İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Prezidenti Donald Trampın SEPAH-la Vaşinqton arasında qeyri-rəsmi əlaqə kanallarının olduğu bəyanatını təkzib etməsinə baxmayaraq, İraq kürdlərinin yüksək səviyyəli mənbələri tərəflər arasında mesajların ötürüldüyünü təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.
Kanalın mənbələri bildiriblər ki, prosesə İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani rəhbərlik edir:
“Bərzani ABŞ və İran arasında vasitəçilik rolunu martın əvvəlindən oynamağa başlayıb. Bu, ABŞ və İsrailin Tehrana qarşı hava zərbələrinə başlamasından bir neçə gün sonraya təsadüf edib. Həmin vaxt amerikalı və iranlı rəsmilərin birbaşa əlaqə saxlaması çətin idi”.
Mənbələr həmçinin qeyd ediblər ki, Bərzani tərəflər arasında gərginliyin azaldılması məqsədilə yüksək səviyyəli amerikalı və iranlı rəsmilərlə görüşüb: “Nəçirvan Bərzani İraqın paytaxtı Bağdadda SEPAH-ın “Qüds” qüvvələrinin komandanı general İsmayıl Qənini iki dəfə qəbul edib”.
Kürdlərin lideri avqust və iyulda Qəni ilə görüşüb və tərəflər arasında gərginliyin azaldılması məqsədilə gizli kanallar vasitəsilə ABŞ və İran arasında mesajlar ötürüb.
Vasitəçilik səylərinə baxmayaraq, dünən İrandan Kürd Muxtariyyətinin rəhbərinin və Təhlükəsizlik Xidmətinin (“Parastin”) ofislərinə dron hücumları həyata keçirilib. “Al-Arabiya” vurğulayıb ki, bu hücumların Bərzaninin vasitəçilik roluna mənfi təsir göstərməsi mümkündür.
Mənbənin sözlərinə görə, Bərzaninin rəhbərlik etdiyi vasitəçilik prosesi ciddi məxfilik şəraitində həyata keçirilir və bunun nəticəsində İranın Kürd Muxtariyyətinin ərazisinə hücumlarının azaldılmasına nail olunub.
Nəçirvan Bərzani Suriya ilə İraq arasında da vasitəçilik rolunu oynayır. Bu prosesə də ABŞ tərəfindən dəstək verilir.