“Münhendə Prezident İlham Əliyevlə erməni baş naziri Nikol Paşinyanın debatı bütün dünyanın diqqət mərkəzində idi”.
Bunu Sherg.az-a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib.
Hüquq müdafiəçisi bildirib ki, canlı debat zamanı dövlət başçısı İlham Əliyevin tutarlı faktlarla qarşı tərəfi susdurması, Azərbaycan həqiqətləri, ümumiyyətlə beynəlxalq hüququn norma və prinsipləri ilə bağlı çox səlis, məntiqli və qətiyyətli çıxışı dünya ictimaiyyəti tərəfindən yaxından izlənildi:
“Bu, Azərbaycan diplomatiyasının və dövlət başçısının növbəti uğuru, qələbəsi idi. Təbii ki, Azərbaycan dövləti Qarabağ münaqişəsində haqlı tərəfdir. Biz dövlətimizin haqlı mövqeyini dünyanın diqqətinə çatdırmaq üçün əlimizdən gələni edirik. Ölkə rəhbəri cənab İlham Əliyev də bu haqlı təbliğatın başında duran əsas şəxsdir. Prezident ölkəmizin həqiqətlərini ən nüfuzlu beynəxalq tribunalarda, forumlarda, konfranslarda qətiyyətli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Münhen debatı dünya ictimaiyyətini növbəti dəfə ayıltdı və erməni diasporasına böyük zərbə oldu. Təsadüfi deyil ki, artıq Ermənistan ictimaiyyətində Nikol Paşinyana olan etimadsızlıq və inamsızlıq daha da güclənib. Ermənilər baş nazirin zəif siyasi fiqur olduğunu qəbul edirlər. Xaricdə yaşayan erməni ekspertlər belə Paşinyanın Münhen fiaskosunu etiraf etmək məcburiyyətində qalırlar. Bu, həm dövlət başçısı İlham Əliyevin beynəlxalq nüfuzundan, siyasi iradəsindən, həm də Azərbaycanın haqlı mövqeyindən irəli gələn bir situasiyadır”.
Ə.Şahidov vurğulayıb ki, hər bir vətəndaş Prezidentin siyasi kursuna sadiq qalaraq, fəaliyyət sahəsindən asılı olmayaraq, Azərbaycan həqiqətlərini yaymaqda davam etməlidir:
“Diplomatlar, səfirlər, jurnalistlər, diaspora və QHT nümayəndələri, ümumiyyətlə bütün ictimai fəallar ölkə başçısından nümunə götürərək həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır. Hər cəbhədə, hər platformada düşməni nokaut vəziyyətinə salmalıyıq”.