Deputat:“Koronavirusla Mübarizəyə Dəstək Fondu gözəl təşəbbüsdür”


Razi Nurullayev:“Bura toplanan vəsait karantinə alınan şəxslərin müalicəsinə, saxlanılmasına, otellərin xərcinin ödənilməsinə, dərmanların alınmasına yönələcək”

“Zərərçəkmişlərə birbaşa yardım da göstərməkdən çəkinməsilər"




"Ölkədə işləyən insanların, bəlkə də, 60-70 faizi ya müqaviləsiz, ya da günəmuzd işləyir".
"Serg.az"ın məlumatına görə bunu millət vəkili Razi Nurullayev deyib.
Deputat bildirib ki, xeyli adam rayonlardan gəlib Bakıda işləyib ailələrinə pul göndərir: 

"Onların bir çoxu ailəsini də Bakıya gətirib kirayədə qalır. İndi bu insanlar ağır vəziyyətlə üzləşiblər. Əlbəttə, qara bazarda işləmələri və kölgə iqtisadiyyatına töhfə vermələri onların günahı deyil. Buna məcbur olublar və ya ediliblər. Hətta bunu cənab Prezident də bir çıxışında vurğulayıb. İndi bu insanlar ilişib Bakıda qalıblar. Digər hissəsi isə kirayə pulunu necə ödəyəcəyini düşünür, ailəsini necə saxlayacağının əzabını çəkir, komunal xərcləri necə ödəyəcəyindən narahatdır".



Millət vəkilinin sözlərinə görə, cənab Prezident 1 milyard pul ayırıb və vəzifəli məsul şəxslər vurğulayıb ki, 12 istiqamət üzrə planlar və yardımlar hazırlanır: 

"Ümid edirəm ki, bir hissə də günəmuzd və müqaviləsiz işləyənlərə aid olacaq. Məncə, ən təxirəsalınmaz məsələ bu kateqoriya insanlar olmalıdır. Bu məsələ nə qədər tez həll olunarsa, faydalı olar. Narahatlıqlar çoxdur və təbii ki, mən dövləti, ölkə rəhbərliyini çox gözəl anlayıram. Bir yandan neftin qiymətinin düşməsi, bir yandan sərhədlərin bağlanması, digər yandan hər kəsin evdə oturması hökumətin üzərində böyük yük yaradıb. Buna baxmayaraq, mövcud resurslar hesabına vətəndaşlara kömək gecikməməlidir".

Parlamentari vurğulayıb ki, qaz və elektrik enerjisinə qoyulan məhdudiyyətin aradan qaldırılması zərurətə çevrilməkdədir: 

"Hökumətin tezliklə bu məsələyə baxacağına ümid edirəm. Ölkə Prezidenti tərəfindən Koronavirusla bağlı yaradılan Fond çox gözəl bir təşəbbüsdür. Bura toplanan vəsait karantinə alınan şəxslərin müalicəsinə, saxlanılmasına, otellərin xərcinin ödənilməsinə, dərmanların alınmasına yönələcək. Çox böyük xərclər tələb olunur və Fond da bu xərcləri qarşılamağa yardım edəcək. Azərbaycanda və xaricdə pulu-parası olan çoxlu həmyerlilərimiz var. Koronovirusla bağlı yaradılan Fonda pul köçürürlər, çox sağ olsunlar. Bununla bərabər, zərərçəkmişlərə birbaşa yardım da göstərməkdən çəkinməsilər".