Bakıdakı həyət evlərinə mülkiyyət sənədi vermək çətindir: Çoxu qanunsuz tikilib

Dövlət başçısı İlham Əliyevin müvafiq qərarına əsasən 2020-c ilə kimi Bakı və Bakıətrafı ərazilərdə yerləşən bütün mənzillərə mülkiyyət sənədi verilməlidir.

"Kupça"laşdırma ilə bağlı müvafiq işlər görülsə də, sənədsiz evlər məsələsi hələ də qalmaqdadır. İlin sonuna 3 aydan da az vaxt qaldığı üçün, belə hesab etmək olar ki, gələn ilə kimi problem tam həllini tapmayacaq.



Əliməmməd Nuriyev: "Əgər hər qurum öz işin öhdəsindən gəlsə ilin sonuna kimi bu məsələ həll oluna bilər"


Məsələ ilə bağlı Sherg.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, bu, göründüyü kimi asan məsələ deyil:

“Müxtəlif qurumlara, o cümlədən Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müvafiq tapşırıqlar verilib. Bu işdə onlar kompleks fəaliyyət göstərməlidirlər. Yalnız Arxitektura Komitəsinin rəyindən sonra, çoxmənzilli binalara mülkiyyət sənədi verilə bilər. Bildiyim qədərilə artıq xeyli sayda mənzilə sənəd verilib.

Lakin həyət evlərində yaşayan sakinlərin işi daha çətindir. Çünki həmin evlərin bir çoxu qanunsuz tikilib və ərazilərdə təhlükəsizlik təmin olunmayıb. Məsələn dəmiyolunun yaxınlığında tikilən evə heç bir halda mülkiyyət sənədi verilə bilməz. Deməli, ya dəmiyolu xəttinin yeri dəyişməli, ya da insanlar köçürülməlidir. Hər halda ən əsas məsələ insanların təhlükəsizliyidir.  Düşünürəm ki, əgər hər qurum öz işin öhdəsindən gəlsə ilin sonuna kimi bu məsələ həll oluna bilər”. 

Kənan Novruzov