Jurnalistlər koronavirusdan necə qorunur? – “Ehtiyatı əldən vermək olmaz!” - SORĞU 


Son aylar koronavirus gündəmi zəbt edən ən əsas məsələdir. Səhiyyə işçiləri insanları diqqətlə olmağa, gigiyenik qaydalara əməl etməyə çağırır. Hələ ki, vaksini tapılmayan "sirli" virus isə canlar almağa davam edir. Maraqlıdır ki, "Dördüncü hakimiyyət" olan jurnalistlər koronavirusdan necə qorunur, hansı profilaktik tədbirləri görürlər? Bu suallarımıza cavab tapmaq məqsədilə gənc  media nümayəndələri arasında sorğu keçirdik:


“Dövlətimizin mübarizəsinə dəstəyimizi göstərməliyik”

 "525-ci qəzet"in əməkdaşı Şahanə Müşfiq deyib ki, artıq bir neçə aydır, bütün dünyanı öz cənginə alan koronovirus ölkəmizdə də təhlükəli hal alıb. Ancaq sevindirici haldır ki, dövlətimiz bu gözəgörünməz "düşmən”lə mübarizəyə çox erkən və operativ şəkildə başladı, bu gün də davam etməkdədir:

Aidiyyəti orqanların da dediyi kimi, xalqımız ilk növbədə özünü panikadan, sosial şəbəkələrdəki yanlış məlumatlardan və əsassız iddialardan qorumalıdır. Bu, o demək deyil ki, virusu ciddiyyə almamalıyıq. Elə deyil. Ehtiyatı əldən vermədən, gigiyena qaydalarına və həkimlərin dediklərinə əməl edərək, insanların sıx toplaşdığı məkanlardan uzaq olmağa çalışaraq həyatımıza davam etməli və dövlətimizin bu mübarizəsinə əlimizdən gəldiyi qədər öz dəstəyimizi göstərməliyik. Mən də bu günlərdə evdə oturmağa, insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çalışıram. Şəxsi gigiyena təkcə bu günlərdə deyil, hər zaman önəmlidir. Ancaq bu günlərdə daha çox diqqət edir, deyildiyi kimi spirt və dezinfeksiyaedici məhlullardan istifadəyə önəm göstərirəm. Jurnalist və yazıçı olaraq evdə qalmağımız elə də problem doğurmur. Çünki işimiz yazmaqdırsa, hər yerdə yaza bilərik.
Digər tərəfdən, məncə, hazırda Azərbaycan da daxil olmaqla bir çox ölkədə elan olunan karantindən maksimum yararlana bilərik. Bu günləri sağlıqla geridə qoymaq üçün kitablar, filmlər ən yaxşı köməyimiz ola bilər. Mən də işdən, günlük qaça-qovdan vaxt ayıra bilmədiyim, yarım qalmış işlərimi bu günlərdə tamamlamağı hədəfləmişəm. Allah dünyamızı qorusun!"



“Virusa laqeyd yanaşanları döyüşə qalxansız getmiş sərkərdəyə bənzədirəm”

APA holdingin müxbiri Mir Çingiz Ağazadə bildirib ki, sırf bütün milli jurnalistlər adına danışa bilməyəck. Çünki bu, qismən fərdi müdafiə üsullarına əsaslanan sualdır:

“ Bəlkə, biri özü və ailəsinə qarşı laqeyd yanaşır, beləsini döyüşə qalxansız getmiş sərkərdəyə bənzədirəm. Lakin  profilaktik tədbirlərə gəlincə, bizim ofis də daxil olmaqla bütün “APA Holdinq” hətta virus, gündəmi zəbt etməzdən öncə də mütəmadi olaraq həm dezinfeksiya olunurdu, həm də işçilərin həyat keyfiyyəti diqqətdə saxlanılırdı. Koronavirus pandemiyası ölkəmizdə ciddi şəkildə yayılmasın deyə dövlət əhəmiyyətli işlər görülür. Məlum məsələdir ki, həmin işlər, eyni zamanda, müvafiq tapşırıqlar, əmrlərdən formalaşır. Vəziyyətin ciddiliyi müzakirə obyektinə çevrilən gündən bəri, APA TV-nin müxbirləri insanların kütləvi toplaşdığı, dezinfeksiya edilən, yaxud da standart çəkilişlərə əllərini spirtləyib, N95 maskalar geyinərək gedirlər. Qeyd edim ki, qorunma üsulları əraziyə görə dəyişir. Məsələn, bizi karantin bölgəsinə göndərəcəkləri təqdirdə, maska, spirt, həmçinin, digər antivirus tərkibli məhlulların ümidinə buraxılmarıq. Şükürlər olsun, bizdə həm işçilər, həm də rəhbərlik problemin önəmini anlayır. Qəfil, heç nədən xəbərsiz biri kimi şirkətimizə daxil olsanız, bəlkə, fikirləşərsiniz ki, bura yəqin, xəstəxana, ya da laboratoriyadır". 



“Yeganə çıxış yolu həmrəy olmaqdadır"

REAL tv-nin əməkdaşı Şəbnəm Qurbansoy da diqqətə çatdırıb ki, gigiyena qaydalarına riayət edilməlidir:

“Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu qaydalara əməl etmək və ölkəmizin gördüyü izolyasiya tədbirlərinə dəstək olmalıyıq. Məncə, bir neçə həftə təcrid formada yaşamaq xəstələnməkdən daha yaxşıdır. İndiki halda təşvişə düşməmək, izolyasiyanı hüquqlarımızın məhdudlaşdırılması kimi yox, səhhətimizin qorunması kimi qəbul etmək, kimliyindən, vəzifəsindən, düşüncəsindən asılı olmayaraq, həmrəy olmaq, ələlxüsus da şayiələrə yox, real faktlara inanmaq lazımdır. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Bu, milli həmrəylik məsələsidir və dünyanın bəlasına çevrilmiş bu epidemiyadan yeganə çıxış yolu da həmrəy olmaqdadır".



“Müsbətə köklənib, hər şeyin yaxşı olacağına inanıram”

"Publika.az" saytının əməkdaşı Tağı Həsənov vurğulayıb ki,  artıq bir neçə gündür, ev şəraitində çalışırlar:

“Elə koronavirusa  qarşı ən böyük müdafiə də buradan başlayır. Çünki bir müddət iş üçün olsa belə insanların toplaşdığı, çoxluq təşkil etdiyi yerlərdə olmasaq, həm özümüzü, həm də ətrafımızdakı insanları qorumuş olarıq.
Koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə riayət edirəm. Məsələn, tez-tez tibbi spirtdən istifadə edir, hər yarım saatdan bir əllərimi maye sabunla yumağa çalışıram. Tibbi maskalardan istifadə edirəm. Bütün bunlarla yanaşı, virusla mübarizədə müsbətə köklənib, hər şeyin yaxşı olacağına inanıram. Onu da qeyd edim ki, sarımsaq və soğanın da ümumən qrip viruslarına qarşı faydalı olduğunu eşitmişəm, ancaq xoşagəlməz qoxusuna görə heç cür bu tərəvəzlərdən istifadə edə bilmirəm. Bunun əvəzində bol vitaminli meyvələrə üstünlük verirəm. Bu dövrdə daha çox təbii qidalardan istifadə etməyə çalışıram.
Ümid edirəm ki, pandemiya kateqoriyasına daxil olan koronavirusa qarşı mübarizədən xalqımız birlikdə üzüağ çıxacaq".



“Orqanizmi gücləndirmək, gigiyenik qaydalara əməl etmək əsas şərtdir”

"Media post" portalının müxbiri Azadə Bayramova düşünür ki,  pandemiyadan qorunmaq üçün tələb olunan qabaqlayıcı tədbirlər gündəlik həyatımızda etməli olduqlarımızdır:

“Bunu təkcə özümüzü qorumaq üçün deyil, başqalarını da qorumaq üçün etməliyik. Tez-tez əlimizi yumaq, spirtləmək, otağın havasını dəyişmək çətin deyil. Onsuz da ət məhsullarından hazırlanmış qidalardan çəkinirdim, yalnız indi koronavirusuna görə yumurtanı tam bişmiş halda yeyirəm. Əvvəllər isə yumurtanı tam bişməmiş yeyirdim. Məncə, virusun mənə əsas məhdudiyyəti bu oldu. Əsasən immuniteti gücləndirən qidalardan - meyvə, tərəvəz, müxtəlif ot bitkilərindən dəmlənmiş çaylardan istifadə edirəm. Hazırkı vəziyyətdə orqanizmi gücləndirmək və gündəlik gigiyenik qaydalara əməl etmək əsas şərtdir. Bütün bunlarla yanaşı, fürsətdən istifadə edib istirahət günlərində pozitiv filmləri, televiziya tamaşalarını izləməyi tövsiyə edirəm".