hərbi əməliyyatlarının şahidi oluruq. Eyni zamanda, onlar daxildə də dəstək qazana bilmədilər. Ərəb qəbilələrinin yaşadığı bölgələrə doğru irəliləməyə və bu əraziləri nəzarət altına almağa cəhd göstərirdilər. Lakin burada da sosial bazaları zəif idi və istədikləri nəticəni əldə edə bilmədilər".
Politoloq bu gün insanların mərkəzi hökumətin əsgərlərini böyük coşqu ilə qarşıladıqlarını deyib:
"Bunun səbəbi kürd silahlı dəstələrinin hətta kürdlərin yaşamadığı ərazilərə-məsələn, Deyr əz-Zor kimi ərəb şəhərlərinə doğru irəliləmələridir. Əl-Ömər neft yatağı və Koniko qaz yatağının nəzarətə götürülməsi mərkəzi hökumətin mövqelərini daha da gücləndirəcək. Bu isə, əslində, ABŞ-nin bölgədəki maraqlarının təmin olunmasına xidmət edir. Belə görünür ki, ABŞ Suriyada ictimai asayişin bərqərar olunmasında maraqlıdır. Ehtimal ki, o, ölkənin enerji siyasətində də aktiv şəkildə iştirak edəcək".