Bölgələrdə sel təhlükəsi artır - Ekoloq təcili görülməli tədbirləri açıqladı

  • Azərbaycanda 40 ildən bir təkrarlanan təhlükəli proses yenidən başlayıb
  • Ənvər Əliyev: “Yeni daşqınlar bəndləri və körpüləri dağıda bilər”

Son günlər bəzi bölgələrdə çaylarda sel hadisələri müşahidə olunur. Balakən, Oğuz və Qəbələdə yerli sakinlər sosial şəbəkələrdə paylaşdıqları görüntülərdə çaylarda suyun səviyyəsinin kəskin yüksəldiyini, ətraf ərazilərin su altında qaldığını, evlərə, həyətlərə və həyətyanı sahələrə ziyan dəydiyini bildirirlər.

Ekoloq Ənvər Əliyev Sherg.az-a qeyd edib ki, çayların ciddi dağıntılar törətdiyi və torpaq ehtiyatlarına zərər vurduğu dövrlər də olub:

Tarixə nəzər salsaq, bu cür hadisələrin təxminən 35-40 ildən bir təkrarlandığını görərik. Belə hallarda əhaliyə və təsərrüfatlara külli miqdarda ziyan dəyir. Sel özü ilə çınqıl və daşlar gətirir. Halbuki həmin materiallar tikinti sənayesi üçün dəyərli xammal hesab olunur. Bu daşlar toplanmalı, həm çayların məcrası təmizlənməli, həm də sonradan tikinti materialı kimi istifadə edilməlidir.

Ümumi yanaşma ondan ibarət olmalıdır ki, çayların kənarında möhkəm beton sədlər inşa edilsin və çaylar öz yataqlarından kənara çıxmasın. Əks halda yeni daşqınlar baş verə, sel suları ətraf əraziləri basa və ciddi fəsadlar yarada bilər. Bəzən daşqınlar o qədər güclü olur ki, bəndləri və körpüləri belə dağıdıb aparır.

Əsas problemlər çaylarda gur sulu dövrlərdə yaranır. Buna görə də diqqətli olmaq lazımdır. Dövlət qurumları bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır. Çayların bol sulu dövründə ehtiyat su toplanmalı, həmin su əkinçilikdə, suvarmada, heyvandarlıqda və otlaq sahələrinin su təminatında istifadə edilməlidir. Bunun üçün yeni su anbarlarının tikintisi də vacibdir.

Suların boş yerə axıb getməsinin qarşısı alınmalıdır ki, toplanan su ehtiyatlarından ilboyu səmərəli istifadə etmək mümkün olsun. Çayların kənarında beton sədlərin çəkilməsi daşqın riskini azaldar, həm də su ehtiyatlarının itkisinin qarşısını alar.