Həm “Siyəzən Broyler”, həm də AQTA bu məsələyə aydınlıq gətirməlidir

  • "Yaxşı ki media bunu işıqlandırır. Mən həmişə AQTA və digər qurumları tənqdi edirəm ki onlar medianı aktiv izləmir"

Mağaza, marketlərdən aldığımız “Siyəzən broyler” etiketli toyuqlar həqiqətənmi “Siyəzın Broyler”in məhsullarıdır? Pirşağı yolunda, Mehdiabad qəsəbəsi ərazisində, 2-ci Savxoz, “Ömər Açılığı” deyilən yerdə içində mənşəyi məlum olmayan broyler toyuqları olan plastmas kasetlər qalaqlanıb. Lakin bu broyler toyuqları “Siyəzən Broyler” etiketli qutulara yığılır. Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. Belə çıxır ki, satışda “Siyəzən Broyler” etiketi ilə satılan toyuq məhsulları əslində bu müsəsisəyə aid deyil, alıcılar aldadılır? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, ola bilsin həmin yer anbardır və başqa məhsullar da saxlanılır orada: 

- Böyük ehtimal ki bunlar əmtəə nişanı olmayan, etiketsiz məhsullardır. Toyuq məhsulları ora gətirilir, oradan isə birbaşa kolbasa sexlərinə və ya başqa obyektlərə göndərilir. Bu, qanuna zidd deyil. Amma həm “Siyəzən Broyler”, həm də AQTA bu məsələyə aydınlıq gətirməlidir. Cavabdeh “Siyəzən Broylerdir”. Yaxşı ki media bunu işıqlandırır. Mən həmişə AQTA və digər qurumları tənqdi edirəm ki onlar medianı aktiv izləmir. Baxmayaraq ki cənab Prezient etibarlı informasiyanı mediadan aldığını deyir. Dövlət qurumları, müəssisələr də medianın dəstəyindən istifadə etməlidirlər. İctimai nəzarət bu şəkildə təmin edilməlidir.