“Şimali Kipr Türk Cümhuriyyəti TDT-də tam üzv olmalıdır”
Aprelin 2-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin Bakıda ikinci görüşü baş tutub. Görüşün sonunda birgə bəyanat qəbul edilib.
TDT-nin XIII Zirvə görüşünün isə 2026-cı ildə Türkiyədə keçirilməsi planlaşdırılır. Bu tədbir, regiondakı proseslər fonunda Türk dövlətləri arasında əməkdaşlıq və birliyin gücləndirilməsi baxımından xüsusi önəm daşıyır
Türk pedaqoq, yazıçı-jurnalist Murat Anar mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-Regiondakı proseslər gərgin şəkildə davam edir. Hadisələrlə paralel TDT-nin Zirvə görüşü planlaşdırılır. Bunu necə dəyərləndirirsiniz?
-Türk dövlətlərinin yerləşdiyi coğrafiya bu gün, sözün əsl mənasında, “alov halqası” içərisindədir. ABŞ-İsrail-İran müharibəsi ən çox Azərbaycan və Türkiyəni yaxından maraqlandırır. İranda, başda Təbriz olmaqla, əhalinin təxminən 50 milyonu Azərbaycan türküdür. Təbrizdə nüvə və texnoloji obyektlər mövcuddur. Həmin yerlərin hədəfə çevrilmə ehtimalı hər zaman yüksəkdir. Bəli, bu şəraitdə Türk Dövlətləri Təşkilatı qarşıdakı dövrdə XIII toplantısını Türkiyədə keçirəcək.
-Azərbaycan və Türkiyənin regionda baş verən hadisələrə qarşı mövqeyinə münasibətiniz necədir?
-ABŞ-İsrail-İran müharibəsi fonunda həm Türkiyə-Azərbaycan əməkdaşlığı, həm də Türk Dövlətləri Təşkilatının mövqeyi diqqətəlayiqdir. Məlum olduğu kimi, İran Türkiyəyə raket də atdı. Türkiyədə bu raketlər NATO-nun hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirildi. Azərbaycanda isə Naxçıvanda hava limanına edilən dron hücumu nəticəsində maddi və insan itkiləri baş verdi.
Azərbaycan Respublikasının Prezidenti bu hücuma ən sərt şəkildə və gecikmədən cavab verdi. O, İranın bu addımını sülhpərvər mövqeyə qarşı edilən nankorluq kimi qiymətləndirdi. Türkiyə də diplomatik müstəvidə İrana açıq şəkildə mesaj verdi ki, həm Türkiyəyə, həm də Azərbaycana qarşı hər hansı hücum cavabsız qalmayacaq.
Türk dövlətləri isə bir-bir müharibədən deyil, sülhdən yana olduqlarını vurğuladı. Türkiyə və Azərbaycan bütün təxribatlara baxmayaraq, müharibə prosesini soyuqqanlı və koordinasiyalı şəkildə idarə etdi. Bu müharibə eyni zamanda Türk Dövlətləri Təşkilatının funksionallığı baxımından da bir sınaq oldu. Ortaq mövqe və birgə hərəkət sayəsində bu sınaq uğurla keçdi.
-İqtisadi cəhətdən sizin fikrinizcə TDT hansı addımları atmalıdır?
-Hörmüz Boğazını İranın bağlaması ilə neftin, təbii qazın və enerjinin önəmi bir daha açıq şəkildə ortaya çıxdı. Türk Dövlətləri üçün öz güclərini, xüsusilə ticarət, neft, təbii qaz və enerji sahələrində birləşdirmək artıq tarixi bir vəzifədir. Bu müharibə göstərdi ki, Türk Dövlətləri birləşdikdə bölgədə tarazlıq yarada, həmçinin tarazlığı poza biləcək gücə malikdir. Türk Dövlətləri Təşkilatı Avropa Birliyi kimi dünyaya təsir göstərəcək gücə sahibdir. Buna görə də iqtisadi birlik əldə olunmalıdır.
-XIII Türk Dövlətləri Təşkilatı toplantısından gözləntiləriniz nələrdir?
-Şimali Kipr Türk Cümhuriyyətini Türk Dövlətlərinin tanıması istiqamətində atılacaq addımların zamanı çatıb. Bu addımlar təşkilatın gücünə güc qatacaq. Addımlardan ilki Şimali Kipr Türk Cümhuriyyətinin statusunun Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvdən tam üzvlüyə yüksəldilməsi olmalıdır. Ardınca, Azərbaycan başda olmaqla, digər Türk Dövlətləri də tədricən Şimali Kipr Türk Cümhuriyyətini tanımağa başlamalıdır.
Bu müharibə göstərdi ki, Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri üçün strateji əhəmiyyətə malikdir.
Nəzəri cəhətdən, yəni sözdə, təşkilatın qəbul etdiyi qərarlar çox müsbətdir. Amma praktikada bu qərarların nə qədər həyata keçirildiyi sual altındadır. Bu suala da toplantıda cavab axtarılmalıdır. Təxirəsalınmaz şəkildə, bir çox sahələrdə Türk Dövlətlərinin əməkdaşlıq layihələri bu toplantıda qəbul ediləcək qərarlarla həyata keçirilməlidir.
Media və diaspora fəaliyyətləri dünyaya özünü tanıtmağın ən təsirli yoludur. Hər hansı bir Türk Dövlətində və ya Türkün yaşadığı coğrafiyada Türkün lehinə və ya əleyhinə bir hərəkət olsa, bütün Türk Dünyası bundan xəbərdar olmalıdır. Türk birliyi arzu edilirsə, bu birliyin zəruriliyi bütün Türklərə media vasitəsilə çatdırılmalıdır.
-Bəzən türk dövlətlərini bir-birlərinə qarşı qoymaqdan ötrü mediadan alət olaraq istifadə edilir. Bunu necə oxuyursunuz?
-Bu mövzular ciddi şəkildə araşdırılmalıdır. Əks halda media vasitəsilə Türk Dövlətləri arasında nifaq salmaq çətin olmayacaq. Türkiyədə bir qisim, Türk birliyinə və xüsusilə Azərbaycana qarşı düşmən münasibət sərgiləyir. Təəssüf ki, bunu Türkiyə mediasında da müşahidə edirik.
Azərbaycan isə ABŞ-İsrail-İran müharibəsində nə Türkiyədən, nə də Türk Dövlətləri Təşkilatından fərqli düşünmür. Azərbaycanın İsrailin yanında, İslam dünyasının qarşısında durmaqla ittiham edənlər, bunu mediada işıqlandıranlar "İranla müharibə davam edərkən Azərbaycanın göndərdiyi humanitar yardımları və Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Biz paytaxtı Qüds olan müstəqil Fələstin Dövlətinin varlığını istəyirik və dəstəkləyirik” açıqlamasını eşidəndə bir qədər utandılarmı?" sualı doğur.
Türkiyədəki Türk düşmənlərinə rəğmən, Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Yaşasın Türk Dövlətləri və Türk Birliyi!
-İsmayıl bəy Qaspıralının "Dildə, işdə, fikirdə birlik" ideyası bu gün niyə vacibdir?
-Dünyanın və bölgənin yaşadıqları bir daha sübut etdi ki, Türk dilində, fikirində və işində bir olsa, bu coğrafiyaya sülh, sabitlik və əmin-amanlıq gətiriləcək.
Dildə birlik ideyası hazırda çox vacibdir. Məsələn, Azərbaycanda bəzi jurnalistlər "Türk dili", "Türk mediyası" ifadələrini işlədirlər. Xahişim odur ki, Türkiyə mediasına “Türk Mediyası” deməyin. Çünki siz də Türksünüz, biz də Türkük. Biz Türkiyədə yaşadığımız üçün Türkiyə Türküyük, siz isə Azərbaycanda yaşadığınız üçün Azərbaycan Türküsünüz. Buna görə də bizim mediaya “Türk Mediyası” deyil, “Türkiyə Mediyası”, dilimizə isə "Türk dili", deyil, “Türkiyə Türkçəsi” deyilməlidir.