Sərhəddə səyyar çadırlar quruldu - "... Əgər təhlükə olsa, gizlədən deyilik" - FOTO



Bütün ölkə koronavirusla bağlı hazırlıq vəziyyətinə gətirilib


Azərbaycanda koronavirus xəstəliyi ilə mübarizə məqsədilə yaradılan qərargah fəaliyyətə başlayıb. Azərbaycan ərazisində yarana biləcək təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. 

İnsan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir 


Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna hidrogen peroksid (perekis) tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır.
Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev bu metoddan özbaşına istifadənin məsləhətli olmadığını deyib: “Əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Çünki bildiyiniz kimi perekis qıcıqlanma yarada bilən bir məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər. Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir”.

Baş epidemioloqun sözlərinə görə, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur: “Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi “Oksalin” məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar”. Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır. Çünki xəstələnməyən insanın maska taxması məntiqli deyil: “Əgər bu virus ölkədə varsa, maska taxılsa da insana keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım? Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar”. İ.Ağayev bildirir ki, hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. O, ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. Yalan informasiyalarla əhali arasında panika yaratmağın düzgün olmadığını bir daha vurğulayıb. İ.Ağayev qeyd edib ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bu haqda dərhal ictimaiyyətə məlumat veriləcək: “Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik”. Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.

Koronavirusla əlaqədar Bakı Limanında qaynar xətt yaradılıb


"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin koronavirusun yayılması xəbərləri fonunda qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə qaynar xətti fəaliyyətə başlayıb.
Bakı Limanından verilən məlumata görə, dünya üzrə koronavirusun yayılması xəbərləri fonunda Bakı Limanı ərazisində mövcud nəzarət buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Limana daxil olan sərnişinlər Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır.

Məlumata əsasən, liman və Komitə əməkdaşları müvafiq mühafizə preparatları ilə təmin olunub, sərnişinlərin keçid məntəqələri vaxtlı-vaxtında dezinfeksiya olunur. Səhiyyə Nazirliyinin təcili tibbi yardım avtomobilləri ərazidə daim fəaliyyət göstərir.

Buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər


Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycanın dövlət sərhəd buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidində məhdudiyyətlərin tətbiq olunması barədə məlumatlar yayılmaqdadır.
Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi bu məlumatların həqiqətə uyğun olmadığını və reallığı əks etdirmədiyini bildirib.
"Azərbaycanın həmsərhəd ölkələrlə dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyib. Dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.
Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlumat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhədindən buraxılış məntəqələrində tibbi profilaktik tədbirlər gücləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət orqanları arasında koronavirus xəstəliyinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək səviyyədə təşkil olunub.



Dövlət sərhədindən buraxılış məntəqələrində sanitarkarantin nəzarətinin gücləndirilməsi, “koronavirus” xəstəliyinə yoluxmalarına şübhələr yaranan şəxslərin aşkarlanması və tibbi təxliyəsi istiqamətində kompleks profilaktik tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunub. Ölkəyə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müasir tibbi-texniki vasitələrdən istifadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr yaranan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət olduqda tibbi təxliyələri təşkil edilir.
Dövlət sərhədindən keçən şəxslərin koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xidmət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunublar".

Çadırlar quraşdırıldı


Biləsuvar keçid məntəqəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən səyyar çadırlar quraşdırılıb.
Bu barədə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılan qərargahdan bildirilib.

Həkim Əli Nağıyev isə koronavirusla bağlı müxtəlif xəbər saytlarında  yayılan qorxulu  məlumatlardan gileylənib. Onun sözlərinə görə, bu qorxunun özü koronavirusdan daha öldürücüdür: 

"Adi qrip viruslarının bir növü olan koronavirusun ağciyəri zədələmə  ehtimalı olduğundan insanlar arasında təşviş yaradır. Halbuki bu sadəcə bir ehtimaldır. Elə başa düşülməsin ki, koronavirusa yoluxan hər kəs pnevmaniya xəstəliyinə tutulub ölməlidir. Bu günkü statistikaya görə, koronavirusdan ölmə faizi dünyada qripdən ölmə səviyyəsindən çox da yüksək deyil. Ona görə də belə məlumatlardan yaranan xofa o qədər də önəm verməyin, psixoloji cəhətdən özünüzü yormayın.Koronavirusdan ölənlər daha çox immun sistemi zəif olan yaşlı insanlardır. Sağlam orqanizmə sahib olan heç kəs bu virusdan qorxmasın. Ölüm tariximizi koronavirus yox, Allah müəyyənləşdirir. 



Düzdür, koronavirusdan qorunmaq üçün lazım olan profilaktik addımlar atılmalı, dövlət-keçid məntəqələrində ciddi nəzarət tədbirləri görülməli, virusa yoluxan insanlar karantinə alınmalıdır.  Həmçinin də  asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu tutun. Qızdırması olan və ya öskürən bir insanla yaxın təmasda olmayın. Əllərinizi tez-tez spirtlə silin, yaxud da ilıq su və ya sabunla yuyun. Sadə gigiyenik qaydalara əməl etmək və düzgün qidalanma ilə özünüzü koronavirusdan qoruya bilərsiniz".