İbrahim İlyaslı - 60 ilin İŞIĞI - Yubiley tədbiri

Aprelin 6-da Sumqayıt Dram Teatrında, Milli Məclisin Mədəniyyət Komitəsinin xətti ilə "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, tanınmış şair-tərcüməçi, AYB-nin Poeziya şöbəsinin müdiri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin rəhbəri İbrahim İlyaslının 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Bu barədə "Sherg.az"a "Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunur ki, yubiley tədbirində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, Milli Məclisin deputatları, Şəhid Anaları, Qazilər, AYB-nin rəsmi nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, millət vəkili Rkail Zəydulla, İraq Türkmanlarının tanınmış nümayəndəsi, Kərküklü şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim Şemsettin Kuzeci, “Avrasiya Yazarlar Birliyi”nin başqanı Yaqub Öməroğlu və digər türkdilli dövlətlərin şair, yazıçıları, Sumqayıt RİH-nin rəsmi nümayəndələri, rayon ictimaiyyəti, ziyalılar, şairin qələm dostları iştirak edirdilər. 

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov çıxış edərək İbrahim İlyaslını "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin üzvü, Xalq şairi Nəriman Həsənzadənin, əməkdar incəsənət xadimi Vidadi Babanlının, Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovun, Ağstafa RİH-nin başçısı cənab Seymur Orucovun, xaricdə yaşayan qazaxlıların, Qazax mahalının ziyalılarının, İctimai Birliyin üzvlərinin adından salamlayıb, təbriklərini çatdırdı.


İlham Pirməmmədov İbrahim İlyaslının "Qazax" Xeyriyyə İctimai Birliyində fəaliyyətindən söz açaraq, həm poeziya sahəsində qazandığı uğurları, həm də ictimai işlərini yüksək dəyərləndirdi. 

İbrahim İlyaslı "Qazax" Xeyriyyə İctimai Birliyinin təsis etdiyi "Xalq şairi Səməd Vurğun adına diplom"la təltif olundu. İlham Pirməmmədov diplomu İbrahim İlyaslıya təqdim etmək üçün Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilovu səhnəyə dəvət etdi. 

Vurğun Vəkilov da öz növbəsində Səməd Vurğunun Ev Muzeyinin kollektivi adından İbrahim İlyaslını təbrik etdi. Eyni zamanda "Xalq şairi Səməd Vurğun adına diplom"u İbrahim İlyaslıya təqdim etdi.

Tədbirdə aşıqlar və qiraətçilər tərəfindən İbrahim İlyaslının şeirləri səsləndirildi. Şairin sözlərinə yazılmış mahnılar ifa edildi.
Tədbir yüksək əhval-ruhiyyəli notlarla başa çatdı.

Təbrik edirik, İbrahim müəllim. 60 illik yubileyiniz mübarək. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.