Məzarlar rəqabət predmetinə çevrilib: 120 min manata qara mərmərdən baş daşı qoyanlar var

“200-300 manatlıq məzar daşları başadüşüləndir. Ancaq 30-50 min manatlıq, hətta 120 min manatlıq qara mərmərdən başdaşı qoyanlar var”. Bu barədə İTV-də yayımlanan “Sabaha saxlamayaq” verlişində etnoqraf Təvəkkül Səlimov deyib.

Ekspert vurğulayıb ki, 200-300 manat civarında qəbir daşlarının olması qəbulolunandır: “Qəbir daşlarını düzəldən adamlar bu işdən çörək pulu qazanırlar, dolanırlar. Lakin biz 120 min manatlıq qara mərmərdən qoyulan baş daşlarının əleyhinəyik”. 



İlahiyyatçı bildirir ki, islam təmtəraqlı məzarları qadağan edir


Dəfələrlə gündəmə gətirilmiş problemi “Şərq”ə dəyərləndirən ilahiyyatçı-alim Hacı Şahin Həsənli deyib ki, bahalı məzar daşları dini dəyərlərlə yanaşı, sağlam məntiqə də ziddir. Bu şəkildə davranmaq yolverilməzdir və israfçılıqdır. İlahiyyatçının sözlərinə görə, islam dini bahalı qəbir daşlarını, görkəmli məzarları qadağan edir:

“Bahalı məzar daşlarına sərf olunan vəsaiti faydalı işlərə xərcləmək lazımdır. Xeyir iş görmək və bunu rəhmətə getmiş mərhumun ruhuna bağışlamaq daha savabdır. Mərhumun ruhu həmin bahalı baş daşından deyil, məhz savab əməldən şad olar. Məncə, bu, yanlış dünyagörüşün və yanaşmanın nəticəsidir. Çünki insanlar məzar daşları ilə öyünür, bunu bir rəqabət predmetinə çevirirlər. Şan-şöhrət xəstəliyi təəssüf ki, qəbiristanlıqda da özünü göstərir. İnsanların məzarlar vasitəsi ilə özlərini cəmiyyətə təqdim etməsi yolverilməzdir. Bir çox hallarda sağlığında valideynlərinə yaxın durmayan, onlara qayğı göstərməyən şəxslər ata-anaları dünyasını dəyişəndən sonra təmtəraqlı qəbir daşları, bahalı mərmərlər sifariş edirlər. Bunlar çox mənasızdır. Hansı tərəfdən yanaşsaq, kökündən yanlışdır və yolverilməz haldır”. 

Ekspert vurğulayıb ki, bununla bağlı qanunvericilikdə müəyyən dəyişiklik edilməsi gündəmdədir:

“Düşünürəm ki, müəyyən standartlar olmalı, məzar daşları standartlara cavab verməlidir. Hər hansı fərq nəzərə çarpmamalıdır. Yalnız o halda vəziyyət müsbətə doğru dəyişə bilər. Xarici ölkələrdə bu metod tətbiq olunmaqdadır. Hətta əksər müsəlman ölkələrində, eləcə də xristian dövlətlərində bahalı mərmər daşlarından istifadə olunmur. Məzarlara sadə bir əlamət qoyulur və insanlar həmin əlamətlərə əsasən öz yaxınlarını tanıyır, ziyarət edirlər. Azərbaycanda da bunu tədricən tətbiq etmək mümkündür. İnzibati üsullarla yanaşı, maarifləndirici işlər də aparmaq lazımdır. Bunu həm din xadimləri, həm də ziyalılar həyata keçirməlidir. Quru sözdən əlavə isə ortada konkret nümunələr olmalıdır. Cəmiyyət tərəfindən sayılıb-seçilən insanlar, nüfuzlu şəxslər sadə insanlara örnək addımlar atmalıdırlar”.