Misirdə koronavirusdan ölənlərin sayı 14 nəfərə çatıb


Misirdə koronavirusdan ölənlərin sayı 14 nəfərə çatıb. Bazar günü bu ölkədə daha dörd ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed bazar günü virusa daha 33 yoluxma halı qeydə alındığını bildirib. O əlavə edib ki, bugünədək ölkədə 327 nəfərdə COVID-19 virusu aşkar edilib.

Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada koronavirusa yoluxanların hamısı Misir vətəndaşlarıdır. Onlar xəstəxanalarda karantin altına alınıb və vəziyyətləri sabitdir. Həyatını itirənlər isə 51-80 yaşarası insanlardır. İndiyədək koronavirusdan müalicə olunan 56 nəfər sağalıb.

Xatırladaq ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi martın 22-də koronavirus pandemiyası ilə əlaqədar keçirdiyi müşavirədə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 6 milyard dollardan çox vəsait ayrıldığını, fond birjasına dəstək üçün isə sahibkarlara 1,2 milyard dollar veriləcəyini bildirib.