"100 il əvvəl Azərbaycan və Ukrayna diplomatik tərəfdaş idi" - Tarixçidən mühüm AÇIQLAMA

  • Zaur Əliyev: "Yusif Vəzir Çəmənzəminli Kiyevdə Azərbaycanın müstəqilliyini dünyaya tanıdırdı"
  • "Ukrayna 1919-cu ildə Azərbaycana xüsusi diplomatik missiya göndərmişdi" 
  • "Sabah Azərbaycana qarşı saxta iddialar səslənsə, cavabı bu sənədlər verəcək"
  • "Kiyevdə qorunan arxivlər AXC-nin beynəlxalq tanınmasının canlı sübutudur"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu ölkədəki diplomatik fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub.

Nazirə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik missiyasının (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətləri əks etdirən arxiv materialları təqdim edilib.

Nazirə nümayiş etdirilən materiallar arasında tarixi sənədlər, rəsmi yazışmalar, həmçinin həmin dövrdə Azərbaycan və Qafqaz regionuna dair hazırlanmış hesabatlar da yer alıb.

Professor, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru, tarixçi alim Zaur Əliyev “Şərq”ə AXC dövründə Azərbaycan-Ukrayna münasibətlərindən danışıb:

"1918-ci il noyabrın 1-də Yusif Vəzir Çəmənzəminli Azərbaycan Hökumətinin Ukraynada səfiri təyin edildi. O, eyni zamanda, Krımda və Polşada diplomatik nümayəndəliklərin vəzifəsini də yerinə yetirirdi. Y.V. Çəmənzəminli Kiyevdə diplomatik fəaliyyətə başlayaraq konsulluq işlərini təşkil etdi. Habelə o, Azərbaycanın müstəqilliyini tanıtmaq üçün "Azərbaycanın Muxtariyyəti" və "Biz kimik və istədiyimiz nədir?" kimi kitabçalar nəşr etdirdi.

Qeyd edim ki, Ukrayna hökuməti də Azərbaycan Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-cu il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı. Bu da iki dövlət arasında münasibətlərin daha üstün səviyyəyə aparılmalı idi.

İvan Kraskovski o dövrdə etimadnaməsini Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskiyə təqdim etdi. Azərbaycan Cümhuriyyəti dövründə Ukrayna Xalq Respublikası ilə qarşılıqlı diplomatik əlaqələr quruldu, Kiyevdə Azərbaycanın diplomatik nümayəndəliyi, Bakıda isə Ukraynanın konsulluğu fəaliyyət göstərdi. Hər iki gənc respublika bolşevik təhlükəsinə və xarici təzyiqlərə qarşı oxşar beynəlxalq mövqedən çıxış etdilər".

Alim sənədlərin Azərbaycanda nümayiş olunub-olunmayacağı haqqında da məlumat verib:

"Beynəlxalq arxiv hüququna əsasən, dövlət arxivlərində saxlanılan orijinal sənədlər başqa ölkəyə daimi verilmir. Çünki onlar saxlanıldıqları ölkənin dövlət arxiv fondunun tərkib hissəsi hesab olunur. Lakin sənədlər orijinal görünüşündə nəşr edilərək kitab-albom şəklində, yaxud da elektron formada Azərbaycana verilə bilər.

Məlumat üçün deyim ki, Fransa, Rusiya, Türkiyə, Böyük Britaniya və Gürcüstan kimi ölkələrdən minlərlə arxiv sənədinin rəqəmsal surətləri və mikrofilmləri Bakıya gətirilərək Milli Arxiv Fonduna təhvil verilib. Müxtəlif ölkələrə səpələnmiş arxiv materiallarının ölkəyə gətirilməsi milli dövlətçilik yaddaşının bütövləşdirilməsi deməkdir".

Tarixçi sənədlərin nüsxələrinin Azərbaycana gətirilməsinin vacibliyini vurğulayıb:

"Sabah hər hansı bir ölkə və ya qərəzli mərkəz "Azərbaycan 100 il əvvəl müstəqil dövlət olmayıb, sadəcə yerli bir qrup idi" iddiasını irəli sürə bilər. Buna cavab olaraq Ukrayna, Fransa və ya Rusiya arxivindən çıxan rəsmi möhürlü diplomatik notanı, etimadnaməni bu iddiaya qarşı sübut olaraq göstərə bilərik.

Bu sənədlər dərsliklərə daxil edilir, gənc nəslə öz dövlətinin köklərini dürüst öyrətməyə şərait yaradır".

Qalereya