Qırğızıstan qarışdı: Prezident məzuniyyətini yarımçıq qoyaraq Bişkekə yollanıb



Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün məzuniyyətini yarımçıq saxlayıb və Bişkekə yola düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Avqustun 7-də ölkənin sabiq prezidenti Almazbek Atambayevin tutulması üzrə Çuy vilayətinin Koy-Taş kəndində əməliyyat başlayıb. Atambayevin qərargahından onun tutularaq naməlum istiqamətə aparıldığını bildiriblər. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sabiq prezidentin iqamətgahının yerləşdiyi Koy-Taş kəndində ictimai qaydanın mühafizəsinə əlavə milis qüvvələri cəlb olunub. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər. Əməliyyatın gedişində bir neçə nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.
Almazbek Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.