"Qarabağ" yeni transferlərini ictimaiyyətə təqdim etdi

“Qarabağ” heyətini daha iki futbolçu ilə gücləndirib.

Teleqraf xəbər verir ki, Ağdam klubu nigeriyalı hücumçu Taofik İsmahil və almaniyalı vinger Reda Xadranın transferini rəsmiləşdirib.

26 yaşlı Taofik İsmahil Polşanın “Qurnik” (Zabje) klubundan “Qarabağ”a keçib. Nigeriyalı forvardla 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli forma ilə çıxış edəcək.

İsmahil karyerası ərzində Norveçdə “Şeyd”, “Fredrikstad” və “Valorenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış edib. Hücumçu 2024-cü ildə “Qurnik”ə keçib, daha əvvəl “Lex” klubunun da formasını geyinib.

Almaniyalı vinger Reda Xadra ilə 2+1 illik müqavilə imzalanıb və o, Ağdam klubunda 10 nömrəli formanı geyinəcək.

Dortmund “Borussiya”sının yetirməsi olan Xadra 2021-ci ildə “Brayton”a keçib. O, karyerası ərzində “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr”da da çıxış edib. Futbolçu 2023-cü ildən Fransanın “Reyms” klubunda oynayırdı.

Xadra Almaniyanın U-18 və U-21 milli komandalarında da forma geyinib.