Telman Mirzəyev: "26 il bu Vətənə xidmət edib, qəhrəmancasına şəhid olasan, amma sənə 26 metr torpaq verməyələr ki, orada büstün qoyulsun!"
“Bu il Aprel zəfəri ilə bağlı Sabirabadda keçirilən tədbirdə qeyd oluundu ki, milli qəhrəman Murad Mirzəyevin xatirəsinin əbədiləşməsi üçün doğulduğu Sabirabad rayonunda, rayonun hansısa kəndində ya bir küçəyə, ya da litseyə Murad Mirzəyevin adı veriləcək. Amma hələ də ortada əməli iş yoxdur”.
Bunu “Sherg.az”a Aprel döyüşlərində qəhərmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev bildirib. Şəhid atasının sözlərinə görə, ona Muradın büstünün hazır olduğunu deyirlər:
Büstü 2-3 ildir, hazırlayıblar, amma qoyulmayıb. Yer tapa bilmirlər. Rayon İcra Hakimiyyəti yer tapıb, qoya bilmir. 3-4 ildir, xatirəsi əbədiləşməyib. Hər dəfə deyirlər ki, Şəhidlər Xiyabanında büstü qoyulacaq, amma nəticə yoxdur. Yasamalda yaşadığı ünvanda adına küçə veriblər. Amma doğulduğu rayonda, kənddə heç bir addım atmırlar.
Necə rayondu, necə icra başçısıdır, başım çıxmır. 26 il bu Vətənə xidmət edib, sonda da düşmən tapdağında olan ərazilərimizin bir qismini azad edərkən qəhrəmancasına şəhid olasan, amma sənə 26 metr torpaq verməyələr ki, orada sənin büstün qoyulsun. Bu məsələ mən sağkən həll olunmursa, başqa vaxt heç bir halda həll olunmayacaq. Dəfələrlə icra hakimiyyətində olmuşam, müraciət etmişəm, hər dəfə bir söz verib, yola salırlar. Amma yenə də nəticə yoxdur.
Artıq xəstəlik tapmışam. Bu məsələyə görə, nə qədər əsəbləşməliyəm ki?! Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, müdafiə naziri Zakir Həsənov Muradın ailəsini hər şeylə təmin ediblər. Ailəsinin, balalarının dolanışığı yaxşıdır. Dövlət onları hər cür diqqət və qayğı ilə əhatə edib. Bayramlarda köməklik göstərirlər.
Mənim davam rayon icra başçısı ilədir. Başçı milli qəhrəmanla bağlı heç bir iş görmür. Mən ondan çörək istəmirəm, paltar, su istəmirəm. Şəhid Murad Mirzəyevin xatirəsinin əbədiləşməsini istəyirəm. İcra iki daşı üst-üstə qoyub, büst qoymur. Neçə ildən sonra Murad kimi, qəhrəman oğulların sayəsində tilsim qırıldı və torpağımızın müəyyən bir hissəsini azad etdik. Amma bu İcra Hakimiyyəti şəhidin xatirəsini əbədiləşdirmir”.