İlahiyyatçı deyir ki, Həcc ziyarəti zamanı vəfat edənin vəsiyyəti əsas götürülür
Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında olan azərbaycanlı zəvvarlardan biri ürəktutmasından vəfat edib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Məkkədə olan nümayəndəsi məlumat verib. QMİ rəsmisi bildirib ki, ölən zəvvar Ağdamdan olan Şükürov Bəhmən Məhəmməd oğludur.
1950-ci il təvəllüdlü zəvvar Kəbədə Həcc əməllərini yerinə yetirən zaman halı pisləşib. Ona qan təzyiqinin kəskin aşağı düşməsi diaqnozu qoyulub. Müdaxilələrə baxmayaraq zəvvar dünyasını dəyişib.
Zəvvarın Məkkədə torpağa tapşırılacağı bildirilir.
Ziyarət əsnasında dünyasını dəyişən zəvvarın dəfn məsələsi necə həyata keçirilir?
Bu barədə “Şərq”ə danışan ilahiyyatçı Ağa Hacıbəyli qeyd etdi ki, Həcc islamım fundamental ibadətlərindən sayılır. Həcc ziyarəti etməyə imkanı çatan hər bir müsəlmanın ömründə bir dəfə Kəbə evini ziyarət etməsi fərzdir.
“Əcəlin ayaq səslərini harada eşidəcəyimizi bilmirik. Ziyarətə gedənlər, adətən vəsiyyət edirlər, uzun və çətin yola çıxdıqlarından gözlənilməz halla qarşılaşacaqlarını ehtimal edirlər. Bəzi zəvvarlar vəsiyyət edir ki, əgər əcəl onu müqəddəs torpaqlarda haqlayarsa, orada dəfn edilsinlər. Vəsiyyət edilməyibsə və yaxınları, doğmaları mərhumu Vətənində dəfn etmək istəyirsə, o zaman zəvvar Vətəninə yola salınır.
Cənazə həmin ölkənin konsulluğuna təhvil verilir və ölkəsinə göndərilir. A.Hacıbəyli bildirdi ki, kimliyindən asılı olmayaraq bir müsəlman harada vəfat edirsə, onun yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfni o əraziyə məsul şəxslərin üzərinə düşür. Rəhmətə getmiş müsəlmanın dəfnində o şəhərin əhalisi məsuldur. Bu, islamda bir hökmdür.
Zəvvar Kəbə evi ətrafında dünyasını dəyişirsə, Kəbə evinin məsulu kimdirsə, dəfni o təşkil etməlidir. Çünki zəvvar Kəbə evinin mehmanı – qonağı sayılır. Həmçinin vəfat etmiş müsəlmanın dəfnində iştirak etmək də müsəlmanın boynunda olan 6 haqdan biridir.
Bəs zəvvar harada dəfn edilir? A.Hacıbəyli bildirdi ki, Mədinədə də, Məkkədə də bir neçə qəbiristanlıq var. Və burada heç bir ayrı-seçkilik qoyulmur. Sadəcə, Azərbaycandan fərqli olaraq Səudiyyə Ərəbistanında qəbiristanlıqlarda baş daşına şəkil vurmaq qadağandır. Yalnız vəfat etmiş şəxsin adı baş daşına yazılır. Zəvvarın harada dəfn olunduğunu o ölkənin vətəndaşları bilirsə, onun yaxınlarına, doğmalarına nişan verə bilirlər.