“...ancaq akvarium yarada bildi. Vəssalam... "
"Elə onun mətndə özü olan hissə də o akvarium və ya akvarium balıqları oldu”
“Salam bilmədi ki, dünyanın okeanları, dənizləri, çayları var. Çünki gücü çatmadı onları tanısın”
“Sherg.az” şair Emil Rasimoğlu ilə söhbəti təqdim edir.
- Ədəbi mühitimizə kənardan baxsaq, necə görünər? İddialar var ki, ədəbiyyatımız renessans deyil, reanimasiya dövrünü yaşayır...
- Bilirsiniz ümumiyyətlə, ədəbiyyat fərdi məsələdi. Sənət adamı idrak, dərk, ruh, istedad baxımından fərdləşə bilmədisə, kütləvilikdən qopa bilməyəcək. Kütləvilikdən qopa bilməmək də ciddi sənətə xidmət etmir. Amma bu fərdilik sənə yalnız dünyagörüşünün, baxış tərzinin artan silsilədə fərqlilik xarakteri daşınmasından gəlməlidir. Bu gün bu ədəbiyyatda o fərdilik məqamına çatan azdı. Həm də çox az...Gerisi kütləvilikdir...Kütləvilik olan yerdə heç bir tərəqqidən danışmaq olmaz.
-Görünür, məhz kütləviliyə meyllikdən irəli gələrək bu gün ədəbiyyat adamları, məxsusi olaraq müasirləriniz daha çox Feysbukda kütləyə, kütləviliyə “oynayırlar”. Yəni əvvəllər sandıq ədəbiyyatı vardı, indi Feysbuk ədəbiyyatı yaranır, bəlkə də, yaranıb. “Feysbuk ədəbiyyatı” ifadəsi sizdə hansı assosiasiya doğurur və bu, ədəbiyyatdırmı?
- Burada bir sıra məsələləri qarışdırmaq lazım deyil. Öncə onu deyim ki, ya ədəbiyyat var, ya ədəbiyyat yoxdu. Fərq etmir o lələklə yazıldı, ya qələmlə yazıldı ya da ki elə müasir texnologiyanın imkanları ilə. Hamısına ortaq yenə istedaddı , təfəkkürdü. Elmin, texnologiyanın inkişafını danmaq olmaz. Feysbuk da bu günkü dövrün tələbidir, inkişaf göstəricisidir...
-Yaxşı, sanballı ədəbiyyat nümunələri yaranırmı? Məsələn elə 44 günlük zəfərlə bağlı dünyaya çıxacaq bir ədəbiyyat nümunəmiz varmı? Xarici dilə tərcümə olunmalı mətnlər yazılırmı?
- Öncə qeyd edim ki, bu günkü çağımızda sənəti, ədəbiyyatı ifadə edən, xarici dillərə çevrilməli olan kifayət qədər ədəbiyyat nümunələrimiz var və yaranmaqdadır. Bu sualınızın birinci tərəfi. Gələk sualınızın digər tərəfinə. Mən bunu dəfələrlə yazılarımda, şifahi nitqlərimdə qeyd etmişəm. Ədəbiyyat sənin vətəndaş mövqeyindən yarana bilməz. Bu mümkünsüzdü. Biri var məsələlərə vətəndaş kimi fikir bildirəsən, biri də var sənət adamı kimi. Vətəndaşlıqda sən tərəfsən, amma sənət adamı olaraq sən tərəf deyilsən. Bunlar incə məsələdi. Bu gün Vətəndaş olaraq mənim faciəm, uğrum başqadı sənət adamı olaraq tamam başqadı. Sənətdə milli uğur, milli faciə anlayışı yoxdu, bəşəri faciə, bəşəri uğur var. Yəni belə deyək sənətdə insanlıq, bəşərilik və o qatda baş verənlər var. Bu mənada bizdə yaranan milli mövzulu əsərlərin əksəriyyəti ona görə uğurlu alınmır ki, müəllif mətndə vətəndaş kimi çıxış edir, sənət adamı kimi yox. Mövzu dünyəviləşmir. Ədəbiyyatda millətlər, dövlətlər problemi yox, dünyanın, insanlığın problemi var. Məsələn, orada faciəni törədən hər hansı bir dövlətin vətəndaşı yox, insan faktorudu. Faciə hər hansı bir torpaqda yox, həyatda baş verir.
-Azərbaycan Yazıçılar Birliyindən (AYB) nə istəyirsiniz?
- Sualı konkretləşdirək, bəlkə.
-Zaman-zaman AYB ilə bağlı sərt tənqidlərinizə rast gəlirik. Davanız nədir?
-Yazıçılar Birliyi məsələsində istəyim orada başda Anar müəllim olmaqla köklü dəyişikliklərin olmasıdır.
-Şair Salam Sarvanla bağlı da nihilist, tənqidi yazı yazmışdınız. Niyə bəyənmirsiniz axı, siz ondan nəyi daha yaxşı yaza bilərsiniz?
-Doğrudur. Salam Sarvanın yaradıcılığı ilə bağlı bir dönəm bir yazı yazmışdım. Hətta mənə lazım olmayan, gərəksiz səs-küyə də səbəb olmuşdur. O da eybi yox, kütlənin işi səs-küy etməkdir...Salam Sarvanın istedadı, analitik, ədəbi düşüncə tərzi var. Amma böyük sənəti əks etdirəcək mətni, yazısı yoxdur. Bəlkə də, yaratmaq istəyib, amma yarada bilməyib. Salam bir ömür kimlərinsə emalatxanasında yazdı, yaratdı. Material var, enerji var, amma dəzgah, emalatxana yoxdu. Salam ancaq akvarium yarada bildi. Vəssalam... Elə onun mətndə özü olan hissə də o akvarium və ya akvarium balıqları oldu. Salam bilmədi ki, dünyanın okeanları, dənizləri, çayları var. Çünki gücü çatmadı onları tanısın. Mənim Salamdan yaxşı yazmaq məsələmə gəldikdə isə bu gün Salamın qələmi müqayisə deyil, uğursuzluqdur. Söhbət mətndən gedir təbii ki... Salamı qulaqlar sevə bilər, amma dərk mümkünsüz!
-Bəzən şair və yazıçılar oxucunun olmamasından, kitab sənayesinin öləziməsindən gileylənirlər. Sizin oxucu auditoriyanız varmı və ümumiyyətlə, sizi niyə oxumalıdılar ki?
-Bilirsiniz, baxın, Salam Sarvandan söz düşdü. Belə deyək, Salamın şeirlərini qəbul edəcək oxucu kütləsi mənə lazımdı? Tam səmimiyyətimlə deyirəm. Bu gün məsələn, Sabir Rüstəmxanlının, Məmməd İsmayılın, Salam Sarvanın şeirləri və ya Elxan Elatlının nəsri boyunda sənət nümunələrini oxuyan, qəbul edən oxucu kütləsinin heç vaxt arzusunda olmamışam və olmaram da. Bir dəfə bir müsahibəmdə demişdim. Ədəbiyyat kütlənin qəbulu deyil, kütlənin içində fərdlərin qəbuludur. Vaqif Səmədoğlu Səməd Vurğundan qat-qat böyük sənəti əks etdirirdi yazılarında. Amma kütlə kimi böyük bilirdi və ya böyük bilir? Kütlə səsləri, ritmləri sevir, rəngləri oxuya bilmir. Sənət rənglərdi, çalarlardı. Bu baxımdan oxucu istəyində yox, yaratmaq istəyində olmuşam daim. Sən əsərini yarat. Oxucunu zaman özü yaradacaq.
- Ədəbiyyat nümayəndələri arasında parçalanma, qruplaşma aydın hiss olunur. Sırf cəbhələnməyə görə, biri digərinin istedadını danır. Bu, rəqabətdən doğur, yoxsa kin, küdurət və qısqanclıqdan?
-Ümumiyyətlə istedadı danmaq iki səbəbdən olur. Ya mənəvi çatışmazlıqdan, ya da dərk kasadlığından. Parçalanmağa gəldikdə isə bunun müxtəlif səbəbləri ola bilər. Bu həmin şəxslərin mənəvi eləcə də təfəkkür potensialına görə səciyyələnir.
Çalışın, sualı konkretləşdirin.
- Məsələn, sizin ayrı, deyək ki, Şərif Ağayarın da başqa "kruqu" var. Və bəzi hallarda tərəflərin bir-birini bəyənməmə halına rast gəlinir...
-Öncə deyim ki, nə mənim öz “kruqum” var, nə də mən hər hansısa bir “kruqa” daxiləm. Qətiyyən...Şəxsimi tanıyanlar bilir. Hər zaman istedada, uğura, yaranan uğurlu əsərə sevinmişəm. Çünki sənətindi, ədəbiyyatındı. Ədəbi mühitdən kimlərləsə yaxın və ya kimlərləsə uzağamsa, bu sadəcə insan münasibətlərindən qaynaqlanır. Hər istedadla doğma münasibətdə olmaq olmaz ki.. Şərif Ağayarın “kruq”u məsələsinə gəldikdə isə ümumiyyətlə, onun təhlilinə getmək istəmirəm. Bəyənməmək faktoru ondan irəli gəlir ki, Şərif bəy müəyyən qədər istedadlı insandı, amma maraqlara uduzan adamdı. Bu da bir can bəlasıdı. İllah da bir mətbu orqanın rəhbəri üçün... Məsələn, bu adam bilir ki, Məmməd İsmayılın yazdıqları qeyri-ciddi sənətdi. Amma götürüb çap edir. Çünki ədəbi mövqeyi, qətiyyəti yoxdu, maraqlara uduzur. Elə gənclərə də elə yanaşır.
- Yazıçı və şairlərin məişət problemləri, ağır həyat şəraiti də hər zaman müzakirələrə səbəb olur. Biri küçədə kitab satır- mən bunu normal hesab edirəm, biri ədəbiyyatı atıb, gedib mebel salonunda çalışır. Ədəbiyyat adamları məişət qayğıları məngənəsində sıxılır. Yazarlara tövsiyə edirlər ki, gedin başqa sahədə çalışın, pul qazanın gecə də oturun ədəbiyyat yaradın. Sizcə, necə olmalıdı, bu iş necə tənzimlənməlidir?
-Bilirsiniz, dediyiniz bütün hallar doğrudur və acınacaqlıdır. Dövlət gərək öz sənət adamına sahib çıxmağı bacarsın. Bu tək ədəbiyyat sahəsinə aid deyil eləcə də sənətin digər sahələrinə şamildi. Qayıdıb sual edərlər ki, dövlət hər il flan qədər vəsait ayırır, ev verir. Bunlar doğrudu. Amma bunların özü belə yerli qurumlar tərəfindən düzgün bölünmür. Buna da nəzarət baxımından yenə məsuliyyəti dövlət daşıyır. Digər tərəfdən lap düzgün bölünsə belə yenə o kifayət deyil. Qayğının içində çırpınan sənət adamı necə yazsın, necə bəstələsin, necə rol oynasın? Bu hələ dünyanın çörək problemindən qurtula bilməyibsə. Övladı teatr salonunda ac olan atanın səhnədə oynadığı rolun səmimiyyəti nə dərəcədə ola bilər ? Bu milləti inandırıblar ki, şairsənsə, yazıçısansa, bəstəkarsansa, aktyorsansa ac, səfalət içində olmalısan. Əsla! Sən qayğılardan qurtulub özündə ruhi rahatlığı tapmalısan...Bu mütləqdir!
-Kitab mağazalarının azlığı daim gündəmə gəlir. Bu sahədə regionlarda vəziyyət daha dözülməzdi. Kitab mağazalarını söküb, yerində kababxana tikdilər. Səbəb nədir və bu kitabsızlaşmanın nəticəsi necə olacaq?
- Bilirsiniz, məsələ kitab mağazalarının çoxluğu və ya azlığı deyil. Cəmiyyətin oxu hissi, kitab tələbatı itib. Bu gün məscidlərdən çıxan adamların sayı qədər kitabxanalardan adam çıxmır. Cahillik baş alıb gedir. Heç Allaha da savadsız insan lazım deyil. Kitabsızlaşma özü bir nəticədir. Əgər oxu təfəkkürü yoxdusa yüz kitab mağazası tik, mümkünsüzdür. Öncə cəmiyyət formalaşmalıdır. Hələ Mirzə Cəlil, Mirzə Ələkbər Sabir mövzu aktuallığına görə bu cəmiyyətin böyük yazıçısı, şairidir. Əslində Sabirin cəmiyyətin gözündə böyük şair olması ən böyük uğursuzluqdur. 21-ci əsrdə Sabir böyük olmamalıdı. Amma nə təəssüf ki, bu cəmiyyət Mirzə Cəlil, Sabir, Axundzadə problemlərini hələ də aşa bilməyib.
-Niyə aşa bilmirik? Bu qırılma, qopma niyə yarandı və ya yaradıldı?
- Ona görə aşa bilmir ki, təfəkkür tərəqqisini yaşaya bilmir. Hələ daha da geri gedir...Bunun da səbəbi sistemsizlikdir. Sistem yoxdur, sistem... Buna xüsusi idarəçilik mexanizmi lazımdı.
- Sonda ədəbi tənqidlərə də diqqət çəkək. Bəzən ədəbi təndiqlərin olmadığını, əksər mətnlərin nepotizm və ya tanışlıq sayəsində tərifləndiyini iddia edənlər var. Ədəbi tənqidlərimizin səviyyəsi sizi qane edirmi?
- Hazırkı çağımızda kifayət qədər savada, dünyagörüşə malik olan, istər dünyada, istərsə də ölkədə gedən ədəbi prosesi izləyən tənidçilərimiz var. Sadəcə ümumiləşmiş bir dırnaqarası ənənə var ki, obyektivlik yoxdu. Münasibətlər ədəbi tənqidi iflic vəziyyətə salıb. Bu mənada tənqidimizin səviyyəsi qətiyyən qane etmir məni.
Söhbətləşdi: Ayyət Əhməd
P.S. Müsahibədə adı çəkilən şəxslərin münasibətini dərc etməyə hazırıq.