Ukrayna ABŞ-dən sülh planı ilə bağlı hələ rəsmi cavab almayıb

"ABŞ-dən sülh planına dair son təkliflərə hələlik rəsmi reaksiya almamışıq, lakin bir sıra mesajlar artıq danışıqlar komandası vasitəsilə qarşı tərəfə ötürülüb".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində deyib.

“Bütün siqnalları alıram və bu gündən etibarən başlayacaq dialoqa hazıram. Bu gün Berlində Ukrayna–ABŞ gündəmli görüşlər keçirilir. Şübhəsiz ki, Almaniya kansleri Fridrix Mertslə ayrıca görüşüm olacaq, axşam saatlarında isə bir sıra digər Avropa liderləri ilə də görüşlər planlaşdırılır”, – Zelenski bildirib.

Ukrayna lideri ABŞ Prezidenti Donald Trampın sülh planı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. Tramp daha əvvəl Zelenskinin planın bəzi variantlarından narazı qalan yeganə tərəf olduğunu demişdi. Zelenskinin sözlərinə görə, sülh planının yekun variantı heç vaxt hamını tam qane etməyə bilər.

“Planın müxtəlif formatlarında kompromislər mövcuddur. Planla bağlı son şərhlər və dəyişikliklər ABŞ-yə göndərilib. Ən vacibi, sənədin ədalətli olmasıdır, ilk növbədə Ukrayna üçün, çünki müharibəni Rusiya başlayıb. Eyni zamanda plan real və işlək olmalıdır, sadəcə kağız üzərində qalmamalıdır. Bundan əlavə, plan elə hazırlanmalıdır ki, onun imzalanmasından sonra Rusiyanın Ukraynaya qarşı yeni bir təcavüzə başlaması mümkün olmasın”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" Zelenskinin Avropa tərəfdaşları ilə birlikdə Trampın sülh planına cavab strategiyası hazırladığını yazmışdı. Məlumata görə, bu strategiya "bəli, amma" adlanan yanaşmanı nəzərdə tutur və Ukraynaya ABŞ-nin sülh təşəbbüsünü dəstəkləməyə imkan verir, eyni zamanda ölkə daxilində siyasi mövqelərə zərər vermir.