“Qarabağ Qaziləri” İctimai Birliyinin sabiq sədri, mərhum Etimad Əsədovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşmış müharibə veteranları, hüquq müdafiəçiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Mərasim çərçivəsində qazinin həyat yoldaşı, tanınmış jurnalist, “Şərq” qəzetinin əməkdaşı Məlahət Rzayevanın Etimad Əsədova ithaf etdiyi “Fevraldan sonra... mart” kitabının təqdimatı da baş tutub.
Tədbiri giriş sözü ilə açan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu mərhum qazi barədə fikirlərini bəyan edib:
“Bu gün qazilər hərəkatının rəhbəri, Qarabağ əlillərinin, şəhid ailələrinin hüquqlarının müdafiəsi uğrunda mübarəzinin təməlini qoymuş, bu yolda da mətinliklə, rəşadətlə savaşmış Etimad Əsədovun anım tədbirinə toplaşmışıq. Dekabrın 20-si onun doğum günüdür. Eyni zamanda E.Əsədovun ömür-gün yoldaşı, tanınmış jurnalist Məlahət xanım Rzayevanın qələmindən çıxmış “Fevraldan sonra... mart” kitabının təqdimatıdır. Qeyd edim ki, tədbirin təşkilatçısı “Qarabağ Qaziləri” İctimai Birliyidir. Etimad bəy Azərbaycan himnini çox sevərdi və hər zaman oxuyardı. Qazimiz dəfn olunanda da onu himnimizlə axirətə yola saldıq”.
R.Kərimoğlunun giriş sözündən sonra Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra Qarabağ uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra söz Mətbuat Şurasının sədr müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Rəhimoğluna verilib. U.Rəhimoğlu qazi Etimad Əsədovla tanışlığından söz açıb:
“Bəlkə də məclisdə ilk çıxışa daha çox haqqı olanlar var idi. Hesab edirəm ki, mərasimdə ilk sözün mənə verilməsi mənim üçün şərəfdir. Etimad Əsədovla ictimai fəaliyyətə başladığı dövrdən tanış olmuşam. Amma onunla yaxın münasibətimiz, ünsiyyətimiz qazinin çətin günlərində yaranıb. Etimad Əsədov sözün əsl mənasında Azərbaycan vətənpərvərliyinə, mübarizliyinə nümunə kişi idi. Onun ən gözəl portretini bizim sədaqətli bacımız Məlahət xanım yazdığı şəkilsiz kitabda yaradıb. Etimad bəy mübarizliyi, fədakarlığı ilə necə uca zirvədə dayanırsa, onun xanımı da həmin zirvədədir. Adamı qürurlandıran məhz bu məqamdır. Örnək ola biləcək bir məqamdır. Etimadın düzgünlük, haqq və ədalətdən geri çəkildiyini görməmişik. Hesab edirəm ki, bu kimi tədbirləri tez-tez təşkil etməliyik. İnsanlarımıza göstərməliyik ki, heç nə unudulmur. Biz Etimadı itirməklə sanki bir parçamızı itirdik. Onunla bağlı çoxlu xatirələrim var. Ruhu şad, yeri behişt olsun!”.
Qarabağ qazisi Yavər Hüseynov E.Əsədovla bağlı təəssüratını paylaşıb:
“Mən Məlahət xanıma təşəkkürümü bildirirəm. Eitmad bəyi müharibə vaxtı tanımağa başlamışam. O, döyüş əməliyyatlarında qəhrəman idi. Onun qəhrəmanlığı döyüş əməliyyatları ilə məhdudlaşmadı. Ondan sonra da Etimad bəy hər zaman millətin, dövlətin, qazilərin yanında olub. Məzlumların hüquqlarını müdafiə edib. E.Əsədov həqiqəti deməkdən çəkinməyib”.
Hüquqşünas Osman Kazımov Etimad Əsədovdan danışmağın çətin olduğunu deyib:
“Çiynimizdə ağır yük var. Bu gün o, yanımızda olmalı, ölkədə baş verənləri görməli idi. Mübarizənin önündə olmalı idi. Etimad Əsədov Vətən üçün heç nədən çəkinməzdi, Qarabağ qazilərinin hüquqları uğrunda daim mübarizə aparırdı. Sevinirəm ki, onların xatirəsini yaşatmaqla Vətənimizi, elimizi-obamızı yaşadırıq. Vaxt gələcək Etimad Əsədov daha yüksək dəyərinə qovuşacaq”.
Akif Kərimov da Etimad Əsədov kimi insanların fədai olduğunu söyləyib:
“Etimad mərd adamdır. Hamımız onun kimi insanların qarşısında baş əyirik”.
Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlı Etimad Əsədovun olduqca ciddi, ağıllı adam olduğunu, ən xırda nöqsanı belə qəbul etmədiyini söyləyib:
“Döyüşdə necə cəsarətlə vuruşurdusa, həyatda da eləydi. Dünyadan köçənə qədər öz ləyaqətini qorudu. Etimadda elə liderlik qabiliyyəti vardı ki, ətrafına insanları toplaya bilirdi, onlarla gözəl rəftar edirdi. Heç vaxt özünü fikirləşmirdi. Azərbaycanın mənafeyini hamıdan üstün tuturdu. Ölkənin hər bölgəsindən gələn qazilərin qayğılarını şəxsi problemi kimi qəbul edir, onun həlli üçün dəridən-qabıqdan çıxırdı. Etimad bəyin yaxşı əl qabiliyyəti vardı, gözəl yeməklər hazırlayırdı, elə xaş bişirirdi ki, dadından doymaq olmurdu. Onun dəfninə yığışan insan seli ona olan sevgini sübut edirdi. Nə qədər Azərbaycan var olacaq, Etimad Əsədov kimi qəhrəman övladlar da yaşayacaq. 2016-cı il aprel döyüşləri zamanı ordumuz düşmənə ağır zərbələr endirir, öz qüdrətini göstərirdi. Aprelin 2-də Rey Kərimoğlu, Etimad Əsədov, mən və bir neçə ehtiyatda olan zabitlər cəbhə bölgəsində, əsgər və zabitlərimizlə bir yerdə idik. Əhval-ruhiyyə o qədər yüksək idi ki, Etimad əsgərlərimizin şəraitini, onların əhvalını gördükcə uşaq kimi sevinirdi, bəlkə də dünyanın ən xoşbəxt insanı idi. İnşallah, işğal altındakı torpaqlarımızı azad edəcəyik, ordumuz buna qadirdir və bu, bizim haqqımızdır. Həmin gün Etimad Əsədov da daxil olmaqla şəhidlərimizin ruhu şad olacaq”.
Şəmistan Əlizamanlı çıxışından sonra iki hərbi mahnı ifa edib.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Etimad Əsədovun jurnalistlərin dostu olduğunu bildirib:
“Baxmayaraq ki, ağır müharibə yolu keçmişdi, amma media ilə daim əməkdaşlıq edirdi. Onun mühakimələri, qazilərin hüquqlarının müdafiəsi uğrunda apardığı savaş hər zaman diqqətimizdə idi. Bu savaşda jurnalistlər də iştirak edib. “Şərq”in 70 faizi bugünkü tədbirdə iştirak edir. Etimad bəyin bizim qəzetə özəl münasibəti var idi. Onun ömür-gün yoldaşı Məlahət xanım qəzetimizin əsası qoyulandan bu günə qədər çiyin-çiyinə çalışır. “Şərq”in inkişafına öz töhfələrini verir. Etimad bəyə həsr olunan kitablardan birinin təqdimatında demişdim ki, qazi Etimad Əsədovla bağlı çox kitab yazılacaq, ancaq ən gözəl kitabın müəllifi Məlahət Rzayeva olacaq”.
A.Aşırlı vurğulayıb ki, kitabın səhifələrindəki enerji, hiss və duyğular Etimad bəyi təkcə döyüşçü kimi təqdim etmir, eyni zamanda onun cəmiyyətdəki mövqeyini də düzgün ifadə edir:
“Vaxtı ilə bir müdrik adama sual edirlər ki, “qloballaşan dünyada, ailə dəyərlərinin öləzidiyi vaxtda gənclərə oxumaq üçün nəyi tövsiyə etmək olar?”. O adam cavab verir ki, sevgi və ailə münasibətlərində gənclərə ən yaxşı nümunə Ənvər Paşanın xanımı Naciyə Sultana, yaxud əksinə, Naciyə Sultanın Ənvər Paşaya yazdığı məktublardır. Biz bu kitabda həmin dəyərləri, ailə münasibətlərini görürük. Dəyərli kitaba görə Məlahət xanıma təşəkkür edirəm. Etimad bəy ölümündən bir neçə ay öncə “Şərq”ə gəlmişdi və Əhməd bəy Ağaoğlunun portretini bizə hədiyyə etmişdi. O, Əhməd bəy Ağaoğlunu çox sevirdi. Bu gün həmin portret “Şərq”in nəzdində yaradılmış Mətbuat Muzeyinin ən gözəl guşəsində sərgilənir. Allah Etimad bəyə qəni-qəni rəhmət etsin”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, hər qeyrətli kişinin arxasında qeyrətli qadın dayanır:
“Etimad bəy haqda kitab bütün qazilər haqdadır. Bütün qazilərin qarşısında baş əyirik. Onların hamısı uca zirvədədir və hər biri haqqında kitab yazmaq olar. Çünki onlar buna layiqdir. Şübhəsiz, Qarabağa da gedəcəyik, Füzulini də geri qaytaracağıq. Məlahət xanım kimi qeyrətli qadınlar yaşasın, gənclər də güc alsınlar”.