Emil Rasimoğlu: "Anar sədr postunu təhvil vermək istəmir"
İntiqam Yaşar: "Şuşanın ab-havasına uyğun qurultay baş tutacaq"
Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı Şuşada keçiriləcək. Vaqif Poeziya Günlərində iştirak edən AYB sədri Anar Prezident İlham Əliyevlə söhbətdə bu istəklərini dilə gətirib. Prezident təklifi razılıqla qarşılayıb. Yazıçı Anar qurultayda xaricdən də qonaqların iştirak edəcəyini söyləyib. O, sonda ölkə başçısına minnətdarlığını bildirib.
“Şərq”lə həmsöhbət olan şair Emil Rasimoğlu sözügedən təklifi hələ aylar öncə Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Tural Turanın irəli sürdüyünü deyib:
“O dönəmdən bu məsələyə müsbət yanaşıb, həmkarımın təklifini dəstəklədim. Niyə də olmasın? Amma dürüst olsun. Qurultaydan gözləntilərimə gəlincə... Anarın mətbuata son çıxışları, eləcə də Azərbaycan Yazıçılar Birliyindəki uğursuz dəyişikliklər göstərir ki, o, hazırkı postu təhvil vermək istəmir. Hətta özünü əvəzolunmaz kimi göstərir. Ancaq unutmamalıyıq ki, bu pərdəarxası istək sadəcə Anarın diləyidir, qurultayın nəticəsi deyil. Əgər qurultay dürüst, demokratik keçirilsə, nümayəndələri ədaləti öz şəxsi maraqlarına qurban verməsə, AYB-nin Anarlı günləri sona çatacaq. Hesab edirəm ki, Anar bu qurultaya sədrlik postunu mütləq mənada təhvil verməlidir”.
Şuşada səfərdə olan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar mövzu haqda fikirlərini bizimlə bölüşüb:
“Bu təkliflə bağlı Cənab Prezidentlə Anar müəllimin söhbətləri oldu və razılıq alındı. İnşallah yüksək səviyyədə, Şuşanın ab-havasına uyğun qurultay baş tutacaq. Səsvermənin nəticəsinə əsasən layiq olan kadr rəhbərliyə seçiləcək”.