“Biz indi yaxşı görürük ki, dünyanın müxtəlif yerlərində nələr baş verir. Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır, hər gün minə yaxın insan ən inkişaf etmiş ölkələrdə vəfat edir və tibb personalı artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Dövlət başçısı xəstəxanalar dolduğunu, xəstələrin dəhlizlərdə yerləşdirildiyini bildirib: “Bir çox insanlar ona görə vəfat edirlər ki, onlara vaxtında operativ tibbi xidmət göstərilmir, o da buna görədir ki, xəstələrin sayı kəskin artır və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz. Çünki bütün ölkələrin səhiyyə sistemləri normal şəraitə uyğunlaşdırılıb, o cümlədən Azərbaycanda. Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risk altına atır. Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm və ümid edirəm ki, Azərbaycan vətəndaşları bu məsuliyyət hisslərini nümayiş etdirəcəklər”.