Koronavirusdan 13 nəfər ölüb, biri 16 aylıq uşaqdır: Seuldakı azərbaycanlı tələbə "Şərq"ə danışdı

Çinin Uhan şəhərində yaranan ölümcül koronavirus epidemiyası gün keçdikcə öz əhatəsini daha da genişləndirir, artıq başqa ölkələrdə də koronavirusdan ölüm halları qeydə alınıb. Minlərlə insanın ölümünə səbəb olan bu dəhşətli virusla bağlı xarici ölkələrdə ab-hava necədir, virus əleyhinə hansı tədbirlər görüldüyünü öyrənmək üçün Cənubi Koreyanın paytaxtı Seulda jurnalistika təhsili üzrə  təhsil alan Nigar Eyyubova ilə əlaqə saxladıq.  

Nigarın dediyinə görə, Cənubi Koreyada koronavirusun kütləvi yayılmasına səbəb missioner bir qadının kilsədə dini ritualı icra etməsindən qaynaqlanıb: "Koronavirus daşıyıcısı olduğu sonradan  təsdiqlənən qadının Dequdakı kilsələrin birinə baş çəkərək ibadətə gələn xeyli adamı yoluxdurduğu güman olunur. Yerli hakimiyyət orqanları həmin kilsədə ibadətdə olmuş  insanları karantinə alıb,  onların da əksəriyyətində koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin simptomları müşahidə olunub. Ən pisi də odur ki, kilsədə koronavirusa yoluxan insanlar da  başqa-başqa şəhərlərə getdiyi üçün onlar da yoluxub.  Bu hadisədən sonra hökumət koronavirusun sürətlə yayılması ilə əlaqədar xəbərdarlıq dərəcəsini ən yüksək səviyyəyə qaldırıb. Çünki  həmin ana qədər Cənubi Koreyanın paytaxtı Seulda cəmi 7 şəxsdə koronavirus infeksiyası aşkarlanmışdı. Bunun da səbəbi paytaxt şəhərin turizm mərkəzi olması ilə bağlıdır". 



Nigar deyib ki, Cənubi Koreya əhalisi ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasının öhdəsindən gələ bilmədiyi üçün prezidentin istefasını tələb edir:  

"Bələdiyyə himayəsində olan xəstəxanalarda xüsusi rejim yaradılıb. Özündə qızdırma və öskürək əlamətləri hiss edən şəxslər dərhal xəstəxanaya müraciət edərək özünü yoxladır. Şəhərin əsas gediş-gəliş məntəqələrində  hərarət  ölçən aparatlar quraşdırıblar. Həmin ərazidən keçən hər hansı  şəxsin qızdırması varsa, cihazın işığı yanır və siqnal verir.  Ümumilikdə 2337 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb. Ölənlərin və yoluxanların əksəriyyəti yaşlı nəsildir. Biri isə 16 aylıq uşaqdır. Koronavirusa yoluxan 27 nəfərin sağaldığını deyən həmyerlimizin sözlərinə görə, həmin şəxslər SPİD xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitəsilə sağalıb".   

Nigar Cənubi Koreyada  da  maska qıtlığının yaşandığını deyib və səbəb kimi də  koronavirusun yayılmağa başladığı ilk günlərdə ölkədəki maskaların Çinə ixrac olunmasını göstərib: 

"Artıq vəziyyət o həddə çatıb ki, paytaxt  Seulda bir nəfərə iki dənədən artıq maska satılmır. Bundan əlavə maskaların qiyməti də 3 dəfədən çox bahalaşıb. Artıq insanlar maskanı  başqa ölkələrdən onlayn əldə etməyə başlayıb. İnsanların narazılığından sonra apteklərə nəzarət gücləndirilib. Ölkədə maska istehsalını artırmaq üçün imkanlı şəxslər  öz büdcələrindən  müəyyən miqdarda vəsait ayırmağa başlayıblar. İnsanların kütləvi toplaşdığı məkanlar, fitnes-klublar, alış-veriş, turizm mərkəzlərinə giriş məhdudlaşdırılıb. Universitetlər və orta məktəblərdə mart ayının 20-nə qədər tətil müddəti uzadılıb".