Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Şaki kəndində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin ən azı bir müddət Ermənistanda qalacağını bildirib.

Sherg.az xəbər verir ki, Paşinyan “Infocom”un “Ctrl Z” proqramına müsahibəsində deyib ki, hərbçi ilə bağlı cinayət işi üzrə proseslər Ermənistanda aparılacaq. Hazırda Nəsimi Musayev həbsdədir və istintaq davam edir.

Azərbaycan hərbçisinin Ermənistanda saxlanılan erməni əsirlərlə mümkün dəyişdirilməsi barədə suala cavab verən Paşinyan məsələlərin bir-birindən ayrı olduğunu bildirib. O, tərəflər arasında sərhədi keçən hərbçilərlə bağlı məsələlərin digər proseslərdən ayrı nəzərdən keçirilməsi barədə razılaşma olduğunu deyib.

Paşinyan Musayevin saxlanılması ilə bağlı axtarışların bir neçə gün davam etdiyini, bu prosesdə dronlardan da istifadə olunduğunu qeyd edib. Onun sözlərinə görə, ərazinin mürəkkəb relyefi hərbçinin vaxtında aşkarlanmasını çətinləşdirib.

Ermənistanın baş naziri Şaki sakinlərinin niyə əvvəlcədən xəbərdar edilməməsinə də münasibət bildirib. O deyib ki, həmin vaxt Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçdiyini təsdiqləyən fakt və ya əminlik olmayıb. Azərbaycan tərəfinin isə hərbçinin itkin düşməsi barədə Ermənistanı əvvəlcədən məlumatlandırdığını və axtarış zamanı tərəflərin əlaqə saxladığını bildirib.

Paşinyan həmçinin hadisənin diversiya olması və Ermənistan ərazisinə bir neçə Azərbaycan hərbçisinin keçməsi barədə məlumatları rədd edib.