Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamı ilə ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq prosesinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.
Sərəncamı yüksək qiymətləndirən millət vəkili Tamam Cəfərova "Şərq" qəzetinə bildirib ki, dövlət başçısının bu addımı sahibkarlığa və iqtisadiyyata dəymiş ziyanın qarşısını maksimum şəkildə alınmasına hesablanıb:
“Məlumdur ki, bütün dünya koronavirus pandemiyası ilə ciddi mübarizə aparır. Bu mübarizə zamanı bütün insanların həyat tərzi dəyişib və buna görə də pandemiya dünya dövlətlərinin iqtisadiyatına ciddi zərər vurmaqdadır. Azərbaycanda da koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunması, o cümlədən vətənaşların sosial təcrid olunmasının təmin edilməsi iqtisadiyyata, sahibkarlığa təsirsiz ötüşmürdü. Az öncə Prezident İlham Əliyevin sərəncamı ilə koronavirus pandemiyası zamanı iqtisadiyyata dəymiş ziyanın qarşısının alınması məqsədilə 1 milyard manat vəsait ayrılıb. Bu bir daha onun göstəricisidir ki, Azərbaycan dövləti istənilən situasiyada vətəndaşını düşünür, vətəndaşının yanındadır və bir sözlə, dövlət xalqa bütün məsələlərdə dayaqdır. Bu gün Azərbaycan dövlətinin siyasətənin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda bu sərəncam dövlət-vətəndaş münasibətlərinin son dərəcə sıx və möhkəm əlaqələrinin göstəricisidir. Prezidentin sərəncamı qısa zamanda iqtisadiyyatın sabitliyinə olan mümkün təsirləri aradan qaldıracaq, əhalinin sosial rifahını son dərəcə ciddi şəkildə qoruyacaq və iqtisadi inkişafının davamlığını təmin edəcək”.