“Müəllim avtomatın necə sökülüb-yığıldığını barmağı ilə göstərəsi deyil ki?!
“Əlbəttə, silah, plakat olmayanda dərslər də istənilən effekti vermir”
“Orta məktəblərdə hərbi hazırlıq dərslərinin tədrisi bərpa olunmalıdır”.
Bunu deputat Fazil Mustafa Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, bütün hallarda məktəblərdə Azərbaycan oğlanları hərbi dərs keçməlidir:
“Qızların isə şəfqət bacısı kimi yetişməsinə ehtiyac var. Hansısa məktəbdə əl qumbarası partlayandan sonra məktəblərdə hərbi dərslər yığışdırılıb. Amma bu dərslərin keçirilməsinə ehtiyac var. Biz müharibə şəraitində olan ölkəyik. Əsgərlərin sağlamlıq və savad göstəricisi çox aşağıdır. Biz onsuz da bu məsələni hərb yolu ilə həll edəcəyik. Amma xalqı buna hazırlamaq lazımdır. Bu olmasa, 1918-ci ildə olduğu kimi bəhanə gətirəcəyik ki, hazır deyildik. Buna yol verməmək üçün indidən yetişdirmək lazımdır”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında millət vəkilinin dedikləri ilə razılaşıb:
“Əlbəttə, müharibə şəraitində yaşadığımız bir vaxtda “Gənclərin çağıraşaqədərki hərbi hazırlığı” fənninin tədrisi Azərbaycan şagirdləri üçün olduqca vacibdir. Bu məsələ bir neçə dəfə müzakirə olunub.
Hazırda da Təhsil Nazirliyi səviyyəsində işlər davam edir. Ancaq biz gecikirik. Unutmaq olmaz ki, bu fənn gənclərdə hərbi biliklərlə yanaşı, həm də nizam-intizam, kollektivçilik ruhu yaradır. Mən təklif edirəm ki, hətta ali məktəblərdə də hərbi biliklər tədris olunsun. Bu, orta məktəbdə keçirilən proqramın davamı olmalıdır.
Çünki tələbə məzun olduqdan sonra hərbi xidmətə yollanır. O, nə qədər hazırlıqlı və bilikli olsa, döyüş tapşırığını da bir o qədər uğurlu yerinə yetirə bilər. Sovet dövründə ali məktəblərdə ehtiyatda olan leytenantlar hazırlanırdı. Bu, bərpa edilməlidir. Leytenant hazırlamaq şərt deyil, əsas məsələ ilkin hərbi biliklər verməkdir. Özü də təkcə oğlanlar yox, qızlar da həmin dərslərdə iştirak etməli, tibb bacısı olaraq yetişməlidirlər. Koronavirus pandemiyası da göstərdi ki, bizdə səhiyyə sahəsində çatışmazlıq var”.
Ş. Ramaldovun fikrincə, əsas problem məktəblərin bu fənn üzrə lazımi avadanlıqlarla təmin edilməməsidir:
“ADPU-də bu ixtisas üzrə kadr hazırlayan kifayət qədər təcrübəli və bacarıqlı müəllim var. Burada təhsil alan tələbələr gələcəkdə müxtəlif orta məktəblərdə şagirdlərə hərbi hazırlığın sirlərini öyrədə bilərlər. Problem ondan ibarətdir ki, məktəblərə kifayət qədər əyani vəsait verilmir. Müəllim avtomatın necə sökülüb-yığıldığını barmağı ilə göstərəsi deyil ki ?! Əgər məktəblərdə kifayət qədər avadanlıq olsa, müəllim də, şagird də dərsə həvəslə yanaşar.
Yeniyetmələrimizin məhəllədə oynadıqları oyunlar, həmçinin taxtadan silah düzəltmələri onların bu sahəyə kifayət qədər maraqlı olmalarını göstərir. Yəni şagirdlərin dərsdən yayınmasının yeganə səbəbi dərsin maraqlı keçməsini təmin edən əyani vəsaitlərin yoxluğudur. Məncə, bu fənn orta satlardan birinə salınmalıdır.
Çünki digərlərindən fərqli olaraq “Gənclərin çağırışaqədərki hərbi hazırlığı” daha hərəkətli, dinamik fənndir. Yəni belə olan təqdirdə şagirdlər müəyyən qədər süstlükdən azad ola, zehinlərinə istirahət verə bilərlər”.
Polkovnik, həmçinin vurğuladı ki, bu fənnin tədrisi müasir dövrün tələblərinə cavab verməlidir: “Təkcə avtomatdan atəş açmaqla iş bitmir. İndi çox bacarıqlı əsgər hazırlaya bilən komputer proqramları var. Həmin proqramları da tədrisə gətirmək lazımdır. Uşaqlar internet klublarda müharibə oyunları oynayırlar. Əslində yaxşıdır. Sadəcə bunu daha məqsədəuyğun hala gətirmək lazımdır”.
Təhsil eksperti Nabatəli Qulamoğlu da düşünür ki, əyani vəsaitlərin olmaması ciddi narahatlıq yaradır:
“Uzun illərdir, orta məktəbdəki silahlar yığışdırılıb. Başa düşmürlər ki, onlar tədris üçündür. Əlbəttə, silah, plakat olmayanda dərslər də istənilən effekti vermir”.
N.Qulamoğlunun sözlərinə görə, müəllimləri ittiham etmək səhvdir:
“Əksinə, təcrübəmə əsasən deyə bilərəm ki, “Gənclərin çağırışaqədərki hərbi hazırlığı” fənnini tədris edənlər daha nizam-intizamlı olurlar. Çünki onlarda az-çox hərbiçilik xarakteri, dəqiqlik, qətiyyət var. Məsuliyyətsizlik məsələsi isə nisbidir. Belə ki, bəzən digər fənnləri, o cümlədən riyaziyyatı, Azərbaycan dilini tədris edənlər də dərsə biganə yanaşırlar. Bu, fənn yox, müəllim məsələsidir”.