Üç böyrəkli Qarabağ qazisi - Birini... – Tükürpərdən fakt +FOTO


Qarabağ qazisi Ağamalı Baxşəliyevin 3 böyrəyi var. Bu o demək deyil ki, o üç böyrəkli doğulub. A. Baxşəliyev Qarabağ uğurunda gedən döyüşlərdə ayağının birini, aldığı xəsarətlərdən illər sonra hər iki böyrəyini itirib. 

“Sherg.az” xəbər verir ki, bu sözləri bu gün Qarabağ Qaziləri İctimai Birliyinin sabiq rəhbəri, Qarabağ qazisi mərhum Etimad Əsədovun doğum günü ilə bağlı keçirilən anım tədbirində onun silahdaşı Rizvan Vəliyev söyləyib. R.Vəliyevin sözlərinə görə, A.Baxşəliyevin həyat yoldaşı öz böyrəyinin birini ona verərək qazini yenidən həyata qaytarıb:

Əlbəttə, bu o deməkdir ki, həmin xanım da qazidir. Qazini yaşadan qəhrəman qadın da qaziyə, qəhrəmana bərabərdir. Biz qazilərin hər biri əzalarını itirmiş adamlarıq. Bizə dözmək, bizə qulluq etmək, bizimlə ömür sürmək elə də asan deyil. Bizim əziyyətimizi çəkən namuslu, mərd,cəsur  xanımlar bu cəmiyyətə örnək, etalon olmalıdırlar. Mən onların qarşısında baş əyirəm. Bu gün əslində mən iki tədbirə gəlmişəm.

Həm dostum, qardaşım Etimad Əsədovun doğum günüdür, həm də onun ömür-gün yoldaşı, əziz bacım Məlahət Rzayevanın Etimad bəy haqqında yazdığı "Fevraldan sonra... Mart" əsərinin, kitabının təqdimatıdır. Bu kitab əslində tək Etimad bəyə deyil, bütün qazilərə ithaf olunub. Məlahət xanımın da qarşısında baş əyirəm. Var olun, Məlahət xanım”.