Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN

Ekologiya və ətraf mühitin mühafizəsi

  • “Bakı susuz qala bilər, yaşıllıqlar da yanacaq”
  • “Qocaman ağacları kəsib yerində göydələn ucaldırlar"

Ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi müasir dövrdə qarşıda duran əsas məsələlərdən biridir. İqlim dəyişmələri, havanın çirklənməsi, urbanizasiya və təbii resurslara artan təzyiq ekoloji problemlərin həllini daha da aktuallaşdırır. Bu prosesdə yaşıllıqlar xüsusi əhəmiyyət daşıyır. Ağaclar və bitki örtüyü havanın keyfiyyətinin yaxşılaşdırılması, temperaturun tənzimlənməsi və ekoloji mühitin sağlamlaşdırılmasında mühüm rol oynayır. Xüsusilə şəhərlərdə yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi həm ətraf mühitin mühafizəsi, həm də insanların daha sağlam və komfortlu şəraitdə yaşaması baxımından vacibdir. Xatırladaq ki, Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilib.

Bu baxımdan şəhərlərdə yaşıllıqların artırılması və mövcud yaşıl məkanların qorunması ətraf mühitin mühafizəsi siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Xüsusilə urbanizasiya prosesinin sürətlənməsi, tikinti və nəqliyyat yükünün artması fonunda şəhər yaşıllıqları yalnız estetik amil deyil, həm də ekoloji təhlükəsizliyin vacib komponentidir. Ağac və bitki örtüyünün şəhər mühitində temperaturun tənzimlənməsinə, havanın keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasına verdiyi töhfə bu sahədə sistemli yanaşmanın zəruriliyini artırır.

Bu isə şəhərlərdə yaşıllıq siyasətinin yalnız yeni ağacların əkilməsi ilə məhdudlaşmaması, mövcud ağacların qorunması, düzgün suvarılması, aqrotexniki qulluğun təmin edilməsi və şəhərin iqlim xüsusiyyətlərinə uyğun bitki növlərinin seçilməsini də zəruri edir. 

Şəhərlərdə yaşıllıqların ekoloji əhəmiyyətinə diqqət çəkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov hesab edir ki, bu sahədə əsas prioritetlərdən biri mövcud yaşıllıqların qorunması və onların davamlı inkişafının təmin edilməsidir. O, AZƏRTAC-a açıqlamasında bildirib ki, şəhərin ekoloji mühitinin yaxşılaşdırılması yalnız yeni yaşıllıq sahələrinin salınması ilə məhdudlaşmamalı, artıq mövcud olan ağac və bitkilərin sağlamlığının qorunmasına da xüsusi diqqət yetirilməlidir: “Parklar, prospektlər boyunca əkilmiş ağac və kollar, eləcə də məhəllədaxili yaşıllıqlar şəhər mühitinin mühüm elementlərindəndir. Yaşıllıq sahələri şəhərdə temperaturun tənzimlənməsinə, istilik dalğalarının təsirinin yumşaldılmasına və daha əlverişli mühitin formalaşmasına töhfə verir. Böyük şəhərlərdə yaşıllıq sahələrinin optimal həcminin müəyyənləşdirilməsi zamanı əsas göstəricilərdən biri adambaşına düşən yaşıllıq sahəsinin ölçüsüdür. Beynəlxalq təcrübədə bu göstərici təxminən 8-10 kvadratmetr təşkil edir”.

Amin Məmmədov bildirib ki, yaşıllaşdırma prosesində yeni yaşıllıq sahələrinin yaradılması ilə yanaşı, mövcud yaşıl məkanların qorunması və onların davamlı inkişafının təmin edilməsi vahid yanaşmanın tərkib hissəsidir. “Yaşıllıqların uzunmüddətli inkişafında mütəmadi suvarma, aqrotexniki qulluq və ağacların zəruri hallarda budanması mühüm yer tutur. Məhəllədaxili yaşıllıqlarda sakinlərin, küçə və prospektlərdə isə müvafiq yaşıllaşdırma xidmətlərinin göstərdiyi qulluq yaşıl məkanların inkişafına şərait yaradır”.

Mütəxəssis vurğulayıb ki, şəhərlərdə yaşıllıqların davamlılığı üçün bitkilərin seçilməsi zamanı ərazinin təbii-iqlim xüsusiyyətləri də nəzərə alınmalıdır. Suya tələbat, temperatur və külək kimi amillərin nəzərə alınması ağacların və digər bitkilərin şəhər mühitində daha uzunmüddətli inkişafına imkan verir: “Yeni yaşıllıq sahələrinin yaradılması üçün mövcud parkların uyğun ərazilərindən, küçə və prospektlərin kənarlarından, məhəllədaxili məkanlardan və şəhərətrafı ərazilərdən istifadə etmək mümkündür. Bu istiqamətlərdə həyata keçirilən işlər şəhərin yaşıl məkanlarının zənginləşdirilməsinə və ekoloji mühitin daha da yaxşılaşdırılmasına xidmət edir. Beləliklə, şəhər yaşıllığının inkişafı yeni yaşıl məkanların yaradılması ilə yanaşı, artıq formalaşmış yaşıllıqların qorunmasını və onların uzunmüddətli inkişafının təmin edilməsini də əhatə edir. Bu yanaşma yaşıllıqların şəhər mühitində ekoloji və iqlim funksiyalarını davamlı şəkildə yerinə yetirməsinə imkan yaradır”.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Şərq"ə bildirib ki, müasir şəhərsalma layihələrində yaşıllıqlar ön planda olur. Çünki yaşıl məkanlar ekoloji tarazlığın qorunmasına xidmət edir:

“Şəhərdə yaşayan insanların həyat keyfiyyətinin yüksəldilməsində də yaşıllıqların böyük rolu var. Çünki yaşıllıqlar havanın keyfiyyətini yaxşılaşdırır. Şəhərdə temperaturun tənzimlənməsinə kömək edir, tozu, səs-küyü azaldır, insanların istirahəti və fiziki aktivliyi üçün əlverişli mühit yaradır. Ən əsası parklar, bağlar və ağaclı küçələr şəhərin estetik görünüşünü gözəlləşdirir, insanların psixoloji rahatlığına və sosial ünsiyyətinə müsbət təsir göstərir. Mədəniyyət və istirahət parkları sosiallaşma üçün əlverişli məkandır. Burada hər yaş qrupundan olan insanlar üçün toplaşma, asudə vaxt keçirmə imkanı var. Bu səbəbdən müasir şəhərsalmada parklar, ağaclı küçələr, yaşıl dəhlizlər və ictimai istirahət məkanları infrastrukturun ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Hazırda Bakıda yeni yaşayış massivləri salınır, parklar yaradılır, nəqliyyat infrastrukturu yenidən qurulur. Yaxşı olar ki, yeni layihələrdə mövcud ağacların qorunması ön planda olsun. Çünki Bakı və Abşeron yarımadasında ağac əkmək və onu yetişdirib böyütmək olduqca çətindir. Ərazidə iqlimin quraq və yarımsəhra xarakterli olması, su ehtiyatlarının məhdudluğu, torpaqların bəzi ərazilərdə şoran və zəif münbit olması yaşıllaşdırma işlərini çətinləşdirir. Müasir şəhərsalma adambaşına yaşıllıq norması çox iri və iri şəhərlərdə 10 kvadratmetrdir. Bəzən işbazlar çoxillik ağacları kəsib yerində göydələn ucaldır, iaşə və ya ticarət müəssisəsi tikirlər. Halbuki qocaman ağaclar şəhərlərin sərvətidir. Onları qorumaq lazımdır. Bunun üçün ilk növbədə onların kök sistemini mühafizə etmək lazımdır. Ağacın gövdəsinə yaxın ərazidə qazıntı işləri görülməməli, ağır texnika işləməməlidir. Ağacın gövdəsinə mismar vurmaq, reklam lövhəsi bağlamaq və qabığını zədələmək yolverilməzdir. Ən əsası Bakı və Abşeronun quraq şəraitində ağacların suvarılmasına diqqət yetirilməlidir. Ağacların budanmasını naşı adamlara tapşırmaq olmaz. Budaqların kortəbii və həddindən artıq kəsilməsi ağacın ömrünü qısaldır. Ağacın dibində avtomobil saxlamaq və tikinti materialları yığmaq torpağın sıxılmasına səbəb olur, ağacın kökünə hava və su çatması çətinləşir. Ağacları qorumaq üçün xəstəlik və zərərvericilərə nəzarət edilməlidir”.

Qlobal istiləşmə dövründə yaşadığımızı xatırladan Birlik sədri qeyd edib ki, şəhərlərdə yaşıllıqların qorunmasına mane olan əsas problemlərdən biri su çatışmazlığıdır: “Suvarma da çox zaman düzgün təşkil edilmir. Abşeronun quraq iqlim şəraitində ağac və kolların müntəzəm suvarılması lazımdır. Ekspertlərin hesablamalarına görə, 2024-cü ildə Azərbaycan su stressi yaşayan ölkələrdən olacaq. Yaxın gələcəkdə içməli su çatışmazlığı yaşaya bilərik. Xüsusən də içməli suya qənaət etməliyik. Qənaət deyəndə yaşıllıqlara verilən suyu azaltmağı demirəm. Səmərəli su idarəçiliyinə keçidi nəzərdə tuturam. Hazırda Bakının park və bağlarında ağac və kollara içməli su verilir. Halbuki qabaqcıl dünya ölkələrində çoxdan yağış sularının depolanması, tullantı sularının təkrar emaldan keçirilərək yaşıllıqlara verilməsi həyata keçirilir. Bakıda da bu sistem qurulmalıdır. Bir zamanlar paytaxtımızda texniki su şəbəkəsi mövcud olub. Onu bərpa etmək artıq günün tələbidir. Effektiv su idarəetməsinə keçsək, içməli su problemi yaşamayacağıq, yaşıllıqlarımız da susuzluqdan yanmayacaq”.

Şəymən Bayramova