Tanınmış şair Taleh Mansurun "Altıncı hiss" şeirini təqdim edirik.
Altıncı hiss
Yollar da bitəcək, ay gedən adam,
Ayaqlar geriyə addım atacaq.
Hər şeyi satmağa gətirən adam
Bazarın özünü harda satacaq?
Haqq-hesab təkindi, tünlük iş deyil,
Sevginin işidi, kinlik iş deyil.
Qaçma arxsınca, sənlik iş deyil,
Könül oğrusunu ahın tutacaq.
Tikanlar bezəcək gül qınağından,
Arılar keçəcək bal sınağından,
Sərin meh öpəcək şeh yanağından,
Yağışın başını külək qatacaq.
Nəyimə lazımdır bu daş-bu kəsək?
Doldur badələri boşalsın ətək.
Şərab dəryaları süzüb içməsək,
Xəyallar ən dayaz yerdə batacaq.
Ay heyran olduğum, hanı heyrətin?
Nənnisi varıymış hər məhəbbətin,
Dediyin laylaya yatmağım çətin,
Yatsa bu laylaya, ürək yatacaq.
Dünən elə getdi bu gün də belə,
Yaman tələsirəm sabahımgilə.
Yəqin ki, ölməyə bir az var hələ,
Yaşamaq növbəmiz nə vaxt çatacaq?
Taleh Mansur
17 iyun 2021