Dövlət İmtahan Mərkəzi (DIM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə bağlı məlumatları açıqlayıb.DİM-dən verilən məlumata görə, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. I mərhələdən sonra isə ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunmuşdu. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 idi.
Qeyd edək ki, tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100faizdən, 20 ali təhsil müəssisəsində 90 faizdən, 9 ali təhsil müəssisəsində 80 faizdən çox dolub.
Nəticələrlə bağlı Sherg.az-a açıqlama verən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az idi:
“I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olurdu. Yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi və bu da keçid ballarına öz təsirini göstərib”.
Ekspert qeyd edib ki, 2018-2019-cu tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 45159 yer ayrılmışdı:
“Bunlardan 138 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Qalan yerlərdən 31554-ü Azərbaycan bölməsi, 3783-ü rus bölməsi, 9684-ü isə hər iki bölmənin birgə müsabiqəsi üçündür. Qəbul planındakı 38429 yer dövlət, 6730 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. 11871 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub. Bunlardan 66 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Bu il, 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul planı 2018-ci illə müqayisədə daha çox idi. Ümumilikdə 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir.
2019-cu ildə keçirilən imtahanların nəticələrini təhlil edərkən məlum oldu ki, bu il tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 %, 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70%-dən çox dolub”.