"Çox qısa vaxt ərzində dövlət proqramında nəzərdə tutulan yardımların icrasına başlanacaq"
Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir.
Məhz bu məqsədlə İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb. Dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.
Sosial Tədqiqatlar Mərkəzi, Sosial-iqtisadi təhlil departamentinin rəhbəri, iqtisadçı Seymur Əliyevin sözlərinə görə, koronavirusla bağlı yaranan problemlərin aradan qaldırılması, iqtisadiyyatın tənzimlənməsi və iqtisadi dayanıqlığın təmin edilməsi baxımdan əhatəli dövlət dəstəyi proqramının hazırlanaraq geniş ictimaiyyətə çatdırılması alqışalayiq haldır:
“Hesab edirəm ki, bu yerində verilmiş bir qərardır. Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizəyə beynəlxalq vəsaitlər ayrılsa belə işlənən mexanizmlə bağlı konkret qərarlar yoxdur. Halbuki bu çox önəmli məsələdir. Sözsüz ki, bu proseslər ardıcıl olaraq davam edəcəkdir.
Sözügedən proqramla bağlı dəyərləndirmə apararkən 2 istiqaməti xüsusi vurğulamalıyıq. Birinci istiqamət özəl sektora dəstək proqramı ilə əhatələnib. Doğurdan da belə bir qərara çox ehtiyac vardı.
İkinci istiqamət isə sosial paketlərlə bağlıdır ki, bu da son dərəcə önəmli bir məqamdır. Sosial Tədqiqatlar mərkəzi olaraq biz koronavirus təhdidi yarandığı gündən ictimai rəyi öyrənirdik və bu rəydə əsas təhdid aspektlərindən biri məhz iqtisadi kontekstdən qaynaqlanan məsələlər idi. Ümumi rəy ondan ibarət idi ki, dünya ölkələrinin izolyasiyası Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çox yaxşı bir haldır ki, təklif edilən paketdə əhalinin bütün narahatlıqları öz əksini tapıb”.
Koronavirusla mübarizəyə 2.5 milyard yardım paketinin ayrılmasının MDB məkanında bir ilk olduğunu vurğulayan iqtisadçı deyib ki, bu ümumdaxili məhsulun 3,1fazini təşkil edir:
“İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib. Bu isə ümumdaxili məhsulun 0,3 faizini təşkil edir. Qırğızıstanda ÜDM 1 faizi həcmindədir. Özbəkistanda da bu göstərici bizdən azdır.
Amma onu deyim ki, effektiv antiböhran strategiyaları təkcə müəyyən miqdarda vəsaitin ayrılması ilə məhdudlaşmamalıdır. Eyni zamanda bu vəsaitlərin effektiv şəkildə idarə edilməsi ilə bağlı olmalıdır. Hesab edirəm ki, çox qısa vaxt ərzində dövlət proqramında nəzərdə tutulan yardımların icrasına başlanacaq.
Dövlət dəstəyi proqramının 4 strateji sektoru və 20 fəaliyyət istiqamətini əhatə etməsindən danışan S. Əliyev deyib ki, fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. Həmçinin 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək:
“İkinci proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı dardır. İqtisadi fəaliyyətə tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Bu iki proqramın əhatə dairəsinə baxılarsa, 2 vacib məqam vurğulanmalıdır. Birincisi, bu, biznesin dəstəyinə yönəlmiş proqramdır. Hər bir sahibkar üçün əmək haqqı fondu kifayət qədər əhəmiyyətli, bir çox hallarda böyük xərc istiqamətidir. Ona görə də dövlət burada birbaşa maliyyə dəstəyi ilə yardımını edir və bu əhəmiyyətli bir dəstəkdir. Eyni zamanda biznesə vergi güzəştləri və imtiyazlar veriləcək, ipoteka kreditləri dəstəklənəcək. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Ölkə Prezidentinin birbaşa tövsiyəsinə əsasən, dəstək proqramlarının hazırlanması zamanı, ayrılmış 1 milyard manatlıq vəsaitin çərçivəsi ilə məhdudlaşılmayıb və proqramlar daha geniş əhatəlidir.
Təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılmasınnın da yer alması müsbət haldır. Çünki karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq. Nəhayət mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq".