Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Sumqayıt şəhərindən əməkdar müəllim Qətibə Əsədovanın ölkə başçısına məktubunda deyilir:
“Möhtərəm cənab Prezident, mən 70 yaşlı bir ana kimi Sizə və ailənizin hər bir üzvünə dərin sevgi və hörmətimi bildirmək istəyirəm. Bu il əmək fəaliyyətimi dayandırmışam. Buna baxmayaraq, Sizin və Mehriban xanımın istər işləyən vətəndaşlara, istərsə də təqaüddə olan yaşlılara diqqət və qayğınızı çox yüksək qiymətləndirirəm. Sizin yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən çox irəli gedərək, bu amansız pandemiyaya qarşı layiqli mübarizə apardı. Allaha şükürlər olsun ki, ölkəmiz Sizin sayənizdə bu bəladan az itkilərlə qurtulmaqdadır. Cənab Prezident, onu da bildirmək istərdim ki, Sizin xalqa, Vətənə olan sevginizin qarşılığı ümumxalq məhəbbətidir. Azərbaycanımız naminə gördüyünüz hər bir işə görə Sizə çox minnətdarıq. Allah Sizi qorusun!”.