Ukraynanın Buça şəhərində Rusiyanın PUA hücumu nəticəsində baş verən güclü partlayış və yanğınla bağlı araşdırma başlanıb. Hücum zamanı azı 27 nəfər ölüb, 42 nəfər yaralanıb.
Sherg.az xəbər verir ki, ilkin məlumatlara görə, partlayışın təsirini gücləndirən amillərdən biri müəssisənin ərazisində partlayıcı maddə və sursatların saxlanılması olub. Ukrayna Baş Prokurorluğu sursatların qanuni şəkildə və təhlükəsizlik tələblərinə uyğun saxlanılıb-saxlanılmadığını araşdırır.
Ukrayna Prezidenti Volodimir Zelenski də sursatların yaşayış evləri və digər məskunlaşma ərazilərinin yaxınlığında saxlanılmasının yolverilməz olduğunu bildirib.
Hücum nəticəsində yanğın yaxınlıqdakı yaşayış evlərinə də keçib, 381 nəfər ərazidən təxliyə edilib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya cümə axşamından şənbə səhərinədək ölkəyə 267 PUA ilə yanaşı, “Oniks” gəmiəleyhinə və “İsgəndər” ballistik raketləri də buraxıb.