Ən yaxşı variant ABŞ, Avropa Birliyi və Türkiyənin birgə vasitəçiliyi ilə sülh, ya da atəşkəs ola bilər
"Amma hazırkı gedişat davam etsə, ukraynalılar nəticə əldə etmiş millət deyil, şikayət edən millət olacaq”
"Dünya indi açıq şəkildə hiss edir ki, müharibəni dayandırmaq üçün fürsət var və buna görə də aktiv danışıqlar Rusiyaya təzyiqlə dəstəklənməlidir". Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib. Zelenski qeyd edib ki, Avropanın Ukraynanın müdafiəsində və müharibədən sonrakı təhlükəsizliyin təmin edilməsində fəal iştirakı indi vacibdir: "Biz müharibəni bitirmək üçün səylərimizi maksimuma çatdırırıq. Ukrayna tərəfində heç bir maneə və ya gecikmə olmayacaq. Biz tamamilə konstruktivik, tərəfdaşlarımızla çox çevik işləyirik və hamı, o cümlədən ABŞ tərəfi bunu qeyd edib". BMT Baş katibi Antonio Quterreş deyib ki, ABŞ-nin vasitəçilik etməsinə baxmayaraq, Rusiya və Ukrayna ilə əldə olunan razılaşmalar bir-biri ilə uyğun gəlmir. Onun sözlərinə görə, bir razılaşma Rusiya ilə, daha sonra Ukrayna ilə imzalanır və bunlar bir-birinə uyğun gəlmir: "Daha sonra tərəflər yenidən Rusiyaya qayıdırlar. Hesab edirəm ki, hələ də münaqişənin həlli yolundan çox uzağıq".
Böyük Britaniya Baş nazirinin sözçüsü Sofi Nazemi deyib ki, Rusiyanın Avropanın müharibə istəməsi ilə bağlı iddiası cəfəngiyyatdır: "Avropa ölkələri beynəlxalq hüquq çərçivəsində Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyir. NATO istənilən təhdidlərə birgə və qətiyyətlə cavab verməyə hazırdır". Finlandiya Baş naziri Petteri Orpo da deyib ki, Finlandiya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil, lakin təhlükəsizlik tədbirlərinin təşkilində iştirak etməyə hazırlaşır. Onun sözlərinə görə, praktikada real təhlükəsizlik zəmanətlərini böyük Avropa ölkələri və ABŞ verməlidir: "Təhlükəsizlik zəmanətləri olduqca ciddi məsələdir. Biz təhlükəsizlik zəmanəti verməyə hazır deyilik, lakin təhlükəsizliyin təşkilində kömək edə bilərik". “Finlandiya Ukraynaya öz əsgərlərini göndərə bilərmi” sualına cavabında o bildirib ki, Helsinki Rusiya ilə toqquşma riskinə getmək istəmir. Belçikanın Baş naziri Bart de Vever bildirib ki, Qərbdə heç kim Rusiyanın Ukrayna ilə müharibədə uduzacağına inanmır. Veverə görə, indiyə kimi heç vaxt başqa bir ölkənin dondurulmuş aktivləri oğurlanmayıb: "Hətta İkinci Dünya müharibəsi zamanı belə Almaniyanın vəsaitləri müsadirə edilməyib, yalnız dondurulub. Müharibənin sonunda uduzan dövlət qaliblərə kompensasiya ödəmək üçün bu aktivlərdən tamamilə və ya qismən imtina etməlidir. Bəs Rusiyanın Ukraynada uduzacağına kim inanır? Bu, mifdir, tam bir illüziyadır".
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, mövcud durum müharibənin başladığı dövrdən daha ağırdır. Çünki hər iki tərəf ciddi itki verib. Onun sözlərinə görə, istənilən münaqişədə qurbanların artması ilk mərhələdə sülhü çətinləşdirir:
"Hər iki tərəf "güzəşti" verilmiş qurbanların ruhuna xəyanət kimi qəbul edir. Amma onların sayı və ümumiyyətlə məruz qalınan maddi və s. itkilər müəyyən həddi keçdikdən sonra intiqam hissinin yerini bezmişlik hissi almağa başlayır. Bu, sülhü olmasa da, müharibənin dayanması ehtimalını artırır. Danışıqların ABŞ, AB və ya Türkiyənin iştirakı ilə Ukrayna və Rusiya arasında olması daha məntiqli olardı. Amma belə deyil. Ukrayna-Rusiya müzakirələrinin ABŞ ilə Rusiya arasında aparılması qəribədir və Ukraynanın müstəqilliyini qorumaq üçün Rusiya ilə müharibə strategiyasına ziddir. Yəni onun taleyinə sanki başqası qərar verməyə çalışır. ABŞ Rusiya ilə çox güman ki, sadəcə Ukrayna məsələsini deyil, Venesuela, Çin, Yaxın Şərq və s. məsələləri də müzakirə edir. Yəni Ukrayna bu müzakirələrin tək mövzusu deyil, hətta ola bilsin ki, digər və daha strateji məsələlər üçün həm də alver mövzusudur. Müharibənin əvvəlində, Ukrayna bu qədər itkiyə məruz qalmadan öncə Türkiyə tərəfləri sülhə yaxınlaşdıranda Qərbdəki müttəfiqləri onu şantaj etməyə başladılar ki, "sən Ukraynanı satırsan". Az qala belə təbliğat aparırdılar ki, guya "Ukrayna müttəfiqlərinin dəstəyi ilə Rusiyanı darmadağın etmək üzrədir, amma Ərdoğan dostu Putini xilas etmək üçün müharibəni dayandırır". Amma indi Ukrayna daha ağır şərtlərlə sülhə məcbur edilməyə çalışılır".
A.Aslanlı qeyd edib ki, müharibə Ukrayna milli kimliyinin, bu ölkədə vətənpərvərlik ruhunun inkişafı baxımından müsbət rol oynadı:
"Amma hazırkı gedişatın davam etməsi "qəhrəman ukraynalı" obrazının "məzlum ukraynalı" obrazına çevrilməsinə səbəb ola bilər. Ukraynalılar nəticə əldə etmiş millət deyil, şikayət edən millət olmağa doğru gedə bilər. Ukrayna üçün daha vacib olan sülh deyil, atəşkəs razılaşmasıdır. Bu razılaşmada indikindən daha artıq ərazi Rusiyanın nəzarətində qalsa belə əsas olan bunun hüquqiləşməməsidir. Ümumiyyətlə, Ukrayna üçün ən əlverişli sülh ABŞ, Avropa Birliyi və Türkiyənin birgə vasitəçiliyinin yarada biləcəyi sülh, ya da atəşkəs ola bilər. Bunlardan birinin təkbaşına Rusiyaya Ukrayna üçün daha sərfəli atəşkəsi qəbul etdirmə ehtimalı zəifdir".