Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Şəki şəhərindən Rəna Ağabəyli Prezidentə məktubunda qeyd edir:
“Möhtərəm cənab Prezident, artıq bir neçə aydır, dünyanı lərzəyə gətirən koronavirus pandemiyasından minlərlə insan dünyasını dəyişib. Ayrı-ayrı ölkələrdə müşahidə olunan acınacaqlı vəziyyət insanı dəhşətə gətirir. Bu çətin vəziyyət ölkəmizdə də müşahidə oluna bilərdi, lakin Sizin uzaqgörənliyiniz və diqqətiniz sayəsində ölkəmiz İran, İtaliya, İspaniya kimi dövlətlərin vəziyyətinə düşməkdən xilas oldu. Məktəb və bir sıra müəssisələrin bağlanması, xüsusi karantin rejiminin tətbiq olunması, avtomobil yollarında hərəkətin məhdudiyyəti bu virusa yoluxmanın qarşısını almağa kömək etdi. Həmçinin tibb işçilərimizin, polis orqanlarında işləyən şəxslərin ayıq-sayıqlığı nəticəsində ölkəmizdə vəziyyət nəzarət altındadır. Hörmətli Cənab Prezident, bu çətin dövrdə Sizin və Mehriban xanım Əliyevanın bir illik əməkhaqqınızı pandemiya ilə mübarizə tədbirləri üçün yaradılmış fonda bağışlamağınız, minlərlə işsiz ailə üçün birdəfəlik yardımların göstərilməsi ilə bağlı sərəncamlarınız çox təqdirəlayiqdir. Bununla Siz ölkə əhalisinin qayğısına qaldığınızı bir daha sübut etdiniz. Bu xalq Sizə və Mehriban xanıma çox güvənir, çox inam bəsləyir. Əmin olun ki, biz həmişə Sizinləyik və Sizə daim minnətdarıq”.