Həkimlik cəmiyyət üçün ən yararlı peşələrdən biri hesab olunur. Onlara müraciət edən xəstələrin sayı kifayət qədər çoxdur. Müşahidələr göstərir ki, insanların əksəriyyəti həkimə müraciət edərkən onların harada və hansı təhsili alması ilə bağlı məlumatsız olurlar. Bəzi pasiyentlər isə ümumiyyətlə bunu önəmsəmir.
Məhz bu səbəbdən də əksər pasiyentlər heç bir tibbi təhsili olmayan “həkim”lərin toruna düşür. Oxşar hadisə Cəlilabad rayonunda da baş verib. Dişini çəkdirmək istəyən pasiyent komaya düşüb. Vüqar Mürsəlov küçəsi 44 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişi ağrıdığı üçün rayondakı stomatoloji məntəqələrdən birinə müraciət edib.
Həkim xəstənin dişini keyitmək üçün üç iynə vurub. Diş çəkilən zaman K.Şahbazova huşunu itirib. Bundan sonra xəstə dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun komaya düşdüyü məlum olub.
Həkimlərin səyi nəticəsində qız komadan çıxarılıb. Diş həkiminin tibbi təhsili və fəaliyyət göstərməsi üçün lisenziyasının olmadığı bildirilir.
Hadisə ilə bağlı “Sherg.az”a danışan “Borçalı” İctimai Birliyinin sədri, həkim Zəlimxan Məmmədli bildirdi ki, insan həyatını təhlükə altına salan hər kəs qanun qarşısında cavab verməlidir:
“İndi antik dövr deyil, XXI əsrdir, ölkədə qanun və hüquq var. Təbii ki, Azərbaycan reallığında belə hadisələr tez-tez baş verir. Zaman-zaman çox rastlaşmışıq ki, heç bir tibbi təhsili olmayan şəxs həkim olaraq çalışır. Kifayət qədər pulun və rüşvətin hesabına həkim ola bilirlər. Bütün bunlar cəmiyyətimizdə hüquqsuzluğun təzahürüdür. Ona görə digər sahələrdə də belə hallarla qarşılaşırıq. Hüquq sistemimiz mükəmməl işləməlidir. Belə bir misal var; “bacarana can qurban”. Bacarığın varsa, gedib baytar həkimi olub daha sonra müəllim kimi də işləyə bilərsən. Bunu pul həll edir. Cəmiyyətimizdə bu naqisliklər bitməsə, belə hallar həmişə gündəmə gələcək”.
Həkimin sözlərinə görə, xəstənin komaya girməsi ən sonuncu mərhələdir:
“Belə hallar psixoloji gərginlik, xəstənin immum sistemi və digər məsələlərlə bağlı ola bilər. Həkimin savadı ona imkan verməlidir ki, belə vəziyyətlərdə çıxış yolu tapa bilsin. Yəni, təcili yardım çağırmamalı, xəstə digər klinikaya getməməlidir. Öz təcrübəmdə də xəstənin huşunu itirməsi halları olub, amma bu o demək deyil ki, mən əməliyyatı düz etmirəm. Tanıdığım xəstələr var ki, stress yaşayır, həyat şəraiti yaxşı deyil, məişətdə müəyyən gərginliklərlə üzləşir. Belə xəstələrə bir anlıq müdaxilədən sonra baxırsan ki, halı dəyişir, soyuq tər basır. Həkimin əlində hər cür şərait var ki, tez zamanda xəstəni əvvəlki vəziyyətinə gətirə bilsin. Söhbət yalnız səhiyyədən getmir, təhsilimizdən tutmuş bütün sahələrdə hüquqi aliliyin, konstitutsiyanın sağ olduğunu sübut etməliyik. Bu zaman belə neqativliklər yaşanmaz”.