“Avtobuslarda kondisionerlə bağlı narazılıq kütləvi hal alıb” – Son qoyulsun !

Elməddin Muradlı: “Ümid sürücüyə qalıbsa, aidiyyəti qurumlar avtobus şirkətlərin öhdəsindən gələ bilmirsə, bu zaman rəsmi şəkildə açıqlasınlar ki, biz problemi həll edə bilmirik. İbtidai icma quruluşuna qayıdırıqsa, qayıdaq”


202 saylı marşrut avtobusunda sərnişinlərlə sürücü arasında gərginlik yaşanıb. Sərnişinlər sürücüdən avtobusun sərinlik sistemini işə salmağı tələb ediblər.

Amma sürücü sərnişinlərin ardıcıl təklif və tələblərinə məhəl qoymayıb. Sərnişinlər əks halda gedişhaqqını verməyəcəklərini bildiriblər. Bundan sonra surücü kondisioner işləmir, mənim problemim deyil, gedin hara ürəyiniz istəyirsə şikayət edin, - deyərək xəttə olan avtobusu söndürüb. Sərnişinlərin avtobusdan düşməsini tələb edib. Tərəflər arasındakı gərginlik daha da artıb. Uzun sürən mübahisədən sonra avtobus yoluna davam edib. “Azadlıq prospekti” metro stansiyası yaxınlığındakı dayanacaqda düşən bir neçə sərnişinisə sözlərinə sadiq qalaraq gedişhaqqı ödəməyib. Sərnişinlər "kondisionerin yoxdursa, xəttə çıxma" - deyərək sürücüyə irad bildiriblər. Onlar bürkülü havada kondisioneri qoşmamaqla daşıyıcıların böyük fəlakətə yol aça biləcəyini dilə gətiriblər. Bəziləri isə kondisioneri işə salmamaqla daşıyıcıların yanacağa qənaət etdikləri ittihamını səsləndiriblər.



Hadisəni dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a açıqlamasında bildirdi ki, son zamanlar avtobuslarda kondisionerlə bağlı narazılıq kütləvi hal alıb:

“Düşünürəm ki, aidiyyəti qurumlar məsələyə son qoymalıdırlar. Kondisioner olmalıdırsa qoşulsun, olmayacaqsa məsələyə birdəflik yekun vurulsun. Bu zaman sərnişinlər də kondisionerin olmayacağını bilsinlər. Beləliklə ya taksi, ya da başqa vasitə ilə getməyi düşünsünlər. Cənab Prezidentin göstərişi ilə alınmış 300-ə yaxın yeni avtobusların gətirilməsi prosesinə başlanılıb. Bundan sonra belə problemlər olmayacaq. Amma bir fakt var ki, mövsüm məsələsini dəqiq müəyyənləşdirməyiblər. Bilinmir ki, kondisioner hansı tarixə kimi yandırılmalıdır. Bəzi şirkətlər havanın isti keçməsini nəzərə alıb 7-8 gün əvvəlcədən kondisionerləri qoşur, bəziləri isə hava tutqun olan kimi söndürür. Hava tutqun olsa belə temperatur yüksəkdir, yəni isti olur. Ona görə də kondisioneri sürücünün zövqü ilə işlədəcəklərsə, sərnişinlər 30 qəpiklik gediş haqqına 10 qəpik də əlavə edib sürücünün cibinə qoysunlar ki, kondisioneri qoş. Ümid sürücüyə qalıbsa, aidiyyəti qurumlar avtobus şirkətlərin öhdəsindən gələ bilmirsə, bu zaman rəsmi şəkildə açıqlasınlar ki, biz problemi həll edə bilmirik. İbtidai icma quruluşuna qayıdırıqsa, qayıdaq. Yox əgər irəli getmək istəyiriksə belə problemlərə son qoymaq lazımdır. Yoxsa biri kondisioneri yandırır, biri söndürür, biri deyir ki, benzin çox işləyir. Bu oyunları birdəfəlik yığışdırmaq lazımdır”.