Moskva GÖRÜŞÜ ! – Müharibəyə davammı, tamammı ? – AKTUAL ŞƏRH 

Elşad Mirbəşiroğlu: “...Budəfəki zərbə daha ağır olacaq. Ermənistan bir daha özünə gələ bilməcəyək"

Əziz Əlibəyli:“Düşmən növbəti dəfə tarixi məğlubiyyət və dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşə bilər”


Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.



Görüşü “Sherg.az”a şərh edən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib ki, münaqişənin mövcudluğu dövründə Azərbaycana dost olan ölkələr konkret mövqe sərgiləsələr də, Ermənistan təcavüzkar siyasətdən əl çəkməyib:

"Məhz təcavüzkar ölkənin işğalçılıqda israrlı olması regionda genişmiqyaslı müharibəyə gətirib çıxardı və nəticədə özü ağır məğlubiyyətə uğradı. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi. Bu gün də Azərbaycanın, həmçinin qardaş Türkiyənin mövqeyi ondan ibarətdir ki, region ölkələrinin iştirakı ilə əməkdaşlıq platforması yaradılsın.

Azərbaycan və Türkiyə regional təhlükəsizlik sisteminin yaradılması üçün bütün imkanları nəzərdən keçirir. Bu əməkdaşlıqda heç bir qonşusu ilə yola getməyən Ermənistanın da iştirakına razıdırlar. Ermənistan əməkdaşlıq paltformasında iştirak edərsə, hər şeydən öncə özünü qorumuş olacaq. 44 günlük "Vətən müharibəsi" Ermənistanı əhəmiyyətli dərəcədə məhv etsə də, onlar bundan nəticə çıxarmalıdır. Zəif Ermənistan acınacaqlı vəziyyətdədir.

Bütün başqa yollar Ermənistanı tamamilə məhvə aparacaq. Bu yaxınlarda Ermənistan XİN-i Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdi, belə hallar yolverilməzdir. Analoji vəziyyət bir daha yaşanarsa, təxribat həyata keçirilərsə, budəfəki zərbə daha ağır olacaq. Ermənistan bir daha özünə gələ bilməcəyək".

Deputat vurğulayb ki, ermənilər həmişə irticacı, dağıdıcı olublar, heç vaxt nədənsə nəticə çıxarmayıblar:

"İnanmıram ki, ermənilər sağlam məntiqə söykənib reallığı dərk etsinlər. Onlar məhvolma təhlükəsi ilə üz-üzə olmaqlarına rəğmən, dağıdıcı mövqeylərini kənara qoymurlar.

Ermənilərin başının üzərində obrazlı desək, "Domokl qılıncı" olmasa, sakit dayanmayacaqlar.

Biz onları kapitulyasiya sənədi imzalamağa məcbur etdik. Ermənilər isə əsassız iddialarından əl çəkmədilər. Düşmənin xislətinə bələdik. Onlar hər zaman Azərbaycan xalqının iradəsini, gücünü hiss etməlidirlər".



Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli diqqətə çatdırıb ki, Azərbaycan -Ermənistan münasibətləri Dağlıq Qarabağa yanaşmada ziddiyyət təşkil edir. Onun sözlərinə görə, bu prosesdə 2 məsələ var:

"Dağlıq Qarabağdakı ermənilərlə bağlı problem sülhməramlıların üzərindədir, Ermənistanla isə əlahiddə münasibətlərdir. Şübhəsiz, Ermənistan hakimiyyəti yenə ikili oynayır. Paşinyan digər ölkə rəhbərlərindən daha fərqli, rasional düşünə bilir. Ən azından Qarabağ problemini Ermənistanın üzərindən atıb, Rusiyanın öhdəliyinə buraxması bunun təzahürüdür.

İkincisi, Azərbaycandan Ermənistana təhlükəsiz səfər təmin edilmədikcə azərbaycanlıların Ermənistana vizasız səfəri inandırıcı xəbər kimi görünmür. Ölkələr arasında tanıma və sülhlə bağlı müqavilə yoxdur. Düşünürəm ki, bu, Azərbaycanı “ofsayt”da qoymaq məqsədi daşıyan təxribatdır. Onlar bu düşüncəylə göstərmək istəyirlər ki, sülhə maraqlıdırlar.

Əlbəttə ki, vizasız təklifə Azərbaycan vətəndaşları "yox" deyəcək. Ermənistan vətəndaşlarının gəlişiylə bağlı isə hesab edirəm ki, problem yaşanmayacaq. Çünki iki ölkə arasında tanınma olmasa da, müharibə elanı ilə bağlı hüququ sənəd də yoxdur. Odur ki, bunu Ermənistan tərəfinin növbəti diplomatik gedişi, Azərbaycana qarşı təzyiqi kimi göstərmək olar".

Ə.Əlibəyli onu da əlavə edib ki, Ermənistanın inkişafı Azərbaycandan asılıdır:

"Baş nazir Nikol Paşinyanın özü də açıqlama vermişdi. Bu, Zəngəzurdan Zəngilanla Naxçıvan arasındakı dəhlizin bərpa edilməsi iqtisadi dəhliz deməkdir. Məsələn, Gürcüstan yolu ilə Bakı-Tbilisi-Ərzurum, Bakı -Tblisi-Ceyhan xətlərini nümunə göstərmək olar. Mehri dəhlizindən keçməklə bizə 2-3 dəfə daha qısa məsafə qazandırır.

Ağıllı erməni hakimiyyəti olsa, maliyyə baxımından  keçiddən pul qazana, eyni zamanda iqtisadi layihələrdə iştirak edə bilərlər. Bu imkanı onların əlindən heç kim almır, düşünmək lazımdır.

Azərbaycana qarşı ərazi iddiasını unutmalı, Türkiyə ilə münasibətləri normallaşdırmalı, nağıl, qondarma erməni soyqrımı iddialarından da əl çəkməlidirlər.

Bu regionda Azərbaycan və Türkiyəsiz normal Ermənistan dövləti yaratmaq mümkün deyil. Əks halda növbəti dəfə tarixi məğlubiyyət və dövlətçiliklərini itirmək təhlükəsi ilə üzləşə bilərlər".