Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Şamaxının Şəhriyar qəsəbəsindən olan hərbi qulluqçu Vüqar Quliyevin Prezidentə məktubunda deyilir:
“Hörmətli cənab Prezident, hazırda dünyanı bürüyən koronavirus pandemiyasının Azərbaycana da təsirsiz ötüşmədiyi vaxtda Sizin yürütdüyünüz qabaqcıl və düzgün siyasət, vaxtında elan edilmiş karantin və aparılan islahatlar bu qlobal problemin ölkəmizə vurduğu zərərin minimuma endirilməsinə zəmin yaratdı.
Sizin insanlara göstərdiyiniz qayğı, diqqət və dəstək sayəsində bu problemin tezliklə bitəcəyinə inanır və bu yolda atılan hər bir addımınızı dəstəkləyirik. Xalqımız hər zaman Sizin yanınızdadır. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir.
Cənab prezident, Azərbaycana xidmət edən hərbi qulluqçu kimi Sizin həyata keçirdiyiniz məqsədyönlü tədbirləri izləyir və bununla fəxr edirəm. Azərbaycanın qonşu dövlətlərlə sərhəd rayonlarında koronavirus təhlükəsi tam nəzarətə götürülüb, bu bəlanın daha geniş yayılmasının qarşısı alınıb.
Bu tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Əvvəllər olduğu kimi, indi də biz birlikdə bütün çətinliklərin öhdəsindən üzüağ və şərəflə gələcəyik. Çünki biz birlikdə güclüyük!”