CAVİDAN 7 ŞEİR KİTABI, SÖZLƏRİNƏ BƏSTƏLƏNMİŞ MAHNILARDAN İBARƏT DİSKİN MÜƏLLİFİDİR. SÖZLƏRİNƏ YÜZƏ YAXIN MAHNILAR BƏSTƏLƏNMİŞ, MAHNILARI DƏFƏLƏRLƏ MÜSABİQƏLƏRDƏ QALİB OLMUŞDUR. MAHNILARI RƏŞİDƏ BEHBUDOVA, NAZPƏRİ DOSTƏLİYEVA, SEVDA VƏ EMMA ƏLƏKBƏRZADƏLƏR, NURİ SƏRİNLƏNDİRİCİ, ZAMİQ HÜSEYNOV, NURA SURİ, RƏQSANƏ İSMAYILOVA, XATİRƏ İSLAM, RUHƏNGİZ ALLAHVERDİYEVA, XURAMAN ŞUŞALI, İLHAMƏ QASIMOVA, AYSUN İSMAYILOVA, XATUN, SAMİR BAĞIROV, SAMİR CAVADZADƏ VƏ S. TANINMIŞ MÜĞƏNNİLƏR TƏRƏFİNDƏN İFA EDİLMİŞDİR. MAHNILARI DƏFƏLƏRLƏ “V&V COMPANY”TƏRƏFİNDƏN KEÇİRİLƏN “İLİN MAHNISI” NOMİNASİYASI ÜZRƏ QALİB OLMUŞDUR.
ƏSƏRLƏRİ TÜRK, RUS, İNGİLİS, FARS, GÜRCÜ DİLLƏRINƏ TƏRCÜMƏ OLUNMUŞDUR. ƏDƏBİYYATA XALQ ŞAİRİ ZƏLİMXAN YAQUB, XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏ VƏ UNUDULMAZ ŞAİRİMİZ NURƏNGİZ GÜNÜN XEYİR-DUASI İLƏ GƏLMİŞDİR.
2009-CU İLDƏ YENİ AZƏRBAYCAN PARTİYASI TƏRƏFİNDƏN BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ NAMIZƏDLIYI IRƏLI SÜRÜLMÜŞ, BINƏQƏDI RAYONU BINƏQƏDI BƏLƏDIYYƏSINƏ ÜZV SEÇILMIŞ, “GƏNCLƏR, İDMAN VƏ TURIZM MƏSƏLƏLƏRI DAIMI KOMISSIYASI”NIN SƏDR MÜAVINI VƏZIFƏSINDƏ ÇALIŞMIŞDIR. AZƏRBAYCAN YAZIÇILAR BIRLIYININ ÜZVÜ, PREZIDENT MÜKAFATÇISIDIR.
TANIŞ OLAQ, BU MƏNƏM!
Hisslərimdən... utanmıram!..
Eşq...
nifrət...
ehtiras... –
Bu mənəm!..
Gizlətmirəm heç nəyimi!
Birdir üzüm, astarım!
“Nəsənsə, o cür də ol!” –
budur mənim şüarım...
Mən yalanı sevmirəm!
Qəşəng, şirin yalandan
yüz min dəfə yaxşıdır
çirkin, acı həqiqət!
Məni qəzəbləndirir üzəvari ibadət,
üzəvari itaət!
Gizlətmirəm tərzi-həyatımı,
fikrimi,
sözümü...
Barama qozasında gizlənmiş tırtıl kimi
gizlətmirəm özümü!
Mən su kimi şırıl-şırıl axıram,
cığırıma düşmən daşı dolsa da!
Mən günəşin düz üzünə baxıram
parıltısı gözlərimi yolsa da!
Külək kimi əsirəm,
yarpaq kimi əsmirəm!
Mən təklikdən qorxmuram, –
taleyimdən küsmürəm!..
Döyüşkəndir,
dəyişkəndir
içimdəki duyğular! –
Dörd fəsiləm:
baharım var...
yayım var...
payızım var...
qışım var...
Aşinamdır poeziya və şərab...
Məhəbbətdir fəlsəfəm! –
Bu mənəm!..
DALĞALAR
Sevgilim, küləklə çarpışır dəniz,
dalğalar qıvrılır saçların kimi.
Gəzirəm sahili fikirli, sənsiz,
sevgimin bu küskün, bu məlul dəmi...
Sevgilim, yadıma düşürsən yenə:
havada oynadır saçını külək,
açıb qollarını qaçdıqca mənə,
elə bil, uçursan bir qağayıtək.
Səni qucaqlayıb, sıxıb sinəmə,
saçını doyunca qoxlayıram mən.
Sarmaşıq qollarım sarılıb sənə,
buraxmaq istəmir səni sinəmdən.
Sonra ayaqyalın, verib əl-ələ,
dəniz sahilini gəzirik qoşa.
Dəniz dalğalanır, xəyallar ilə
onu seyr edirik verib baş-başa...
İndi sənsiz-sənsiz xəyala dalır,
könlüm bu sahildə axtarır səni...
Elə bil, dalğalar yadıma salır
sularda qərq olan gülüşlərini.
Sənin yoxluğunun səssizliyində
necə qərib gəlir mənə dalğalar.
Dəniz sahilinin sənsizliyində
indi bir mən varam, bir də külək var.
Bu eşqdən yadigar nə qoyduq ki biz?.. –
Bu eşqin quruca nəfəsi vardı.
Qalmışdı sahildə qoşa izimiz,
onu da dalğalar yuyub apardı...
ÖLƏNMİ YAZIQDIR, QALANMI YAZIQ?!..
Get-gedə seyrəlir sıramız bizim,
bir ovuc qalmışıq... nə yaman azıq!..
Soruşaq dünyadan bəlkə, əzizim,
ölənmi yazıqdır, qalanmı yazıq?..
Ömrün əvvəlində çiçəkli bahar,
ömrün axırında qışıq, ayazıq.
Hamının dünyadan gedən günü var!..
Ölənmi yazıqdır, qalanmı yazıq?!..
Allahın işindən baş açammırıq,
biz Onun yanında xeyli dayazıq.
Ölümdən qorxuruq, amma qanmırıq
ölənmi yazıqdır, qalanmı yazıq?!..
SOKRATIN XƏLƏFİ
(elegiya)
(Zati-möhtərəm dədəm Camal Vəli bəy oğlu Mustafayevin unudulmaz xatirəsinə...)
Öldü... Sokratın xələfi, –
o qocaman, pirani zat!..
Sonuncu mogikan təki
öldürdü onu da... həyat!..
Soyuq, qaranqu bir gecə
ruhu uçdu bədənindən...
gözlərimin önündəcə!..
QURTULUŞ!..
Yumdu büllur gözlərini, –
daha görmək istəmədi
bu yalan-palan dünyanı...
iyrənc buqələmunları...
Nifrət etdi!..
Nifrin etdi!..
Lənətlədi!..
Karvanını çəkib getdi...
getdi Süd Yolu boyunca...
aşdı kəhkəşanları...
getdi... o işıq adam,
nur yolunun yolçusu...
Növi-bəşər deyildi sanki, Xudam!..
Bu dünyanın ən qərib,
ən qəraib insanı.
Fəza idi vətəni...
hə, fəza...
bütün fəza!..
Bu dünya – yekparə daş,
osa eynən Prometey, –
zəncirlənmişdi...
CƏZA!..
O, –
ən qədim əsatir...
ən üsyankar həqiqət...
Gözləri – teyxa düşüncə...
İdrakı başqa aləm!..
O, –
xeyir təcəssümü...
vicdan mücəssəməsi...
Allahın sufi dostu...
Dimağı dərya dədəm!..
KİŞİ SEVƏNDƏ ÖLÜR...
Çiçək solanda ölür,
balıq susuz qalanda...
Ulduz sönəndə ölür,
yağış kəsdiyi anda...
Kişi sevəndə ölür,
qadın unudulanda...
ELEGİYA
(Sevgili böyükannəm Nanə xanımın ruhuna ithafən...)
Zaman tələskəndir, qəddardır zaman, –
nə etsən, o illər qayıtmaz geri!..
Uçdu göyərçintək ovuclarımdan
ömrümün ən xoşbəxt, ən xoş illəri!..
Ötənlər, keçənlər düşür yadıma,
bəzən pərt oluram, bəzən peşiman!..
Uzaq xatirələr yetmir dadıma
gözüm o illəri axtaran zaman!..
Bir qadın var idi dünyada bir vaxt,
saçı qarlı idi, qucağı isti.
Mənimçün dünyada ən uca bir taxt,
ən əziz bir yerdi dizinin üstü.
Başımı qoyanda onun dizinə
olurdum bəxtəvər, əziz-ərköyün...
Kaş ki, bir ləhzəlik, bir anlıq yenə
keçmişə qayıtmaq olaydı mümkün!..
Keçmişə qayıtmaq olsaydı, nə qəm!..
Fəqət bu sadəcə quru xəyaldı!..
Mənim nurieynim, mehriban nənəm,
bu dünya səni də əlimdən aldı!..
Hardasan... bir anlıq yanına qaçım,
giley-güzarımı danışım sənə!..
Sənin sığalınçün darıxıb saçım,
saçıma sığal çək, sığal çək yenə...
Kaş görə biləydim yenidən səni,
üzünə həsrətəm nəvaxtdan bəri!..
Heyif, deyəmmirəm qucaqla məni,
axı başdaşının yoxdur əlləri!..
Zaman tələskəndir, qəddardır zaman, –
nə etsən, o illər qayıtmaz geri!..
Uçdu göyərçintək ovuclarımdan
ömrümün ən xoşbəxt, ən xoş illəri!..
MƏNƏ SEVİRƏM DEMƏ!..
Nə vaxtsa ayrılacaq əllərin əllərimdən
ağacdan qopub düşən ikicə yarpaq kimi.
Nə vaxtsa sənin üçün yanacağam, gülüm, mən
bir damcı suya möhtac qupquru torpaq kimi.
Sən özün yanımdasan, cüt göyərçin gözlərin
uçub gedib uzağa... aşiyanı bəllidir.
Mənə sevirəm demə, bilirəm ki, sözlərin
ürəksiz və nidasız adi bir təsəllidir!
ƏBƏDİ SÜBH AŞİQİ...
(Görkəmli şair-publisist Nurəngiz Günün xatirəsinə...)
Ah!.. O qadın –
tanrıçadır qaliba!..
Təcəllası bərq vurur...
Gözləri –
əsrarəngiz...
gözləri –
dərin fəza...
düşüncə xeyməgahı...
Didələri teyxa nur...
* * *
Yorğun gözləri sanki
yol gəlib ta Misirin
ucqar qədimlərindən...
papirus üzərindən...
Nefertiti misalı...
* * *
“Dodağında təbəssüm”,
beretli,
kübar bayan...
Simsiyah gözlərinin ipək üfüqlərində
ulduz seli parlayan...
küsüb getdi bu yalan,
bu hoqqabaz dünyadan!..
Getdi...! –
Susqun bir üsyan!!!
* * *
Əllərini göyə açdı...
GÜNƏŞƏ...
qanad oldu əlləri...
Ayağını yerdən üzdü...
qanadlandı...
uçdu...
uçdu...
uçdu getdi...
göy üzündən o yana...
* * *
İndi onun məskəni –
göy üzündən yuxarı
yamyaşıl, büllur ŞƏHƏR...
Hisarında ürkək gül salxımları.
Ağacları, çiçəkləri nadidə,
sakinləri bəxtəvər...
Nə sürgün var, nə göz yaşı, nə hicran...
nə qəriblik, nə təklik...
İndi əcdadı, nəsli, istəkli adamları
onun yan-yörəsində.
Nə müqəddəs xanədan!..
Sevinir, qanadlanır, –
əziz-xələfdir yenə.
* * *
Dizlərini qucaqlayıb əyləşib
akasiyalar altında.
Gözləri-
cüt göyərçin...
uçur göylər tərəfə.
Göy qübbəsi bərq vurur
çilçıraqlar, avizələr içində.
Gülümsəyir gözləri...
Nə dərin bəxtiyarlıq!..
Necə dinc bir sükunət...
Qırpılır kirpikləri.
Ətrafında uçuşan bəmbəyaz kəpənəklər,
meh əsdikcə titrəşən ətri ənbər çiçəklər,
yarpaqları rəngbərəng, hündür boylu ağaclar
və “qəfəssiz bülbüllər”...
ruhunu sığallayır...
SƏADƏTDİR!
Yuxu deyil,
HƏQİQƏTDİR!
İlğımlar orda qaldı...
Orda...
ölümdən əqdəm...
Ruyində nə məşəqqət,
nə üzüntü var, nə qəm...
İndi o arxayındır,
indi onun üzündə
parıldayır təbəssüm şəfəqləri...–
Allahın yanındadır!..
İndi hər gün, hər səhər
günəşin saptək incə
tazə şəfəqlərindən
geyinir əlbəsələr.
Hər səhər ehtiramla
günəşi salamlayır
o şeir gözlü qadın –
ƏBƏDİ SÜBH AŞİQİ...