Prezidentin “Biz birlikdə güclüyük” şüarı ALQIŞLANDI: “İnsanların qeydinə qalır”

Bəhruz Məhərrəmov: “Dövlətin məqsədi insanları cəzalandırmaq yox, əhalinin sanitar epidemioloji  sağlamlığını qorumaq və təhlükəsizliyinin keşiyində durmaqdır”



Azərbaycanda da koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da ağırlaşa bilər. Artıq hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir.  ÜST və Operativ Qərargahın tövsiyyələrinə uymayan, məsuliyyətsiz davranış sərgiləyəm insanlar özlərinin  və ətrafındakı şəxslərin həyatını riskə atır. 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 24 yeni  koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 298 nəfərdir, onlardan 15 pasiyentin vəziyyəti orta ağır, 11 isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 267-dir, onlardan 26 nəfəri sağalıb. Koronavirusa yoluxmuşlar arasında 5 ölüm faktı qeydə alınıb.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Millət vəkili  Bəhruz Məhərrəmov “Sherg.az” a açıqlamasında deyib ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində cəmiyyətin maarifləndirilməsi mühüm şərtlərdən biridir:

“Azərbaycanda həyata keçirilən maarifləndirmə tədbirlərinin başında məhz ölkə başçısı İlham Əliyevin özü dayanıb. Proseslər başlayandan Prezident iştirak etdiyi bütün tədbirlərdə mütəmadi  olaraq koronavirusla bağlı həyata keçirilən işlərdən danışır, sağlamlıqlarının qeydinə qalmaları üçün əhaliyə müraciət edib, onları ehtiyatlı olmağa səsləyir. İnfeksiyanın ölkəmizdə kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün dövlət üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Bu öhdəliklər təşkilatı tədbirlər çərçivəsində yerinə yetirilir. Həm də kifayət qədər maliyyə resursu ayırmaqla  maddi öhdəliklərini də yerinə yetirib və bu resursların aidiyyəti üzrə xərclənməsi istiqamətində də  zəruri addımlar atır. 
Sizin də bildiyiniz kimi, dövlət başçılarının bütün çıxışlarında  əsas narahatlığı vətəndaşların karantin qaydalarına uymaması ilə bağlıdır.  İnsanlar vəziyyətin nə qədər təhlükəli olduğunu anlamaq istəmir. Həm özlərinin, həm də ətrafındakı insanların sağlamlığına biganə yanaşırlar. İnsanlar dərk etməlidir ki, bu fərdi yox, ümummilli təhlükəsizlik məsələsidir. Hər kəs dövlətin qayda- qanunlarına uyğun addım atmalı, karantin rejiminə ciddi əməl etməlidir”. 

Deputat qeyd edib ki,  dövlətin məqsədi əhali arasında panika və ajiotaj yaratmadan əhaliyə koronavirus infeksiyası ilə bağlı vəziyyətin kifayət qədər təhlükəli hal aldığını, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə biləcəyini izah etməkdir:

"Statistik göstəricilərə görə, ölkəmiz real təhlükə mərhələsinə qədəm qoyub. Yoluxma və ölümlərin sayı artır, bundan sonra da artacağı istisna deyil. Millət vəkilinin sözlərinə görə, vətəndaşların məsuliyyətsizliyi davam edəcəyi təqdirdə dövlət ölkədə fövqəladə vəziyyət elan edərək  daha sərt qaydalar qoyub, cəza tətbiq etməklə vəziyyəti nəzarət altına almaq məcburiyyətində qala bilər. Hazırda isə  insanların izolyasiya və karantin qaydalarına əməl etməsi üçün maarifləndirməyə üstünlük verir. Vətəndaşlar da bunu nəzərə almalı və qaydalara riayət etməlidir. Bütün bunların dövlətin əhalinin təhlükəsizliyinə yönəlik həssaslığının göstəricisidir: “ Azərbaycan qanunvericiliyi koronavirus pandemiyasına hazırlıqlı deyildi. Lakin yeni formalaşan parlament elə ilk iclasdaca müvafiq vəziyyəti nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin  111-ci maddəsini redaktə etdi. Eyni zamanda Cinayət Məcəlləsinə 139- 1-ci maddə əlavə olundu. Bununla da həm inzibati tənbeh tədbirləri, həm də cinayət məsuliyyətinə  görə nəzərdə tutulan cəza  maksimal dərəcədə sərtləşdirildi. Bu o deməkdir ki, hüquq mühafizə orqanları karantin rejimini pozan  şəxsləri tənbeh edə, ciddi əsasları olduqda isə həbs edə bilər. Lakin bizim dövlətin məqsədi insanları cəzalandırmaq yox, əhalinin sanitar epidemioloji  sağlamlığını qorumaq və təhlükəsizliyinin keşiyində durmaqdır”.

B.Məhərrəmovun sözlərinə görə, dövlət başçısı “Biz birlikdə güclüyük” deməklə  öz nüfuzunu ortaya  qoyub:

"Bu bütün dünyada rəhbərlər üçün kifayət qədər riskli bir addım hesab olunur. Amma İlham Əliyevin bu şüarı  cəmiyyətdə  dəstəkləndi. Hətta ayrı- ayrı siyasi qüvvələr belə bu prosesdə radikal münasibət sərgiləməkdən uzaq oldular. Pandemiya bir növ bizə Azərbaycanda siyasi çatların o qədər də dərin olmadığını,dövlətin çətin günlərində mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlının vahid çətir altında toplanma imkanını nümayiş etdirdi".