Ümumi hərbi çağırış ləğv edilsin: “Professional orduya keçək”

“Silahlı qüvvələrimiz Türkiyə standartlarına uyğunlaşmalı, mobilləşməlidir”

“Belədə ayırılan vəsaitə xeyli qənaət etmiş olarıq”


 “Hərbçilərimizin maaşı 3 qat artırılsın!”.
 Bu təkliflə öz Feysbuk hesabında Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu çıxış edib. 
O qeyd edib ki, bu addım 26 iyun ordu gününə ən gözəl hədiyyə olar.

İqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında səslənən təklifə münasibət bildirdi: 

“Əlbəttə, DYP işçilərinin vətən üçün canlarından-qanlarından keçməyə hazır olan hərbçilərdən dəfələrlə artıq maaş alması haqlı narazılığa səbəb olur. Məsələ ondan ibarətdir ki, ölkədə əksər güc strukturları cərimələmək səlahiyyətlərinə malikdirlər. Beləliklə, sosial müdafiəni yaxşılaşdırmaq adı ilə dövlət büdcəsindəki maaşdan  əlavə pul alırlar. Bu, bəzən onların qanuni maaşlarından dəfələrlə artıq olur. Əlbəttə, büdcə imkan verdikcə güc strukturlarının, o cümlədən ordunun sosial rifahını yaxşılaşdırmaq dövlətin vəzifəsidir”.

N.Bəydəmirli, həmçinin çıxış yolunu göstərdi:

“Professional orduya keçmək, müqavilə əsasında xidmətə üstünlük vermək lazımdır. Sovet dövründən qalma ümumi hərbi çağırış ləğv edilməlidir. Silahlı qüvvələrimiz Türkiyə standartlarına uyğunlaşmalı, mobilləşməlidir. Belədə ayırılan vəsaitə xeyli qənaət etmiş olarıq”.