Dünyanın əksər ölkələrində vətəndaşların təxliyyəsi ilə bağlı vəziyyət eynidir
COVİD-19 virusunun sürətlə yayılması dünyanın bütün ölkələrini qısa zaman fərqi ilə və istisnasız olaraq, ciddi, eyni zamanda heç vaxt qarşilasmadıqları çağırışlar qarşısında qoydu. Bir tərəfdən sərhədlərini bağlamaqla virusun xaricdən ölkəyə daxil olmasını məhdudlaşdırmağa və bununla da daxildə vətəndaşların təhlükəsizliyini təmin etməyə çalışan dövlətlər, digər tərəfdən bu və ya digər səbəblərdən ölkə xaricində olan vətəndaşlarının geri qayıtmaları ilə bağlı həlli bir çox hallarda mümkün olmayan problemlərlə qarşı-qarşıya qaldılar.
Koronavirusun sürətlə yayılması gözlənilməz olduğu kimi onun doğurduğu səbəblər də ərazisinin böyüklüyündən və ya kiçikliyindən, əhalisinin sayından, iqtisadi gücündən asılı olmayaraq, bütün dövlətlər üçün gözlənilməz oldu.
Əksər dövlətlərin xaricdə olan vətəndaşlarının ölkəyə təxliyyə olunması ilə bağlı yaşadıqları problemlər bir sıra siyasi və hüquqi spekulyasiyaların ortaya çıxmasına zəmin yaratdı. Hava limanlarının qapalı olduğunu, virus təhlükəsinin və tətbiq olunan karantin rejimlərinin diplomatların fəaliyyətini yetərincə məhdudlaşdırdığını nəzərə almayan, yaxud yaranmış vəziyyətdən sui-istifadə edən marginal qruplar dövlət-vətəndas münasibətlərində birincinin vəzifələrini ön plana çəkməklə ikincilərin konstitusion hüquqlarının pozulduğunu iddia etməyə başladılar. Və təəssüf ki, böyük əksəriyyət COVİD-19-dan öncəki dünyanın reallıqlarını xatırlamaq belə istəmir. Bu gün ayrı-ayrı dövlətlərin xaricdə olan vətəndaşlarının sayı on milyonlarla ölçülə bilər. Onların arasında bir neçə günlüyə müayinə, yaxud müalicə məqsədilə, işgüzar görüşlər üçün və ya turist kimi xarici ölkələrə səfər edənlərin sayı kifayət qədər azdır. Və onların da böyük əksəriyyəti öz ölkələrinə təxliyyə ediliblər. Çoxluğu isə əmək miqrantlari, bu və ya digər ölkəni özünə yaşayış yeri kimi seçən və nəinki Vətənini, bir çox hallarda dogmalarını belə xatırlamayanlar təşkil edir. Maraqlıdır ki, koronavirus pandemiyasından öncə heç ölkələrinə qayıtmağı belə düşünməyən insanlar indi hər vəchlə öz vətənlərinə qayıtmağa can atırlar
Bu isə koronavirus pandemiyası ilə mübarizədə böyük çətinliklər yaşayan ölkələr üçün əlavə problemlər yaradır.
Təxliyyə məsələsində əksər ölkələr demək olar ki, eyni problemlərlə qarşılaşırlar. Məsələn, Fransa hökuməti xaricdəki on minlərlə vətəndaşının yalnız yarısını təxliyə edə biləcəyini bəyan edərək bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. Lakin təxliyyə tələbi ilə çıxış edən xaricdəki fransızların qeyri-ciddi münasibəti bu prosesə böyük əngəllər yaradır. Çox vaxt önvədən ölkəsinə qayıtmaq istəyini bildirən fransızlar son məqamda fikirlərini dəyişir və ya ümumiyyətlə hava limanına gəlmirlər.
Əksər fransızları narahat edən məqamlardan biri göndərilən təyyarələrin ödənişli əsasda və olduqca yüksək qiymətə sərnişin qəbul etməsidir. Digər halda isə aviaşirkət təyyarənin tam dolmaması səbəbindən havaya qalxmaq istəmir və günlərlə bütün yerlərin dolmasını gözləyir.
Onu da qeyd edək ki, ölkəsini turizm və ya müalicə məqsədilə tərk edən və geriyə qayıda bilməyən Rusiya vətəndaşlarının sayı da onminlərlədir.
Təkcə Birləşmiş Ərəb Əmirliklərindən ölkəsinə qayıda bilməyən Rusiya vətəndaşlarının sayı 5 min, Hindistanda bloklanan rus turistlərinin sayı isə 3 min nəfərə yaxındır. Eyni problemləri Fransa, İspaniya, Slovakiya, Kosta-Rika və Peruda olan Rusiya vətəndaşları da yaşayırlar.
Yaranmış vəziyyətlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın sosial şəbəkələrdə etdiyi paylaşımlar diqqəti çəkir. O, dünyanın müxtəlif ölkələrində qalmış və Rusiyaya dönmək istəyən çoxlu sayda insanlardan müraciətlərin daxil olduğunu və onların təxliyəsi üçün dövlətin əlindən gələni etdiyini bildirib. Zaxarova illərlə xaricdə yaşayan və çalışan insanların indiki çətin dövrdə vətəni yada salmalarına da kinayə ilə yanaşıb.
Son mətbuat brifinqlərinin birində Mariya Zaxarova Rusiya Xarici işlər nazirliyi və xaricdəki diplomatik nümayəndəliklərinin Rusiya vətəndaşlarının xarici ölkələrdən təxliyə edilməsi üçün gərgin rejimdə çalışdıqlarını, lakin hamının təxliyə edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.
Rusiya operativ qərargahının qəbul etdiyi son qərarlardan biri isə ölkəyə 24 saat ərzində 200-dən çox şəxsin gəlməsinə icazə verilməməsi ilə bağlıdır ki, bu da onminlərlə insanın yaxın 2 ay ərzində geri qayıda biləcəyi perspektivini şübhə altına alır.
Daha öncə də qeyd etdiyim kimi dünyanın əksər ölkələrində vətəndaşların təxliyyəsi ilə bağlı vəziyyət oxşardır. Koronavirusun yaratdığı reallıqlar kimi…
Elçin Mirzəbəyli