Venesuela ABŞ-nin təsiri ilə Gürcüstanla bağlı yanlış qərarını geri götürə bilər - RƏY

Venesuela ilə Gürcüstan arasındakı münasibətlər beynəlxalq hüquq və siyasi kontekst çərçivəsində diqqət çəkir. Ötən illərdə Venesuelanın bəzi qərarları, xüsusilə Rusiya ilə münasibətlərdən təsirlənən addımlar, regionda və beynəlxalq səviyyədə hüquqi və siyasi nəticələrə səbəb olub. Maduronun gedişindən sonra ölkədə yeni siyasi dinamika müşahidə olunur. 

Bir neçə gün öncə Cenevrədə keçirilən diplomatik görüş zamanı Gürcüstan nümayəndələri Venesuelaya Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyinin tanınması ilə bağlı mövqelərini çatdırıblar. Tbilisi 2009-cu ildə qəbul edilmiş qərarın beynəlxalq hüquq baxımından müzakirə oluna biləcəyini qeyd edib. 

Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında Venesuelanın həmin dövrdə qəbul etdiyi qərarın Rusiya ilə olan yaxın münasibətlərindən qaynaqlandığını söyləyib:

"Maduronun gedişindən sonra isə ölkədə sistem dəyişib. Komanda yerində qalsa da, hakimiyyəti vitse-prezident idarə etsə də, artıq müəyyən dəyişiklik prosesi başlayıb. Bu proses daha çox Qərblə əməkdaşlığa yönəlib.

2009-cu ildə Venesuela hakimiyyəti yanlış qərar qəbul edərək Gürcüstana məxsus qanuni ərazilərin Rusiyanın işğal etməsini faktiki olaraq tanıyıb. Bu isə qanunsuzdur və birbaşa beynəlxalq hüquqa ziddir.

İndi Gürcüstan Venesuelanın mövcud vəziyyətini bir fürsət kimi dəyərləndirərək həmin tanınmanın geri götürülməsi və beynəlxalq hüquqa uyğun addımlar üçün şəraitin yarandığını göstərmək istəyir. 

Bu, asan başa gəlməyəcək. Ancaq ABŞ-nin təsiri altında Venesuela təkcə Gürcüstanla bağlı deyil, digər ölkələrlə əlaqədar da vaxtilə verdiyi yanlış qərarları geri götürə bilər. Çünki yeni komandanın qarşısında ABŞ-nin də açıq tələbləri olacaq: sanksiyalardan yaxa qurtarmaq istəyirsənsə, beynəlxalq hüquqa qayıtmalı və hərəkətlərini onun çərçivəsində həyata keçirməlisən".

Politoloq Maduronun ABŞ-yə aparılmasına da münasibət bildirib:

"ABŞ-nin Maduronu ölkədən çıxarması beynəlxalq hüquqla təsbit olunmayıb. Bir dövlət başçısının zorla aparılması hüquqa ziddir. Lakin bu addım Venesuelaya müəyyən mənada şans vermiş ola bilər. Əgər mövcud hakimiyyət bu vəziyyəti düzgün qiymətləndirsə, bu, Venesuelanın xeyrinə olacaq. Əks halda isə nəinki münasibətlərin bərpası mümkün olmayacaq, əksinə, Venesuelaya qarşı tətbiq olunan sərtləşdirilmiş sanksiyalar qüvvədə qalacaq".