“Subaylıq vergisi” demoqrafik böhranı həll etməyəcək - EKSPERTDƏN REAKSİYA

Mehriban Zeynalova: İnsanları evlənməyə məcbur etmək çıxış yolu deyil

Vergilər azmış kimi, indi də subaylıq vergisi gündəmə gətirilir. Guya ki subaylıq vergisi tətbiq edilsə, evlənənlərin sayı artacaq, boşanmalar azalacaq, doğum göstəriciləri yüksələcək. Hərçənd mütəxəssislər bunun absurd olduğunu düşünür və belə bir verginin tətbiqini lazımsız sayaraq evlilik-boşanma hallarına heç bir təsiri olmayacağını bildirirlər.

Xatırlatmaq yerinə düşər ki vaxtilə SSRİ-də subaylıq vergisi tətbiq edilib. 1941-ci ildən tətbiq edilən və rəsmi adı "Subaylığa və uşaqsızlığa görə vergi" (rus dilində Налог на холостяков, одиноких и малосемейных граждан) olan xüsusi vergi mövcud idi. Bu vergi övladı olmayan bütün şəxslərə şamil edilirdi.Verginin əsas xüsusiyyətləri belə idi ki, 20-50 yaş arası övladı olmayan kişilərdən və 20-45 yaş arası övladı olmayan qadınlardan, həm subay, həm də evli olmalarından asılı olmayaraq, tutulurdu. Bu şəxslər gəlirlərinin, əməkhaqlarının təxminən 6%-ni dövlət xəzinəsinə ödəməli idilər. Məqsəd isə guya bu idi ki, demoqrafik vəziyyət yaxşılaşsın, subaylardan və övladsızlardan tutulan vergi çoxuşaqlı ailələrə, həmçinin tənha analara dövlət tərəfindən maddi yardım kimi verilsin. Amma bu vergi tələbələrdən, gəlirləri çox aşağı olanlardan, hərbi qulluqçulardan və tibbi cəhətdən övlad sahibi ola bilməyən, sonsuzluğu təsdiqlənən şəxslərdən tutulmurdu. Həmçinin, övladları müharibədə həlak olan ailələr də bu vergidən azad edilmişdi.Bu vergi Sovet İttifaqı dağılana qədər, yəni 1990-cı illərin əvvəllərinə qədər qüvvədə qalmışdı. Yəni, istənilən halda vergi kateqoriyalar üzrə təyin edilirdi, subaylara və uşaqsızlara ucdantutma şamil olunmurdu. 

Amma bu verginin demoqrafik vəziyyətə necə təsir etdiyi barədə dəqiq məlumat verə bilməyəcəyik, çünki statistik rəqəmlər əlimizdə yoxdur. Hazırda ölkəmizdə evlənənlərin sayının azlığı, boşananların çoxluğu, ailə tərkibinin də atalı-analı, bir, uzaqbaşı 2 övladlı olması faktdır. Tək-tük ailələr var ki 3 və daha artıq övlada sahibdir. Hətta çoxuşaqlı sayılacaq ailə gördükdə, əksəriyyət ağız büzür; neynirsiz bu qədər uşağı, necə saxlayacaqsız? 

Subaylıq vergisi, vəziyyəti düzəldə bilərmi?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, müasir dövrdə evliliyi təşviq etmək üçün "subaylıq vergisi" tətbiq etmək effektiv həll deyil. Bu yanaşma insanları ailə qurmağa həvəsləndirməkdən daha çox, subay insanlara əlavə maliyyə yükü yaratmaq riski daşıyır: 



- Ailə qurmaq şəxsi seçim, sosial və iqtisadi imkanlarla bağlı məsələdir. Vergi vasitəsilə insanları evlənməyə məcbur etmək uzunmüddətli perspektivdə sağlam ailə münasibətlərinin formalaşmasına zəmanət vermir. Bu gün əsas problem insanların evlənmək istəməməsi deyil, bir çox hallarda evliliyə hazır olmaması və ya iqtisadi çətinliklər səbəbindən bu qərarı təxirə salmasıdır. Mənzil problemləri, işsizlik, gəlir qeyri-sabitliyi, uşaq baxımı xərcləri və gələcəklə bağlı qeyri-müəyyənliklər gənclərin ailə qurmaq qərarına ciddi təsir göstərir. Buna görə də keçmişdəki inzibati və məhdudlaşdırıcı mexanizmlərə qayıtmaq əvəzinə, müasir təşviq modellərinə üstünlük vermək daha məqsədəuyğundur. Məsələn, gənc ailələr üçün əlçatan mənzil proqramlarının genişləndirilməsi, ilk nikah quran cütlüklər üçün vergi güzəştləri, uşaq sahibi olan ailələrə sosial dəstəyin artırılması, gənclərin məşğulluq imkanlarının gücləndirilməsi, iş və ailə həyatının uzlaşdırılmasını asanlaşdıran çevik əmək siyasətlərinin tətbiqi, valideyn məzuniyyətlərinin və uşaq baxımı xidmətlərinin inkişaf etdirilməsi. Vergiləri artırmaq yox, əksinə, azaltmaq, güzəştlər tətbiq etmək və bununla da evliliyə təşviq etmək daha faydalı olar.  

M.Zeynalova qeyd etdi ki, ailə institutunu gücləndirməyin yolu insanları cəzalandırmaqdan deyil, ailə qurmağı daha təhlükəsiz, əlçatan və cəlbedici etməkdən keçir. XXI əsrdə uğurlu demoqrafik siyasət məcburiyyətə deyil, imkanların yaradılmasına əsaslanmalıdır.