Analitik: Qərb Gürcüstanda aranı qatmaq üçün hər şey edəcək

Tbilisi üçün əsas kritik zaman kəsiyi qarşıdakı 72 saatdır, ondan sonrakı proseslər "corab söküyü" kimi gələcək...

Qərb Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində iqtidar partiyasının qələbəsini həzm edə bilmir. İnqilab, qarşıdurma çağırışları paytaxt Tbilisini bürüyüb, hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirilir, ölkə faktiki xaosa sürüklənir.
Parlament seçkilərində hakim “Gürcü Arzusu”nun qələbəsi ilə razılaşmayan Qərb ölkədə vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir.
Gürcüstanda baş verənlər, təşkil olunan aksiyaların bir hədəfi var – ölkəni növbəti “rəngli inqilab”a sürükləmək. Birləşmiş Ştatlar başda olmaqla, Qərb ölkələri hər vəchlə ölkələrin suverenliyini təhdid edir. “Zəif bənd” kimi də yenə Gürcüstan seçilib. Bundan əvvəl belə ssenarini Serbiyada həyata keçirməyə çalışıblar. Cəhd uğursuz oldu və diqqət yenə də Tbilisiyə yönəldi.
Görünən odur ki, yenə də Qərb və onun strukturları üçün xalqın seçimi heç bir rol oynamır. İnsanlar spontan formada küçələrə çıxarılır, hökumət binalarına, əhalinin sıx toplaşdığı yerlərdə aksiyalara başlanılır. Məhz hazırkı iqtidarın xarici təsir və təzyiqlərə rəğmən ölkəyə kənar müdaxilələrin edilməsinin qarşısını alması sayəsində bu günə qədər Qərbin Gürcüstan vasitəsilə Rusiyaya ikinci cəbhə açmaq istəyi reallaşmayıb. Buna görədir ki, qarşıdakı günlərdə baş tutacaq prezident seçkilərini bir fürsət kimi dəyərləndirən Qərb Gürcüstana da Ukraynanın aqibətini təkrarlatmaq üçün bütün təsir mexanizmlərini işə salıb, hətta ölkəyə təzyiqlər, sanksiyalar tətbiq etməyə başlayıb.
Ümumiyyətlə, Cənubi Qafqazı təsir dairəsinə salmaq Qərbin çoxdankı istəyidir. Müəyyən vaxtlarda Ermənistan və Gürcüstan üzərindən qismən buna nail olmağa müvəffəq olsa da, bölgənin əsas aktoru Azərbaycanın qətiyyətli siyasi gedişləri sayəsində bu planlar iflasa uğradılıb. Xüsusilə də. 2020-ci ildəki Vətən müharibəsindən və 2023-cü ildəki antiterror tədbirlərindən sonra regiondan qovulan Qərb hazırda yenidən Gürcüstana fokuslanıb, ölkəni daxildən parçalamaq üçün çirkin kampaniya aparır.
Hazırda Gürcüstanın müharibə meydanına çevrilməməsinin başlıca şərti ölkədə "Gürcü arzusu" Partiyasının hakim mövqeyinin qorunub saxlanılmasından keçir. Gürcüstan hakimiyyətinin ötən dövrkü fəaliyyəti də onu deməyə əsas verir ki, məhz bu siyasi mövqeyin sürdürülməsi sayəsində ölkənin əmin-amanlığını təmin etmək mümkündür. 
Daha geniş aspektdən yanaşdıqda isə, reallıqdır ki, bu gün Cənubi Qafqazın taleyi Azərbaycan və Gürcüstandan asılıdır. Hər iki ölkənin bir-birinin ərazi və suverenliyini dəstəkləməsi, bölgədə əməkdaşlığın, inkişafın, tərəqqinin tərəfdarı olmaları regiona da təhlükəsizlik vəd edir.

Siyasi şərhçi Sona Əliyeva “Sherg.az"a açıqlamasında deyib ki, hazırda Gürcüstanda vəziyyət son dərəcə kritikdir. Qarşıdakı üç gündən çox şey asılı olacaq: 

“Əgər müxalifət düşərgəsi tərəfdarlarının sayını qarşıdakı 72 saat ərzində artırsa, o zaman qonşu ölkədəki siyasi atmosfer vətəndaş qarşıdurması həddinə qədər gələ bilər. Ona görə də hazırkı hakimiyyət bütün güc mərkəzlərini hərəkətə gətirib və hüquq-mühafizə orqanları da "qırmızı rejim"ə keçib. Qərb Gürcüstanda aranı qatmaq üçün hər şey edəcək. Kreml Tbilisini əldən vermək istəmir. Amma Qərb də Gürcüstanı Rusiyaya altun sinidə hədiyyə etmək niyyətində deyil. Qarşıdan gələn prezident seçkiləri heç nəyi dəyişməyəcək. Çünki qonşudakı idarəetmə sistemi parlament üsul-idarəsidir. Prezidentin səlahiyyətləri olduqca məhduddur. Ona görə də müxalifət prezident seçkilərinə qatılmaq istəmir. Çünki bu, heç nəyi dəyişməyəcək. Tbilisi üçün əsas kritik zaman kəsiyi qarşıdakı 72 saatdır. Ondan sonrakı proseslər "corab söküyü" kimi gələcək...”.