44 günlük İkinci Qarabağ savaşından məğlub durumda çıxan işğalçı Ermənistan ordusunun son aylar Kəlbəcər və Laçın istiqamətindəki mövqelərimizi atəşə tutması halı müşahidə olunurdu. Azərbaycan Müdafiə Nazirliyi düşmən təxribatları barədə davamlı açıqlamalar verirdi. Daha sonra işğalçı ölkə vəziyyəti bir az da dramatikləşdirmək məqsədilə Şuşada Azərbaycan hərbçilərinin üzərinə qumbara ataraq terror aktı törətdi. Bu azmış kimi noyabrın 15-16-da Kəlbəcər və Laçın istiqamətində strateji post və yüksəkliklərimizə hərbi basqınlar həyata keçirərək növbəti təxribata əl atdılar.
Şübhəsiz ki, düşmənin bu cəhdi “bardağı daşıran son damla” oldu. Məhz həmin hücumlardan sonra müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatı yerinə yetirərək düşmənə növbəti sarsıdıcı zərbəni endirdi. Azərbaycan-Ermənistan sərhədində tərəflərin artilleriya və döyüş texnikası da istifadə etdiyi atışmalarda qarşı tərəf ağır itkilər verdi. Rəsmi İrəvan bu döyüşlər nəticəsində 6 nəfərin öldüyünü, 13 nəfərin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirib. Noyabr döyüşləri 44 günlük savaşdan sonra baş verən ilk genişmiqyaslı döyüşlər kimi xarakterizə olundu.
Əslində isə bu döyüşlərin “toxumu” hələ bu ilin may ayında düşmənin Qaragöl ətrafında törətdiyi insident zamanı səpilib. Niyyət sərhədlərin demarkasiya və delimitasiyasına mane olmaq, Zəngəzur dəhlizinin açılmasını sabotaj etmək idi. Bir sözlə, Qaragöl ətrafındakı insidentlə Noyabr döyüşlərinin senarisi eynilik təşkil edir. Gəlin, Qaragöl və Noyabr döyüşlərinin, eləcə də bu döyüşlər fonunda Ermənistan tərəfinin Rusiya, bir sıra Avropa ölkəsi və beynəlxalq təşkilatlara müraciətləri, o müraciətlərə aldıqları cavabların kodlarını açaq.
Heç kimə sirr deyil ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli - Azərbaycan, Rusiya və Ermənistan - bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd bölgələrində Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilib. Bu proses adi rejimdə və sistematik qaydada icra edilib. Amma işğalçı ölkə həmişə olduğu kimi yenə də haray-həşir ritorikasını işə salıb. Ermənilər Azərbaycan-Ermənistan sərhədində demarkasiya, delimitasiya prosesi ilə bağlı Qaragöldə süni insident yaradaraq, Azərbaycanın haqq işi ilə bağlı “təxribat”a əl atdı. Bir sözlə, Azərbaycanın öz sərhədlərini tarixi xəritələr əsasında müəyyən etməsi düşməni əməlli-başlı əndişələndirib.
Bu üzdən dezinformasiya maşınını hərəkətə gətirən Ermənistan mediası manipulyasiya ilə məşğuldur. Məsələn, Baş nazir Nikol Paşinyana yaxınlığı ilə seçilən, rəhbəri erməni olan fransızdilli sayt “armenews.com” Qaragöl insidenti ilə bağlı yazır ki, guya, Azərbaycan Ordusu Sünikə daxil olduqdan sonra “təxribat”a əl atıb. “Hadisə”nin Gorus qəsəbəsindən təxminən 10 kilometr şimalda, bir dağlıq ərazidə baş verdiyi qeyd olunur. O da vurğulanır ki, N.Paşinyan məlum vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Baş nazir və yerli hökumət nümayəndələrinin bildirdiyinə görə, 250-yə yaxın Azərbaycan əsgəri Qaragölə çatıb. Azərbaycan qoşunları Verişen kəndinə doğru üç kilometrdən çox irəliləyib və hazırda Sünik və Geğarkunik vilayətlərinin bir hissəsində qalır.
Zəruri qeyd: Qaragöl dövlət təbiət qoruğu - Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yerləşən və hazırda Ermənistanın işğalı altında olan qoruqdur. Qoruğun sahəsi 240 hektardır. Həmin qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli Qərarı ilə yaradılıb. Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Lakin mənfur qonşularımız olan ermənilər onu ələ keçiriblər. Hazırda isə həmin ərazilərin xəritələrə əsasən Azərbaycana qaytarılması prosesi aparılır.
***
Bundan başqa, sayt hərbi və siyasi palitranı daha da tündləşdirərək döyüşlərin başladıldığını yazıb, amma N.Paşinyan döyüş şayiələrini təkzib edib.
O qeyd edib ki, həmin ərazidə heç bir atəş açılmayıb. Əlbəttə, N.Paşinyanın bu xəbəri dərhal təkzib etməsi təsadüfi deyil. Onsuz da məğlub durumda olan bir ölkə, “ordu” qüdrətli Azərbaycan Ordusu ilə yenidən "plasdarma" atıla bilməz. Bunu Ermənistanda 7-dən 70-ə hər kəs bilir, anlayır. İşğalçı ölkə ona gedərsə, bu, N.Paşinyan siyasi hakimiyyətinin, eləcə də Ermənistan dövləti və cəmiyyətinin siyasi, hərbi intiharı deməkdir. Bu mənada, ölmüş erməni əsgərlərinin məzarını ziyarətə gedərkən qovulan N.Paşinyan həmin xəbərin Ermənistan cəmiyyətində hansı neqativ assosiasiya və ajiotaj doğuracağını yaxşı anlayıb və məlumatı isti-isti inkar edib.
Həmçinin “fake” xəbərlərə ara verməyən Ermənistan mətbuatı təhdid və əzələ nümayişi intonasiyasını gücləndirərək iddia edib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi prosesinə dair danışıqlarda, Ermənistanda yerləşdirilən Rusiya qoşunları da iştirak edib. Və guya onlar Azərbaycan tərəfini geri çəkilməyə məcbur edib. Amma bu xəbəri tirajlayan “armenews.com” saytı yerindəcə təkzib verərək Rusiya ordusunun bu məlumatı təsdiqləmədiyini yazıb. Axı Rusiya Azərbaycanın əlində hərbi, siyasi xəritələrin olduğunu gözəl anlayır. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, böyük ehtimal Rusiya XİN başçısı Sergey Lavrovun Bakı səfərində bağlı qapılar arxasında demarkasiya və delimitasiya məsələləri ətrafında ciddi müzakirələr aparılıb və vəziyyətdən Rusiyanın baş diplomatı agah olub. Rusiya ordusunun isə bu xəbəri inkar etməsi hər halda prosesin Azərbaycanın xeyrinə inkişaf etdiyi ehtimalını ortaya qoyur.
***
İşğalçılıq siyasətindən dolayı hər dəfə çətinə düşdükcə Rusiyaya zəng açmağa adət etmiş erməni rəsmiləri Qaragöl insidentində də “presedentlərinə" sadiq qalıblar.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Harutyunyan rusiyalı həmkarı Sergey Şoyquya telefon açıb. Ermənistan Müdafiə Nazirliyi bu danışıqların məzmunu barədə olduqca lakonik açıqlama verib:
“Nazirlər Qarabağ zonasındakı vəziyyəti və "qarşılıqlı maraq doğuran digər məsələləri" müzakirə etdilər.
Məlum açıqlamadan da proqnozlaşdırmaq olar ki, separatçı ölkənin müdafiə naziri S.Şoyqu ilə danışıqlardan əliboş ayrılıb. Görünür, S.Şoyqu da erməni həmkarına onun istədiyi cavabı verməyib. Əks halda “S.Şoyqu Ermənistanın ərazi bütövlüyünü dəstəklədi” sərlövhəli materiallar Ermənistan media quruluşlarının manşetini bəzəyərdi. Amma məlum danışıqdan sonra verilən solğun və öləzimiş açıqlama Ermənistanın növbəti təhriketmə çabalarının baş tutmadığının aydın təzahürüdür.
Ardınca, Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı reallaşıb. Bu danışıqlar barədə mətbuata olduqca “ütülü” açıqlama verdilər:
“Ayvazyan cənab Lavrovu Ermənistan sərhədində baş verən son hadisə barədə məlumatlandırdı”
S.Lavrovun məsələyə münasibəti barədə isə bir söz, bir cümlə belə yoxdur. Niyə? Çünki S.Lavrovun Bakı səfərindən öncə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan səfərində “Biz Zəngəzur dəhlizini açmalıyıq və açacağıq, heç bir maneə bizim qarşımızı kəsə bilməz” mesajını verdi. Əlbəttə, bu, epizodik bir ismarış deyildi. Lazımi hədəflərə ulaşan ultimatum idi və görünür, mesaj öz ünvanına çatıb. Bir sözlə, Kreml də mesajı alıb. Artıq iqtisadi, siyasi sanksiya və kataklizmlərin məngənəsində boğulan Rusiya nəticə çıxardı. Həm rəsmi Bakının polad iradəsi, həm qardaş Türkiyənin daim Azərbaycanın yanında olması, ölkəmizə qardaş dəstəyi verməsi, həm də Rusiyanın həmsədrlik statusu və Zəngəzur dəhlizi ilə bağlı maraqlarından irəli gələrək ən azından tərəf tutmadan neytrallığı qorumaq missiyası Moskvanı ehtiyatlı addım atmağa məcbur edir. Məhz ona görə də Rusiya işğalçını himayə etməyin özü üçün baş ağrısı ola biləcəyini anladı və anlayır.
Məlumat üçün bildirək ki, Ermənistan rəsmilərinin rusiyalı həmkarlarına telefon zənglərini N.Paşinyan sözügedən vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının təcili iclasında tələb kimi qoyub.
***
Bundan əlavə, N.Paşinyan Azərbaycan Ordusunun 16 mayda 15 min əsgərin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçiriləcəyini elan edərək bildirib ki, müvafiq dövlət qurumları KTMT ilə məsləhətləşmələrə başlamalıdır. Ordumuzun genişmiqyaslı təlimlərindən təlaş keçirən N.Paşinyan vurğulayıb:
“Mövcud vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2-ci maddəsinin 2-ci bəndinə tamamilə uyğundur. Yəni bir və ya daha çox üzv dövlətin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və suverenliyi üçün təhlükə olduğu təqdirdə üzv dövlətlər məsləhətləşmələr mexanizmini işə salır, təhlükəni aradan qaldırmaq üçün tədbirlər hazırlayıb qəbul edirlər”.
Heç kimə sirr deyil ki, KTMT Ermənistanın sonuncu “dayanacağıdır”.
Qeyd: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (TSC) 7 oktyabr 2002-ci ildə qurulmuş bir siyasi-hərbi təşkilatdır. Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanı birləşdirir. Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçirilib. Toplantıya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidenti, Türkmənistan liderləri, həmçinin Macarıstanın Baş naziri Viktor Orban qatılıblar. Türkmənistan da Şurada müşahidəçi statusunda qatılıb.
Zirvə toplantısında adıçəkilən dövlətlərin liderlərinin imzası ilə Azərbaycanın İkinci Qarabağ savaşındakı tarixi qələbəsinə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Beləliklə KTMT-də təmsil olunan Qazaxıstan və Qırğızıstanın türk dövləti olduğunu və Azərbaycan prezidentinin qalib lider kimi təltif edildiyi “Türk Dünyasının Ali Ordeni”nə imza atdığını nəzərə alsaq, Ermənistanın KTMT-yə ümid bəsləməsinin əbəs olduğunu proqnozlaşdıra bilərik. Qazaxıstan və Qırğızıstanın məlum imzası həm də Ermənistanın KTMT tərkibində işğalçı ölkə kimi tanınmasının bariz sübutu idi.
***
Bütün proseslər dalan nöqtəsinə dirənəndə N.Paşinyan və onun tərəfdarları KTMT-yə sığınmağa çalışır, ondan kömək, mədət umur.
N.Paşinyanın məlum göstərişindən sonra Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan, ardınca isə keçmiş XİN başçısı Ara Ayvazyan KTMT baş katibi Stanislav Zasla telefon əlaqəsi yaradıblar.
S.Zasın cavabı isə düşməni tamamilə məyus edib:
"Həmsərhəd bölgələrdə vəziyyət ciddi şəkildə izlənilir. Lazım gələrsə, vəziyyətin inkişafı ilə bağlı KTMT-nin Nizamnaməsinə uyğun olaraq tədbirlər görüləcək".
Gəlin, KTMT baş katibinin açıqlamasındakı fikirlərini siyasi dildən "tərcümə edək".
“Prosesi yaxından izləyirik, lazım gələrsə, tədbir görüləcək”. Deməli, aydındır ki, KTMT “vəziyyətdən haliyik” deyir. Bildirir ki, Azərbaycan qanunsuz, qeyri-leqal, qeyri-juridik addım atmış olsa idi, KTMT müdaxilə edərdi. İndiki situasiyada isə Ermənistan ərazisinə heç bir müdaxilə yoxdur, müəyyən edilən sərhədlər Azərbaycanın əzəli torpaqlarıdır.
Bir sözlə, artıq Rusiya vassalı olan və revanşist hisslərlə alışıb-yanan Ermənistanı işğal faktorunun rəvac verdiyi siyasi və iqtisadi bataqlıqdan çıxara bilmir və ya buna artıq diplomatik həvəs göstərmir. Onu da yaddan çıxarmaq olmaz ki, bu təkcə Rusiyanın “Soros cocuğu” olan N.Paşinyana dərsi deyil, həm də baş naziri və Ermənistanı "siyasi meyit" halına salan Azərbaycan diplomatiyasının təntənəsidir.
***
Bununla yanaşı, bildirək ki, mayın 14-də Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə “kremlin.ru” xəbər yayıb. Məlumata görə, söhbət əsnasında Qarabağ ətrafında vəziyyətin müzakirəsinə davam edilib.
Ermənistan-Azərbaycan sərhədindəki son insidentlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə, atəşkəs rejiminə riayət edilməsinə ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.
Məhz bu zəngdən və N.Paşinyanın zənglərindən dəng olmuş V.Putinin məlum cavabından sonra aydın oldu ki, mövcud durumla bağlı işğalçı ölkənin Rusiyanı proseslərə təhriketmə niyyəti fiaskoya uğradı...
Amma məlum vəziyyət N.Paşinyan və Ermənistandakı bəzi rəsmi dairələr üçün daxildə siyasi dividendə çevrildi. N.Paşinyan rəsmi Moskvaya sıx tellərlə bağlı olan “Qarabağ klanı” üzərində qələbə qazanmaq üçün Rusiyanın proseslərə “Fransız qaldığını”, yəni susduğunu açıqladı. “Qarabağ klanı”nın aparıcı üzvlərini və tərəfdarlarını “küncə sıxışdırdı”.
Digər tərəfdən “İkinci Qarabağ savaşındakı məğlubiyyətə görə öz ölkəsində daim səslənən “Paşinyan üzünü Rusiyaya çevirməli idi” iddialarına cavab olaraq bəyan etdi:
- Üzümü Kremlə çevirdim, yardım etmədilər. Mən də Qərbə inteqrasiya yolunu tutdum. Yəni N.Paşinyan delimitasiya, demarkasiya proseslərini özünün ambisiya və manevrləri üçün “bufer”ə çevirir ki, bu da siyasi spekulyasiyadan başqa bir şey deyil.
***
Yada salaq ki, Qaragöl insidenti ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan və digər erməni rəsmilərin Rusiya lideri və rəsmilərinə, eləcə də Fransa, İtaliya və bir sıra Avropa ölkəsi rəsmilərinə müraciəti Noyabr döyüşlərində də təkrarlandı. Aldıqları cavab isə aşağı-yuxarı eyni oldu. Məsələn, Ermənistan başda Rusiya olmaqla KTMT ölkələrinə müraciət etdikdə dərhal cavab verildi: “Öncə Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesini sona çatdır. Biz Ermənistanın sərhədlərinin haradan başladığını müəyyən edək. Belə olan halda Azərbaycan sərhədləri pozarsa, müdaxilə edə bilərik. Əks halda KTMT ölkələrinin hərəkətə keçməsi mümkünsüzdür”. Məhz bu cavabın özü də işğalçını delimitasiya və demarkasiyaya məcburetmədir. Bu məsələdə isə rəsmi Moskva Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə məcburdur. Çünki Kreml NATO üzvü olan Türkiyənin, eləcə də Qərbin təşəbbüsü ələ almasına imkan vermək istəmir. Fikir verin, ABŞ-Avropa İttifaqı tandemi ilə Rusiyanın rəqabəti mina xəritələrinin Azərbaycana verilməsi məsələsində də özünü büruzə vermişdi. Ağdamın mina xəritələri Qərbin təşəbbüsü ilə geri qaytarıldı. Rusiya buna cavab kimi Zəngilan və Füzulinin mina xəritələrinin Azərbaycana verilməsinə nail oldu. İndiki məqamda da Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşündən öncə Rusiyanın Soçi görüşünü təşkil etməsi onun ciddi əndişələndiyini bir daha ortaya qoydu. Bütün bunlar isə deməyə əsas verir ki, sərhədlərin müəyyən edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı saatın əqrəbləri Azərbaycanın xeyirinə işləyir.
Bir sözlə, revanşist ölkə KTMT və Avropa Birliyi ölkələrini “oyuna” çəkib, vəziyyəti Azərbaycanın əleyhinə dəyişə bilmədi.
Baxın, Noyabr döyüşlərindən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəngi, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələrin bəyanatları – hamısında narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb. Azərbaycan region və dünyaya sülh "ixrac edən" bir ölkə olaraq bu fikirlə tam razıdır. Məsələyə münasibət bildirən təşkilatların, dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Rəsmi Bakı artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir. Əksinə, həmin ölkələri şantaj etməklə məşğul olur.
Bütün hallarda N.Paşinyan Prezident İlham Əliyevin “Odla oynamasınlar, Dəmir Yumruq həmişə yerindədir” ismarışından nəticə çıxarmalı və siyasi şoularına son qoyaraq sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin açılması prosesinə mane olmamalıdır. N.Paşinyanın “güvənc” yeri olan Fransa başda olmaqla bəzi Avropa ölkələri, Rusiya və KTMT tərkibindəki dövlətlərin reaksiyalarını nəzərə alaraq proqnozlaşdıra bilərik ki, siyasi, hərbi və iqtisadi cəhətdən dalana dirənmiş Ermənistanın sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması, nəqliyyat və logistika layihələrinin işə düşməsinə razılıq verməkdən başqa çıxış yolu qalmayıb. Bu ilin 26 noyabrında Rusiyanın təşəbbüsü ilə Soçidə Azərbaycan lideri İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Soçidə baş tutan görüş, Soçi bəyanatı dediklərimizin sübutu hesab oluna bilər. Bir sözlə, məlum görüşdə sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də Zəngəzur dəhlizinin açılmasına dair razılıq əldə olunub. Prezidentin 7 iyul 2021-ci il Fərmanı ilə Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil odluğu Qarabağ iqtisadi rayonunun yaradılması və sərhədlərin müəyyən olunması faktları adıçəkilən rayonların bir güllə belə atılmadan Azərbaycanın tərkibinə qaytarılması deməkdir. Bu isə praqmatik siyasi fəhmin məhsuludur.