Azərbaycan dünya silah bazarında: Zərbə PUA-ları gəlir...

“Rəsmi Ankara ilə rəsmi Bakı arasında yeni əməkdaşlıq layihələri çərçivəsində Azərbaycanda zərbə PUA-ları istehsalı üçün fabrik üzərində işləyirik”. 
Bu barədə Antalya Diplomatiya Forumunda çıxışı zamanı Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Dəmir məlumat verib.
“Madam ki, Azərbaycan haqqında “bir millət, iki dövlət” deyirik, düşünürük ki, belə də davranmalıyıq. PUA nümunəsini götürək. Orada bir PUA fabrikinin yaradılması nə qədər təsirli olardı, mənbələrimizdən çox səmərəli istifadə etməliyik”.

Hərbi ekspert Ramil Məmmədli Azərbaycanın silah bazarında uğur qazana bilib-bilməyəcəyinə dair fikirlərini “Sherg.az”la bölüşüb.
O, bildirib ki, Azərbaycan müdafiə sənayesi kompleksi yarandığı ilk dövrlərdə rəqəmsal sistem və müasir texnologiyalara əsasən hərbi təyinatlı məhsulların istehsalını qarşısına məqsəd qoyub:

“Bunlardan biri də PUA-ların yaradılması idi. Dövlətimiz bu istiqamətdə İsrail şirkətləri ilə əməkdaşlıq etdi və “AZAD Systems” adlı şirkət yaradıldı. Həmin şirkətin istehsal müəsissəsində orbitor PUA-larının istehsalı həyata keçirilməyə başlandı. 2016-cı ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrində zərbə PUA-larının yaradılmasına başladı. Ümumiyyətlə, Nazirliyin bazalarında yaradılan bir çox məhsul dünyanın müxtəlif  ölkəsi üçün nümunə hesab oluna bilər. Dövlətimiz qısa müddətdə silah bazarına milli silahlarımızı təqdim etdi”.

R.Məmmədlinin sözlərinə görə, bu gün PUA-larımız dünya bazarına çıxarılıb:

“Azərbayca Silahlı Qüvvələrinin PUA parkı var. Burada İsrailin “Heron”, “Hermes”, “Harop” PUA-ları yer alır. Eyni zamanda Türkiyədən alınan silahlı PUA-ları da qeyd etmək olar. Parkda əsas yerlərdən birini də Azərbaycan Müdafiə Sənayesi Nazirliyində yaradılan PUA-lar tutur. Nəzərə almalıyıq ki, Azərbaycan bu sahədə yenidir. Lakin əsas məqsəd yaradılma prosesinin həyata keçirilməsidir. Bu gün də həmin proses davam etdirilir”.